BAKI, 1 avqust — Sputnik. Artıq ikinci ildir ki, Bakı yayında ən çox arzulanan "Jara" beynəlxalq musiqi festivalı keçirilir. Dörd gün ərzində Sea Breeze turizm kompleksində Rusiya, Ukrayna, İtaliya və Azərbaycan estradasının ulduzları çıxışlar ediblər. Onlardan bəziləri artıq ikinci dəfə idi ki, bu festivala qatılırdı.
"Jara" layihəsinin təşkilatçıları müğənni və bəstəkar Emin Ağalarov (EMIN), Rusiyanın əməkdar artisti Qriqori Leps, "Russkoye radio"nun və "Zolotoy qrammofon" mükafatının təsisçisi Sergey Kojevnikovdur.
Festival çərçivəsində Bakıda Maksim Qalkin, Valeri Meladze, Nyuşa, A-studio, Nikolay Baskov, Valeriya, Ani Lorak, Slava, MBAND, Potap və Nastya, Burito, İrina Dubtsova, Svetlana Loboda, Qlükoza, Kristina Orbakayte, Dima Bilan, Vladimir Vinokur, Lev Leşenko, "Serebro" qrupu və digər ulduzlar çıxış ediblər. Festivalın aparıcıları Andrey Malaxov, Yana Çurikova və Maksim Qalkin olublar.
Sputnik Azərbaycan "Jara-2017"nin kulis arxasında qalan ən maraqlı məqamlarını təqdim edir.
Festivalın ən çox gözlənilən və adlı-sanlı qonaqları Rusiyanın xalq artistləri Sofiya Rotaru və Alla Puqaçova olub. Onların layihədə iştiraka razılıq verməsinə baxmayaraq, bu ulduzların bir çox pərəstişkarları axıra qədər də inanmırdılar ki, onlar Bakıya gələcəklər.
Səbəblərdən biri bu idi ki, Rotaru artıq çoxdandır səhnəyə çıxmır və qastrollara getmir. Bununla belə, sovet estradasının ulduzu Bakıda öz həmkarları ilə birlikdə qeyri-adi gözəl şou nümayiş etdirib və gənc artistlərə öz dəstəyini verib. Puqaçova isə xəstəliyi ilə əlaqədar olaraq hər dəfə xaricdə çıxış etməkdən imtina edib. Amma Bakı və bakılı tamaşaçıların xatirinə öz qorxularını yenərək təyyarəyə oturub, şəhərimizə uçub, səhnəyə çıxıb və göstərib ki, yaxşı fiziki formadadır.
Əlbəttə, Puqaçovanın kiçik zarafatı onun bir çox pərəstişkarını qorxudub. Müğənni sosial şəbəkə istifadəçiləri ilə zarafat edərək həmkarı Layma Vaykule ilə guya istidən yıxıldığını təqlid edən video çəkərək paylaşıb. Bu çarx festival zamanı xalq artistinin halının istidən xarab olduğu barədə şayiələrin yayılmasına səbəb olub. Baxmayaraq ki, bu, sadəcə zarafat olub.
Festivalın ən gözlənilməz qonağı isə alman rok qrupu Rammstein-in vokalçısı Till Lindemann olub. O, festivalda çıxış etmək üçün deyil, yaxşıca dincəlmək üçün Bakıya gəlib. Bu dörd gün ərzində o, təkcə şəhəri gəzməyib, eyni zamanda aralarında tanınmış ulduzların da olduğu fanatları ilə çoxlu şəkillər çəkdirib. Hətta şayiələrə görə, aşiq də olub. Rusiyalı müğənni Svetlana Loboda onun xoşuna gəlib. O, demək olar ki, Lobodadan ayrılmayıb, hətta onunla birlikdə Bakıda Rusiya istehsalı olan "Yüngül əxlaqlı nənə" filminin premyerasında iştirak edib. Sosial şəbəkədə demək olar ki, hər gün onların biryerdə fotoları, videoçarxları peyda olub. Bu isə onlar arasında sevgi romanının başladığı barədə şayiələrin yaranmasına səbəb olub. Loboda şərh verməkdən imtina etsə də, açıq-aşkar sevgi qığılcımlarını hiss etdirib.
Festival xalq artisti Oleq Qazmanova baha başa gəlib. Alla Puqaçovanın yaradıcılıq gecəsində aparıcı Yana Çurikova hovuzun yanında Oleq Qazmanova öz məşhur saltosunu nümayiş etdirməyi təklif edib. Amma artist cavab verib ki, "Artistə yazığınız gəlsin! Bura çox istidir!" və elə paltardaca birbaşa suya tullanıb. O, hovuzdan çıxanda məlum olub ki, mobil telefonu hovuzda batıb. Qazmanov populyar smartfonunu tapmaq üçün yenidən hovuza baş vurmalı olub. O, publikaya üzlüyünə "Ya lyublyu Jaru"("Mən istini sevirəm") sözləri yazılmış telefonunu göstərib.
Bu festival təkcə ulduzlara öz istedadlarını və ifalarını nümayiş etdirmək imkanı verməyib. Onlar həm də özləri ilə Bakıya gətirdikləri bir neçə çemodan gözəl və bahalı geyimlərini də göstəriblər.
