SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyevdən önəmli mesajlar

© Official website of President of Azerbaijan RepublicВыступление Ильхама Алиева на общереспубликанском совещании в Гахе
Выступление Ильхама Алиева на общереспубликанском совещании в Гахе - Sputnik Azərbaycan
Abunə olmaq
Qaxda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində Azərbaycan prezidenti İlham Əliyev gələcək planlardan bəhs edib

BAKI, 4 avgust — Sputnik. Nəinki Balakən, Zaqatala və Qaxda, bütün şimal-qərb zonasında çox sürətli inkişaf gedir.

Sputnik Azərbaycanın məlumatına görə, bunu Qaxda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində Azərbaycan prezidenti İlham Əliyev deyib.

Onun sözlərinə görə, bu bölgəyə həm dövlət, həm özəl sektor tərəfindən çox böyük investisiyalar qoyulur. Əsas investisiya qoyuluşunun payı isə dövlətin üzərinə düşür.

"Son illərdə bu bölgəyə yolların, elektrik stansiyalarının tikintisi, qazlaşdırma, su təchizatı, suvarma məsələləri, sosial obyektlərin inşası ilə bağlı Azərbaycan büdcəsi hesabına çox böyük investisiyalar qoyulub. Məktəblər, xəstəxanalar, sosial obyektlər, idman kompleksləri, turizm obyektləri – bir sözlə, bu gün ölkəmizin şimal-qərb zonası öz sürətli inkişaf dövrünü yaşayır, perspektivləri də çox müsbətdir. Əminəm ki, verilən tapşırıqların yerinə yetirilməsi nəticəsində gələcək illərdə bu müsbət dinamika daha da güclənəcək" — deyə Əliyev bildirib.

Şimal-qərb bölgəsində tütünçülük, baramaçılıq və fındıqçılığın əsrlər boyu inkişaf etdiyini vurğulayan dövlət başçısı deyib ki, mövcud olan torpaq şəraiti, torpağın münbitliyi, iqlim, coğrafi vəziyyət, xarici bazarlara yaxın olmağımız və qədim İpək yolu üzərində yerləşməyimiz, bu sahələrin inkişafına təkan verib.

Prezident İlham Əliyevin sədrliyi ilə barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi - Sputnik Azərbaycan
Prezident Qaxda müşavirə keçirir

"Azərbaycan xalqı əsrlər boyu bu sahələrdə çalışırdı və yaxşı nəticələr əldə edirdi. Statistikaya baxdıqda görürük ki, tütünçülüyün, baramaçılığın, fındıqçılığın ən uğurlu və sürətli inkişaf dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun fəaliyyəti nəticəsində 1970-1980-ci illərin əvvəllərində bu sahələrdə böyük inkişaf təmin edilib. O vaxt bu sahələrdə görülən işlər deməyə əsas verir ki, biz bu gün bu sahələri uğurla bərpa edə bilərik. Nəinki bu sahələr, kənd təsərrüfatının pambıqçılıq, üzümçülük və digər sahələri də Heydər Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edib. Biz bu ənənəvi sahələri bu gün bərpa edirik. Bugünkü müşavirənin əsas məqsədi ondan ibarətdir ki, görülmüş işlərə yekun vuraq, çünki son iki il ərzində bu sahələrin inkişafı üçün çox böyük işlər görülüb. Eyni zamanda, gələcək fəaliyyətimiz üçün konkret tədbirlər planı hazırlayaq. Dövlət proqramları da qəbul ediləcəkdir ki, bu ənənəvi sahələr Azərbaycanda daha geniş vüsət alsın" — deyə Əliyev bildirib.

O, ulu öndər Heydər Əliyev Azərbaycandan Moskvaya gedəndən sonra bu və digər sahələrdə Azərbaycanın tənəzzüllə qarşılaşdığını, nəticədə ölkə iqtisadiyyatının, sənayenin çox ağır vəziyyətə düşdüyünü qeyd edib.

