CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan cəmiyyətinə çağırış: "Onlarla açıq şəkildə mübarizə aparılmalıdır"

Abunə olmaq
Nazirlik sərt şəkildə xəbərdarlıq etdi: "Qanuna qarşı gələnlər cəzalandırılacaq"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 31 iyul — Sputnik. Yəqin ki, hamının zibili eyvandan atan, yaxud qapısının kənarına qoyan, oturduğu yeri zibilləyən bir qonşusu var. Onun bu davranışlarından yorulmusunuzsa, müvafiq qurumlara şikayət edə bilərsiniz. Çünki ətraf mühitin çirkləndirilməsi sağlamlıq üçün təhlükəli olmaqla yanaşı, həm də qanun pozuntusudur.

Zibillik - Sputnik Azərbaycan
CƏMİYYƏT
Paytaxt əhalisi zibilə düşüb

"Hər səhər avtomobilimin üzərində zibil tullantıları görürəm. Bilirəm ki, yuxarıdakı qonşum atır. Bir dəfə görə bilsəm, ürəyimdəki sözləri deyə bilərəm. Amma görünür qonşum bu işlə axşamlar məşğul olur. Buna görə də hər gün səhər avtomobilimin üzərindən zibil yığıram" — deyir, 45 yaşlı Yasamal rayon sakini Şahin Rüstəmov.

Sputnik Azərbaycan-a danışan paytaxt sakini "pinti" qonşularından şikayətçidir. Deyir ki, əgər bircə dəfə avtomobilinin üzərini zibilləyən şəxsi görsə, həmin şəxsdən hüquq mühafizə orqanlarına şikayət edəcək.

Digər şikayətçi isə Masazır sakini Aygün Muradovadır. Şikayətçi xanım deyir ki, qonşusu hər gün zibilini sellofan paketə yığıb qapının kənarına qoyur: "Hər gün eyni hal təkrar edilir. Səhər evdən çıxanda görürəm ki, hər yer sümükdür. Axşam bloka girən küçə heyvanları həmin paketləri cırıb, zibili bloka yayır. Bir dəfə MİS-ə şikayət etdim. Amma görünür, problemi həll edə bilmədilər. Qapımın qarşısı hər gün zibil içindədir…"

Məsələni Sputnik Azərbaycan-a izah edən mütəxəssislərə görə, zibil tullantılarını nəzərdə tutulmuş yeşiklərə atmayan şəxslər qanunu pozur və bundan əziyyət çəkən vətəndaşlar şikayətçi ola bilərlər. Və qanunla bu şəxslər müəyyən miqdarda cərimə edilə bilər.

Ekoloq Vaqif Əliyevin sözlərinə görə, ətraf mühitin çirkləndirilməsi müxtəlif xəstəliklərə yol aça bilər. Təəssüf ki, bunu insanlar başa düşsə də, elə ətraf mühiti çirkləndirən də insandır: "Küçədə yerə tüpürənlər, siqaret kötüklərini atan insanlar çoxdur. Avtobus dayanacaqları boş butulkalar, siqaret qutuları, çeynənib atılmış saqqız və s. zibil tullantıları doludur. Şəhərə çıxanda istər-istəməz düşünürsən ki, görəsən şəhəri zibilləyən bu insanlar haradan gəlib?"

"Doğurdan da vəziyyət acınacaqlı hal alıb. Bəzi binaların sakinləri zibilləri birbaşa binanın pəncərəsindən həyətə atır, bəzi binalarda sellofan paketlərə yığıb qapının ağzına qoyurlar. Dəfələrlə olub, pilləkənlə qalxanda görmüşəm ki, həmin zibil paketləri cırılıb və zibil bütün pilləkənə yayılıb. Təbii ki, bu halın qarşısı alınmalıdır. Bu insanlara sərt cərimələr tətbiq edilməldir ki, onlar öz səhvlərini düzəltsin" — V. Əliyev bildirir.

Ekoloq deyir ki, onlara belə problemlərlə bağlı çox insan müraciət edir: "Mən təklif edirəm ki, bu insanlarla açıq mübarizə aparılsın. Əgər qapıya zibil qoyulursa, qapısını döyüb zibilini içəri götürməsini istəyin, yuxarıdan aşağı zibil tökürsə, zibili yığıb, qapısını döyüb evinə qoyun və MİS-lərə müraciət edin ki, həmin qonşularınız cərimələnsin".