Həmişəki kimi müğənni Lolita özünəməxsus şəkildə fərqlənib. Bu dəfə müğənni səhnəyə qeyri-adi geyimdə çıxmaq qərarına gəlib. O, əvvəlcə özünü örtüklə qapayıb. Amma sonra örtüyü ataraq şəffaf kombinezonla qalıb. Digər ulduzlardan fərqli olaraq, Lolita artıq çəki kompleksinin olmadığını nümayiş etdirməyə üstünlük verib. Onun çıxışından sonra aparıcı Maksim Qalkin soruşub ki, müğənni bunu düşünərək edib, ya, elə-belə. Lolita isə cavabında "Maksim, belə görünür ki, sənin xanımının itirdiyini mən tapmışam! Mən bizim estradanın yeganə gombul nənəsi olaraq qalmaq istəyirəm" deyə bildirib. Onun bu cavabı publikanın ürəyincə olub və publika onun yumorunu alqışlarla qarşılayıb.
Festivalın ən yaxşı nömrələrindən biri Dima Bilanın çıxışı olub. O, Alla Puqaçovaya sürpriz eləmək qərarına gəlib. O, Puqaçovanın "Ne otrekayutsya lyubya" ("Sevəndə imtina etmirlər") mahnısını səhnədə deyil, hovuzun içində dayanaraq ifa edib. İfasını başa çatdıran Bilan tamaşaçılara arxasını çevirib, əllərini açıb və suya çöküb. O, bununla da mahnının faciəviliyini göstərmək istəyib. Müğənninin bu çıxışı xalq artistini göz yaşlarına boğub.
Təəssüf ki, istənilən layihənin müsbət tərəfləri ilə yanaşı mənfi tərəfləri də olur ki, gərək jurnalistlər bunu yaza. KİV-in köməyi ilə təşkilatçılar gələn il bu çatışmazlıqları aradan qaldıra bilərlər.
Ötən il olduğu kimi bu il də Azərbaycanın bir çox məşhur KİV-ləri festivaldan kənarda qaldı. Çünki təşkilatçılar naməlum səbələrdən bir çox KİV-ləri akkreditə etməkdən imtina ediblər. Bu, bir çox yerli jurnalistləri narazı salıb və onlar sosial şəbəkələrdəki hesablarında narazılıqlarını dilə gətiriblər. Festivaldan kənarda qalanlar arasında "Rossiya seqodnya" BİA-nın tərkibinə daxil olan Sputnik Azərbaycan informasiya agentliyi də olub. Təşkilatçı şirkətin rəhbərliyinin əsasən rusiyalı ulduzların yer aldığı festivala Rusiyanın dövlət informasiya agentliyinin nümayəndələrini akkreditə etməkdən niyə imtina etdiklərinin səbəbi aydın deyil. Onlar bunun izahatını verə bilməyiblər, sadəcə "biz bilmirik, məşğuluq" deməklə kifayətləniblər. Sputnik Azərbaycan festivaldan bir neçə gün əvvəl və festivalın start götürdüyü gündə də akkreditəyə cavabdeh olan şəxsləri yerində tapa bilməyib.
Akkreditə olunmuş KİV nümayəndələrinə gəlincə, onlar da internetin tez-tez kəsilməsi və bəzənsə tamamilə yoxa çıxması problemi ilə üzləşiblər. Onların şikayətlərinə baxmayaraq, heç kəs bu problemin həlli ilə məşğul olmayıb. Bu, dörd gün ərzində davam edib və jurnalistlərə festivalın gedişini operativ işıqlandırmağa mane olub.
Festivalda hər gün on minə yaxın tamaşaçı iştirak edib və onların da çoxu festivalın keçirildiyi kurort kompleksinə öz maşınları ilə gediblər. Onlar avtomobillərini saxlamağa yer tapmayıblar. Parklama yerləri yalnız VIP-qonaqlar üçün nəzərdə tutulub. Qalanları isə öz avtomobillərinə yer axtarmalı olublar. Çoxu maşınını dənizin sahilində saxlamalı olub və bütün konsertin gedişi zamanı öz "dəmir at"ının taleyindən nigaran qalıb.
Biletlərin qiymətləri də müxtəlif olub, ən ucuzu 30 manat, özü də fanatlar zonasında. Buna görə də ayaq üstə duran seyrçilər səhnənin yaxınlığında dayanmalı olublar. Düzgün hesablama aparılmadığından, tamaşaçıların sayında sıxlıq yaranıb. Bu səbəbdən də çoxları konsertin sonuna qədər gözləyə bilməyiblər və vaxtından əvvəl getməli olublar. Tədbirin sonuna qədər qalanlar isə daha çox kompleksin qarşısındakı avtomobil tıxacının azalmasını gözləyiblər. Ümid edirik ki, təşkilatçılar gələn dəfə bu çatışmazlıqları aradan qaldıracaqlar. Yeri gəlmişkən, festivalın keçirildiyi məkandakı barlarda Azərbaycan istehsalı olan adi suların qiymətləri barədə də yaxşıca düşünmək lazımdır.
Sözsüz ki, Emin Ağalarovun bu layihəsi təqdirəlayiqdir. Adam Bakının populyarlaşmasına və turizmin inkişafına görə bu festivala iri məbləğdə pullar xərcləyir. Bəzi məlumatlara görə, gələn il bu layihəyə bir sıra estrada ulduzları ilə yanaşı Donald Tramp, Robert de Niro, Cenifer Lopez kimi dünyaca məşhur insanlar da qatılacaq. Ümid edirik ki, təşkilatçılar bütün bu iradları və neqativ nüansları nəzərə alacaqlar. Çünki "Jara" festivalı artıq ənənəyə və Bakının, Azərbaycanın vizit kartına çevrilib.