"Müstəqilliyimizin ilk illərində isə antimilli qüvvələr — AXC-Müsavat cütlüyü ölkəmizi demək olar ki, məhvə aparırdı. Həm siyasi böhran, hərbi böhran, vətəndaş müharibəsi, torpaqlarımızın işğal altına düşməsi, eyni zamanda, onların səriştəsizliyi və savadsızlığı ucbatından ənənəvi kənd təsərrüfatı sahələri artıq tənəzzülə uğradı, sənaye istehsalı da həmçinin. O vaxt inflyasiya min faizlərlə ölçülürdü və ölkənin perspektivləri çox qaranlıq idi. Ulu öndər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıdandan sonra 1993-cü ildən başlayaraq ölkəmizdə sabitlik təmin edildi, bütün qanunsuz silahlı birləşmələr tərksilah edildi, qayda-qanun yaradıldı, xaosa, anarxiyaya, hərc-mərcliyə son qoyuldu və Azərbaycan sabitlik dövrünə qədəm qoydu" — deyə prezident bildirib.

O vaxt böyük maliyyə imkanlarımızın olmadığını deyən Əliyevə görə, Azərbaycan dünyada çox riskli bir ölkə kimi tanınırdı. Ona görə, ilk növbədə, ölkəmizi dünyada tanıtmaq, investisiyaları cəlb etmək məqsədi qarşımızda durmuşdu və bu məqsədə nail olundu: ""Əsrin kontraktı"nın imzalanması bunun bariz nümunəsidir. O vaxt Azərbaycana böyük investisiya axınını təmin edən bu tarixi layihə ölkəmizin həyatında xüsusi rol oynayıb. Eyni zamanda, sənaye istehsalı ilə bağlı çox ciddi addımlar atılıb. Xüsusilə o vaxt kənd təsərrüfatının inkişafı ilə bağlı qəbul edilmiş qərarlar imkan verdi ki, kənd təsərrüfatı inkişaf etməyə başlasın. Kəndlilər, fermerlər yaxşı bilirlər ki, Heydər Əliyevin göstərişi ilə fermerlər torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad edilib, torpaq islahatı aparılıb və inkişafa gedən yolda ilk addımlar atılıb. Düzdür, o vaxt bizim maliyyə imkanlarımız çox məhdud idi, ona görə dövlət kənd təsərrüfatına öz maddi dəstəyini lazımi səviyyədə göstərə bilmirdi. Ancaq özəl sahibkarlıq, bazar iqtisadiyyatına keçid nəticəsində kənd təsərrüfatında inkişaf dövrü başlayıb".

Президент принял участие в открытии в Балакене ремесленного центра ABAD - Sputnik Azərbaycan
İQTİSADİYYAT
İlham Əliyevdən vətəndaşlara müjdə

Dövlət başçısı qeyd edib ki, 2004-cü ildə şəxsi təşəbbüsü ilə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı qəbul edilib və bu proqramın ölkə tarixində çox böyük rolu var: "İndi təsəvvür edin, əgər o proqram qəbul edilməsəydi, bizim bölgələrimiz hansı problemlərlə üzləşə bilərdi. Məhz bu birinci proqramın, ondan sonra ikinci, üçüncü proqramların qəbulu nəticəsində bölgələr dirçəldi, inkişaf etdi, böyük investisiya təmin edildi. 2004-cü ildən bu günə qədər Azərbaycan bölgələrinin inkişafı hesab edirəm ki, tarixi nailiyyətdir. Heç vaxt Azərbaycan tarixində belə qısa müddət ərzində bu qədər işlər görülməyib. Bu gün Azərbaycan bölgələrində lazım olan bütün infrastruktur layihələri icra edilib və biz sürətli inkişaf dövrünü yaşayırıq. O vaxt qarşımızda duran əsas vəzifələr infrastruktur məsələlərini həll etmək idi. Yollarımız bərbad idi, elektrik enerjisi ilə özümüzü təmin edə bilmirdik, qaz təchizatı demək olar ki, bölgələrdə ümumiyyətlə yox idi, Bakının yarısı qazsız idi, meliorasiya ilə bağlı olan layihələr, sadəcə olaraq, kağız üzərində qalmışdı. Biz onları həyata keçirdik və infrastruktur məsələlərinin həlli nəticəsində bu gün Azərbaycan nəinki özünü elektrik enerjisi ilə təmin edir, hətta xaricə də böyük miqdarda ixrac edir və böyük vəsait qazanır. Azərbaycanda tikilmiş 20-dən çox yeni elektrik stansiyası bu imkanları bizə yaratdı. Qazlaşdırma Azərbaycanda hazırda 93 faiz səviyyəsindədir və biz indi dünya üçün, Avropa üçün, qonşu ölkələr üçün qaz təchiz edən etibarlı ölkəyə çevrilmişik. 2004-cü ildən bu günədək, yəni, 2017-ci ilə qədər 11 min kilometr yeni yollar — həm magistral, həm də kənd yolları salınıb, böyük meliorasiya layihələri icra edilib, Taxtakörpü, Şəmkirçay su anbarları, digər dəryaçalar yaradılıb, kanallar çəkilib və bu proses bu gün də davam etdirilir. Qarşıda duran əsas məsələlərdən biri də fermerləri dayanıqlı su ilə təmin etməkdir.

