Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 2 dek — Sputnik. Dünən axşam saatlarında Şəkidə bədbəxt hadisə baş verib. Hadisə Şəkinin zibillik poliqonunda yaşanıb.
Şəki sakini Mustafazadə Asim İsfəndiyar oğlu, poliqonda idarə etdiyi "Belarus" markalı traktorun qoşqusundan zibil boşaldərkən, ehtiyyatsızlıqdan qoşqunun lafeti onun üzərinə aşıb. Hadisə zamanı onun yanında heç kim olmayıb.
Sputnik-in bölgə müxbirinin əldə etdiyi məlumata görə, dünyasını dəyişən şəxs Şəki Olimpiya Kompleksinin əməkdaşı olub. Əməkdaşlar onun 1 saat ərzində gəlmədiyini gördükdə zibillik poliqonuna gəliblər və onu orada keçinmiş halda tapıblar.
Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki yanğından mühafizə hissəsinin xilasediciləri və həkim briqadası cəlb olunub. Əraziyə gələn xilasedicilər Asim Mustafazadənin sıxılıb qalmış cəsədini çıxardaraq aidiyyatı üzrə təhvil veriblər.
Faktla bağlı Şəki ŞRPŞ-nin istintaq bölməsi tərəfindən araşdırmalar aparılır. Hadisənin dəqiq olaraq hansı səbəbdən baş verdiyi aparılacaq araşdırmalardan sonra bəlli olacaq.