Futbol mütəxəssisi: “Hansı klubun düşməyindən asılı olmayaraq “Qarabağ” öz oyununu oynamalıdır”
Azərbaycan çempionu “Qarabağ” Çempionlar Liqasının play-off mərhələsinə vəsiqə qazanıb. Futbol mütəxəssisi Ağasəlim Mircavadov Sputnik Azərbaycana deyir ki, gərək “Qarabağ” Bakıda keçirilən oyunda böyük hesabla qalib gəlib, məsələni həll edərdi: “Mən əvvəlcədən də demişdim ki, “Qarabağ” üçün orada asan olacaq, nəinki burada. Amma oyundan görmək olurdu ki, “Qarabağ” oyununa, oyunçularının texniki hazırlığına görə “Şerif”dən üstündür”.
“Bura qədər gəlmişik, bu axırıncı məqamdır. Neçə illərdir ki, “Qarabağ” mübarizə aparır ki, Çempionlar Liqasının play-off mərhələsinə düşsün. Bizdə hər zaman təsəvvür yaranır ki, püşkdən çox şey asılıdır. Ancaq unutmaq lazım deyil ki, indi Avropada zəif klub yoxdur. Hansı klubun düşməyindən asılı olmayaraq “Qarabağ” öz oyununu oynamalıdır” – deyə o bildirib.
Dünən keçirilən oyunda Azərbaycan çempionu “Qarabağ” Moldovada “Şerif”i məğlub edib. Oyun 1:2 hesabı ilə başa çatıb. Qeyd edək ki, komandaların Bakıdakı görüşü heç-heçə başa çatmışdı. Beləliklə, səfərdə qələbə qazanan Azərbaycan klubu Çempionlar Liqasının play-off mərhələsinə vəsiqə qazanaraq bir ilki gerçəkləşdirib.