Bərdə rayonunda çalışan günəmuzdçuların əksəriyyəti Tərtərin kəndlərindəndir - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Azərbaycanın qeyri-neft sektorunun prioritetləri konkretləşir

2004-cü ildən başlayaraq infrastruktur layihələrinin icrası ilə bağlı qarşıda duran əsas vəzifələrdən biri ərzaq təhlükəsizliyi idi. Biz əsas diqqətimizi bu sahəyə yönəltdik. Çünki bu, prioritet idi. Yaşlı nəslin nümayəndələri yaxşı bilirlər ki, sovet vaxtında Azərbaycan özünü ətlə, yağla, südlə, toyuq əti ilə təmin edə bilmirdi, bu məhsullar başqa respublikalardan gəlirdi. Biz isə öz növbəmizdə pambıq, üzüm, meyvə, tərəvəz, tütün, fındıq istehsal edib başqa respublikalara göndərirdik. Ancaq müstəqillik dövründə ərzaq təhlükəsizliyi məsələləri ön plana çıxdı. Ona görə, biz əsas diqqəti bu sahəyə yönəltdik. Bunun nəticəsində bu gün taxılçılıqda böyük inkişaf var. Düzdür, bu, hələ ki, bizi tam qane edə bilməz, biz özümüzü hələ tam təmin etmirik, ancaq inkişaf var. Ət istehsalı Azərbaycanın tələbatını demək olar ki, ödəyir. Növbəti illərdə görüləcək tədbirlər nəticəsində biz hətta böyük ixrac potensialına da malik olacağıq. Biz özümüzü toyuq əti ilə 100 faiz, süd və süd məmulatları ilə təqribən 80 faiz səviyyəsində təmin edirik. Azərbaycandan böyük həcmdə meyvə-tərəvəz ixrac edilir. Yəni, ərzaq təhlükəsizliyi məsələləri prioritetdir. Deyə bilərəm ki, bu sahədə əldə edilmiş nailiyyətlər çox sevindiricidir. Növbəti illərdə daha da böyük nəticələr olacaq.

O ki qaldı, texniki bitkilərə, bu sahəyə o qədər də diqqət göstərilməyib. Bunun da səbəbləri onunla bağlı idi ki, investisiyalar, ilk növbədə, infrastruktura, ərzaq təhlükəsizliyi məsələlərinə qoyulmalı idi. Bizim digər böyük sosial proqramlarımız var. Xüsusilə məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılmasına milyardlarla vəsait qoyuldu. Ordu quruculuğuna milyardlarla vəsait qoyuldu. Ona görə, texniki bitkilərin inkişafı bir qədər diqqətdən kənarda qalıb. Hesab edilirdi ki, bazar iqtisadiyyatı, özəl sektor bu sahələri də inkişaf etdirəcək. Ancaq gördük ki, dövlətin dəstəyi olmadan bu sahələr inkişaf edə bilmir. Son illərdə bu sahələrdə çox böyük tənəzzül müşahidə olunur. Demək olar ki, biz bu sahələri itirirdik. Pambıqçılıq demək olar ki, məhv olurdu. O cümlədən tütünçülüyə maraq göstərilmirdi, baramaçılıq isə ümumiyyətlə, gündəlikdən çıxarılmışdı. Ona görə, bu sahələrə göstərilən diqqət nəticəsində cəmi iki il ərzində dönüş yarandı. Pambıq istehsalı artdı. 2015-ci ildə cəmi 17 min hektarda pambıq əkilirdisə, bu il əkin sahələri 136 min hektara çatdı, cəmi iki il ərzində təxminən 10 dəfə artdı. İstehsal da buna uyğun şəkildə artır və artacaq. Biz indi böyük ixrac imkanlarımızla xarici bazarlara çıxırıq. Nəinki xam pambıq, mahlıc, eyni zamanda, Mingəçevirdə yaranmaqda olan böyük yüngül sənaye kompleksinin fəaliyyətə başlaması nəticəsində biz hazır məhsul ixrac edəcəyik. Digər sahələrdə, misal üçün, fındıqçılıqda. Baxmayaraq ki, fındıqçılıq müstəqillik dövründə artıb. Tütünçülük, baramaçılıqdan fərqli olaraq fermerlər bu sahəyə maraq göstərmişlər. Çox da olmasa, artım var idi. Ancaq biz bu artımı sürətləndirdik. İki il ərzində 18 min hektarda yeni fındıq bağları salınıb ki, bir neçə ildən sonra onlar bar verəcək".

