BAKI, 28 iyul — Sputnik. Bir müddət əvvəl küçədə tapılaraq Azərbaycan Uşaqlar Birliyi, Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinə aparılan 3 uşağın nənəsi ortaya çıxıb. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Uşaqlar Birliyi, Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin koordinatoru Vasif Akifli məlumat verib. Maraqlıdır ki, mərkəzin koordinatoru daha öncə uşaqlar haqqında məlumat verərkən bildirmişdi ki, uşaqlar nənələri tərəfindən küçəyə atılıb.
O, bildirib ki, uşaqların nənəsi ötən həftə mərkəzə zəng edib və uşaqları görmək istədiyini bildirib: "Biz o uşaqlar haqqında aidiyyatı qurumlara məlumat vermişdik. Bir neçə gün öncə uşaqların nənəsi ortaya çıxıb. Zəng edib yalvarır ki, "uşaqları görüm, darıxmışam". Mən başa düşə bilmirəm, sən uşaqlar üçün darıxacaqdınsa niyə atırdın. Bəlkə də polis uşaqları görüb mərkəzimizə gətirməsəydi, o uşaqlaırn başına nəsə gələ bilərdi. O qədər uşaqlar var ki, oğurlanır, diləndirilir, istismar edilir".
V. Akifli bildirir ki, artıq uşaqların anası da üzə çıxıb: "Mən iki gündür ki, o anaya məsuliyyətini başa sala bilmirəm. Deyir ki, anam uşaqları götürüb aparıb, mənim heç bir xəbərim olmayıb. Amma yadınızdadırsa, ananın verdiyi etibarnamə də var idi. O uşaqalrının internata qoyulması üçün anasına etibarnamə də vermişdi. O yalvarır, amm biz hissiyyatla davranmayacağıq, çünki hissləri olan ana uşağından imtina etməz, internata qoymaq üçün etibarnamə verməz. Sabah mərkəzə gələcək, danışacağıq".
V. Akifli deyir ki, mərkəz artıq ana və nənə ilə bağlı məhkəməyə müraciət hazırlayıb. Onlar qanun çərçivəsində məhkəmə qarşısına çıxarılacaq və əməllərinə görə cavab verəcəklər.