Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 3 avqust — Sputnik. Müasir dövrümüzün qlobal problemlərindən biri də insanların kitaba, kitab oxumağa marağının az olmasıdır. Bunun əsas səbəblərindən biri texnikanın sürətli inkişafı, kompüter, telefon və digər gadjetlərin həyatımızda ön plana keçməsidir.
Qax rayonunun Əmbərçay kənd sakini, 77 yaşlı Begi Davudovanı kitaba olan sevgisinə görə bir çox gənclər üçün örnək saymaq olar. Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan Begi nənə, "ali təhsil almaq mənə qismət olmasa da, həyatımın bir gününü belə, kitabsız keçirməmişəm" deyir.
"Bizim dövrümüzdə məktəbi bitirən kimi oxumağa icazə vermirdilər. 3 il kolxozda işlədim. Sonra komsomol göndərişi ilə Bakıya getdim. Kitabxanaçılıq texnikumunun klub şöbəsinə yazdılar məni. İmtahan da verdim. İmtahanda səsimi yoxladılar. "Olmaz, olmaz" mahnısını oxudum. Bir imtahandan 4 aldım, növbəti imtahanı gözləyirdim…" – deyir müsahibimiz.
Və bir gün dayısı oğlu sənədlərini texnikumdan geri götürüb ki, "bircə artistimiz çatmır". Sonra da ərə gedir. Beləcə arzuları ürəyində qalır o gənc qızın.
Begi nənə təhsilini davam etdirə bilməsə də, yaşının bu çağında, üstəlik eynəkdən istifadə etmədən kitab oxuyur: "Gənc yaşlarımdan bədii kitab oxumağa başlamışam. Bir dəfə gözümdən zərbə aldım və ondan sonra gözüm zəifləməyə başladı. Həyat yoldaşımın eynəyi ilə oxumağa başladım. 1997-ci ildə həyat yoldaşım rəhmətə getdi. Ondan sonra onun eynəyi də xarab oldu. Amma yeni eynək almadım. Gördüm ki, onsuz da oxuya bilirəm. Hərdən bir gözüm zəifləsə də, kitab oxumağa davam elədim".
Bir dəfə xəstəxanada yatanda onu müəllim biliblər: "Xəstə yatanda da kitab oxuyurdum. Elə bildilər ki, ali savadlıyam. Həkim məndən ixtisasımı soruşanda, dedim ki, tütünçüyəm. Həkim inanmadı. Oğluma dedi ki, sən ananla fəxr eləməlisən".
Begi nənə, əsasən Azərbaycan dramaturgiyasından, elmi kitablardan, ümumiyyətlə əlinə nə keçsə, oxuyur. Həm kiril, həm də latın əlifbası ilə oxuya bilir: "Latın əlifbası ilə oxumağı kiçik oğlumun dərsləri ilə məşğul olanda öyrənməyə başlamışam. Yaxşı təhsil almaq özümə qismət olmasa da, övladlarımın hamısını oxutmuşam. İndiyə kimi oxuduğum əsərlərin heç birini unutmamışam".
"İndi də hər gün kitab oxuyuram. Rus dilini də çox gözəl bilirəm. Övladlarıma rus dilini özüm öyrətmişəm. Bəzən nəvələrim kitabxanadan kitablar gətirirlər, oxumadığım kitabı görən kimi, deyirəm, "qoyun, mən oxuyum, sonra siz oxuyarsınız" – həmsöhbətimiz əlavə edir.
Əmbərçay kəndinin kitabxana müdiri Gülmayə Məmmədova yaşlı oxucuların içində ən savadlısının Begi nənə olduğunu deyir: "17 ildir ki, kəndin kitabxanasında işləyirəm. O vaxtdan bu yana oxucumdur. Həm ahıl, həm də əlil olduğuna görə istədiyi kitabları evinə gətirirəm. Kitabxanada olan kitabların əksəriyyətini oxuyub. Yeni kitablar gələn kimi gətirirəm Begi xalanın yanına. İlk oxucusu o olur".
B. Davudova gənclərin kitabdan uzaqlaşmasını onların məhvi hesab edir: "Müasir dövrün gənclərinin kitab oxumağa marağı yoxdur. O vaxt kolxozda da işləyirdim, üstəlik 10 uşaq da böyütmüşəm. Buna baxmayaraq, heç vaxt kitabdan uzaqlaşmamışam. İndiki gənclər heç bir işin sahibi deyillər. Vaxtları da var. Amma kitab oxumurlar. Onlara məsləhətim budur ki, çoxlu kitab oxusunlar, çox mütaliə eləsinlər. Kitab oxumağın faydalı cəhətləri daha çoxdur. Amma nədənsə bugünkü gənclər bunu şüurlu şəkildə dərk etsələr də, lazımsız vərdişlərdən əl çəkmək istəmirlər".
"Baxıram cavanlara, əllərindən telefon düşmür. Vaxtlarının çox hissəsini televizorda lazımsız verilişlərə, seriallara baxmağa sərf edirlər. Gərək insanlar kitab oxusunlar ki, dərk etmək qabiliyyətləri daha güclü olsun, gələcəyi görə bilsin və onu daha yaxşı təməl üzərində qursunlar" – deyə yaşlı oxucu bildirir.
Həm də çox yaxşı kitab tənqidçisi olan Begi nənə deyir ki, bəziləri kitabı qalınlığına görə qiymətləndirirlər: "Sanki kitab zehnin yox, əllərin işləməsi üçün yazılır. Təkcə birtərəfli inkişaf etməklə orta səviyyədən yuxarı qalxa bilməzsən. Hərtərəfli inkişaf etmək üçünsə, mütləq kitablarla tanışlığın olmalıdır".
Əlavə edir ki, insanın oxuduğu kitablara münasibəti formalaşmalıdır: "Yaxşı hesab etdiyini başqalarına da məsləhət görməlisən. Faydasız olduğunu düşündüyün kitabı bir kənara atmalısan. Kitabları onun verdiyi faydalı məlumatlara, dünyagörüşünə təsir edəcək dəyərli fikirlərə görə qiymətləndirməlisən. Əsas kitabın qalınlığı, fiziki çəkisi deyil, mənəvi çəkisidir".