Фундук - Sputnik Azərbaycan
Neftdən sonra ölkəyə ən çox valyuta gətirən məhsul bəlli oldu

Prezident vurğulayıb ki, tütünçülüklə bağlı atılmış ilk addımlar öz nəticəsini verir: "Bu müşavirədən sonra çox ciddi proqram qəbul ediləcək. Azərbaycanda baramaçılıq çox geniş vüsət alıb. Hesab edirəm ki, fermerlər, kəndlilər tərəfindən ən çox maraq göstərilən sahə də baramaçılıqdır. Çünki dövlət hər şeyi öz üzərinə götürüb, bütün lazımi materialları, tingləri verir, bütün sahələr üzrə subsidiyalar verir. Kümçülər 30-40 gün ərzində yaxşı gəlir əldə edirlər. Ona görə, bu ənənəvi sahələrin inkişafı ilə bağlı əlavə tədbirlər görüləcək. Biz bu gün bu barədə danışacağıq. O ki qaldı, bizim ümumi iqtisadi inkişaf perspektivlərimizə, mən bu perspektivləri yüksək qiymətləndirirəm. Azərbaycan iqtisadiyyatı inkişaf edir. Bu ilin altı ayının nəticələri bunu deməyə imkan verir. Qeyri-neft iqtisadiyyatımız, qeyri-neft sənayemiz artdı. İxrac 36 faiz, qeyri-neft ixracı 27 faiz artıb. Kənd təsərrüfatı ixracı 40 faizdən çox artıb. Biz 6 ayda valyuta ehtiyatlarını nəinki qoruya bilmişik, görülmüş tədbirlər, düşünülmüş iqtisadi siyasət nəticəsində 3 milyard dollar əlavə valyuta gəlib. Azərbaycana birinci altı ayda 5 milyard investisiya qoyulub. Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumu ölkə iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə 37-ci yerə layiq görüb. Bu, MDB məkanında birinci göstəricidir. Bu, sadəcə olaraq, görülmüş işlərin təzahürüdür. Makroiqtisadi sabitlik təmin edilib. Manatın məzənnəsi sabitdir. Dövlət xətti ilə ölkə iqtisadiyyatına sərmayə qoyulur. Özəl sektor da buna qoşulub. Qırxa yaxın aqropark yaradılır. Yaxın 1-2 il ərzində bu aqroparklarda istehsal olunacaq məhsul böyük bazarlara ixrac ediləcək, daxili ərzaq təhlükəsizliyi təmin ediləcək. Bir sözlə, idxaldan asılılığı azaltmaq, daxili tələbatı daxili istehsal hesabına təmin etmək və ixrac imkanlarımızı genişləndirmək məsələləri Azərbaycanda uğurla təmin edilir. Əminəm ki, bugünkü müşavirənin nəticəsində bizim üçün ənənəvi olan sahələr — baramaçılıq, tütünçülük, fındıqçılıq da uğurla inkişaf edəcək, həm fermerlər, kəndlilər daha da böyük fayda görəcək, eyni zamanda, dövlətimiz daha da güclənəcək".

Xəbər lenti
0