Zibillik - Sputnik Azərbaycan
HADİSƏ
Zibil boşaldarkən canından oldu

Onun sözlərinə görə, təbiətdə normal şəraitdə mövcud olmayan süni kimyəvi maddələrin, eləcə də həddən artıq miqdarda digər maddələrin atılması təbii mühitin çirklənməsi və kontaminasiyasına səbəb olur: "İnsanlar tərəfindən bir çox maddələr atmosferə atılır. Bunlara zərərli qazlar və xırda maye və bərk maddə hissəcikləri aiddir. Qidalandırıcılar ətraf mühitə ifrat miqdarda, həddən artıq tez və ya ekologiya üçün məqbul olmayan şəkildə atıldığı zaman çirkləndiricilərə çevrilir".

"Azərbaycan təbiəti gözəl və təmizdir. Təbiəti çirkləndirən isə özümüzük. Bunun qarşısı vaxtında alınmasa, Azərbaycanı ekoloji fəlakət gözləyə bilər. Hər kəs zibilini pəncərədən, maşının şüşəsindən atsa, hər kəs yediyini yığışdırmasa, Azərbaycanın da gələcəkdə xəstəlik mənbəyi olmayacağına kimsə zəmanət verə bilməz" — V. Əliyev vurğulayır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf mühitin mühafizəsi departamentinin sektor müdiri Raqub Mirzəyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, nazirlik bu sahədə mütəmadi olaraq monitorinqlər həyata keçirir: "Nazirliyin bütün rayonlarda monitorinq və təbliğat qrupları fəaliyyət göstərir. Bununla yanaşı, ərazi ekologiya şöbələri də ətraf mühitin çirkləndirilməsi ilə bağlı məsələlərlə məşğul olur: "Reydlər keçirilir, qanun pozuntuları aşkar edilir. Torpaq sahələrinin korlanması, su hövzələrinin və atmosferin çirklənməsi, yerin təkindən qanunsuz istifadə, qanunsuz ov etmə və s. bu kimi hallara qarşı tədbirlər görülür. Bu kimi hallar aşkarlanarsa, sənədləşdirilir və tədbirlər görülür".

R. Mirzəyevin sözlərinə görə, zibillərin pəncərədən atılması, qapılara qoyulması, dağıdılması sərt cərimə cəzası nəzərdə tutur: "Məişət və istehsalat tullantıları haqqında" qanunun tələbinə uyğun olaraq məişət tullantılarının yığılması, qalaqlanması, daşınması müvafiq icra hakimiyyətləri, bələdiyyələr tərəfindən həyata keçirilir. Qanunda müəyyən normalar nəzərdə tutulub və bu normalara uyğun zibil yeşikləri qoyulub, ərazi sakinləri zibilləri həmin yeşiklərə atmalıdır. Müvafiq qurum qışda 1, yay aylarında gündə 2 dəfə tullantıları şəhər zibilxanalarına atmalıdır. Məişət tullantıları əsasən Balaxanı poliqonuna daşınır və orda zərərsizləşdirilir".

Müsahibimiz təəssüflə vurğulayır ki, bəzi yerlərə qoyulan zibil yeşiklərə normalara uyğun deyil. Bununla yanaşı qalaqlanma və yandırılma faktlarına yol verilir: "Cari ilin 6 ayı ərzində məişət tullantılarının qalaqlanması ilə bağlı 67 fakt üzrə şəxslərə protokol tərtib edilib və həmin şəxslər 71 300 manat məbləğində cərimələnib. Tullantılar qanuna uyğun şəkildə idarə edilməlidir: "Kimsə küçəyə, həyətə zibil atırsa, bu ilk növbədə insanlara qarşı hörmətsizlikdir və antisanitariya şəraiti yaratdığı üçün qanun pozur".

R. Mirzəyevin sözlərinə görə, qonşularının antisanitariya qaydalarını pozması ilə qarşılaşan şəxslər müvafiq icra hakimiyyəti orqanlarına, bələdiyyəyə və hüquq mühafizə orqanlarına, gigiyena və epidemiologiya mərkəzinə, ekologiya şöbələrinə şikayət edə bilər: "Bütün bu orqanların həmin şəxslər haqqında inzibati protokollar tərtib etmək hüququ var. Tullantıların idarə olunması ilə isə birbaşa icra hakimiyyəti orqanları, bələdiyyələr məşğul olmalıdır".

Nazirliyin rəsmisi qeyd edir ki, bu məsələlər İnzibati Xətalar Məcəlləsinin 271-ci ("sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi") maddəsi ilə tənzimlənir. Bu maddəyə görə, sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

Xəbər lenti
0