BAKI, 1 avqust — Sputnik. Bakıda qohumların laqeydliyi ucbatından 23 yaşlı qadın iki azyaşlı uşağı ilə küçədə qalıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, gənc ana Ürfanə Məmmədova (ad dəyişdirilib) "Təmiz dünya" İctimai Birliyinin zorakılıq qurbanı olan qadınlar üçün təşkil etdiyi sığınacağa sığınıb.
Onun şəxsi tarixçəsi də minlərlə digər qızlarınkı kimi başlayıb. O, Masallı rayonunda yaşayıb. 18 yaşına çatanda əslən Neftçala rayonundan olan və Masallıya qonaq gələn gənc oğlanla tanış olaraq onu sevib. Bir-birilərini sevən gənclər ailə qurmaq qərarına gəliblər.
Toydan dərhal sonra əri Məmmədovanı Bakıya gətirib və burada ev kirayələyib. Amma qızın qaynanası ilə ulduzu barışmayıb. Qaynana belə gəlin istəmədiyini bildirib. Qadın oğluna toy eləsə də, gəlini Bakıdakı mənzilinə buraxmaqdan imtina edib. Məmmədovanın sözlərinə görə, onun heç vaxt əri ilə münaqişəsi olmayıb və ərdə olduğu beş il müddətində də qaynanasının ünvanını bilməyib.
Məmmədovanın nikahı isə rəsmi xarakter daşımayıb. Çünki onların nikahı VVAQ şöbələrində qeydiyyata alınmayıb. Məlum olub ki, bu müddət ərzində qaynana oğluna yeni gəlin axtarışında olub. Onun oğluna tapdığı ikinci qız Salyan rayonundan olub.
"Mən birinci uşağıma hamilə olanda qaynanam mənim ərimə toy edib. Amma ərim yeni arvadı ilə çox yaşamayıb. Onlar tezliklə boşanıblar. Onların uşaqları dünyaya gələndən sonra ikinci arvad altı aylıq körpəni qaynanasına verərək başqa adama ərə gedib" — Məmmədova bildirib.
Məmmədova tezliklə onu başqasına dəyişən ərini bağışlayıb və yenidən qəbul edib. Çünki başqa çarəsi, gedəcəyi başqa yeri olmayıb. Böyük oğlu üç yaşa çatanda Məmmədova ikinci oğlunu dünyaya gətirib. Bu dövr ərzində ailəda münaqişələr yaranmağa başlayıb. Qadın ərinə bildirib ki, hara getsə də, onu tapacaq və aliment ödəməyə məcbur edəcək. Buna cavab olaraq günlərin birində əri bir-iki saatdan sonra evə qayıdacağını bildirərək evdən gedib. Sonra tanışları Məmmədovaya deyib ki, əri Rusiyaya qardaşının yanına gedib. Bir sutka gözləyəndən sonra ana iki uşağı ilə birlikdə bibisigilə gedib. Orada bir həftə qalıb, sonra atasının evinə qayıdıb. İki aydan sonra qadın ərini tapmaq ümidi ilə yenidən Bakıya gəlib. Paytaxtda qadının gedəcəyi yer olmayıb. İki uşağı ilə küçədə qalan ananı sığınacağa yerləşdiriblər.
Məmmədova başa düşüb ki, ondan hamı imtina edir. Onun valideynləri çoxdan ayrılıblar və hərəsi öz həyatını yaşayır. Anası ikinci dəfə ailə qurub, ögey atası isə ögey qızı barədə eşitmək belə istəmir. Qardaşı ayrı yaşayır, bacısı isə ərə gedib. Doğma atası da ikinci dəfə ailə qurub.
Hazırda Məmmmədova iki uşağı ilə onların hər biri üçün yükə çevrilib. Doğmaları heç maraqlanmırlar ki, onların qızları harada gecələyir, uşaqları axırıncı dəfə nə vaxt yemək yeyiblər, haradadırlar.
Onun vəziyyəti sadə deyil. O, günlərini sayır ki, uşaqlarının öz ayaqları üstə duracağı günü görsün.
Uşaqlarını yedizdirmək və kirayə ev tutmaq üçün Məmmədovanın daimi işə və maaşa eytiyacı var. O, böyük oğlunu uşaq bağçasına vermək üçün planlar qurur. Sonra kiçik oğlunu da bağçaya verib işləmək üçün kifayət qədər vaxt qazanmaq fikrindədir.
Bütün bunlarla yanaşı Məmmədova ümid edir ki, onun əri qayıdacaq və doğma anası, nəhayət, onlarla maraqlanacaq.