CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"O boyda posta yüksələsən, kimsə davranışına irad bildirə..."

© Sputnik / Murad OrujovMəmur
Məmur - Sputnik Azərbaycan
Abunə olmaq
Bundan sonra davranışlarınıza diqqət edin, nəzarət altındasınız

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 26 iyul — Sputnik. Dövlət İmtahan Mərkəzinin (DİM) səlahiyyətləri daha da artırılıb. Belə ki, Azərbaycanda dövlət orqanlarında çalışan dövlət qulluqçularının etik davranışlarına əməl olunmasına nəzarət DİM-ə tapşırılıb. Bununla bağlı "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" qanununda dəyişiklik edilib.

Məmur yoxlaması. Arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Artıq məmurlar qohumlarını öz yanlarına yığa bilməyəcəklər

Bundan sonra vətəndaşlar dövlət məmurlarının qeyri-etik davranışlarından DİM-ə şikayət edə bilərlər. Sputnik Azərbaycan bu yeniliyin hansı nəticələr verəcəyini ekspertlərdən soruşub.

Təhsil eksperti Kamran Əsədov qeyd edib ki, dövlət qulluğuna qəbul edilmiş bu əlavə kifayət qədər maraqlıdır: "İlk növbədə ona görə ki, dünya təcrübəsində belə bir mexanizm yoxdur ki, bir dövlət orqanının vəzifəli şəxsinin etik davranış qaydalarına əməl olunmasına nəzarət və ya hansısa bir cəza təyin edilməsi digər bir qurum tərəfindən həyata keçirilsin. 2003-cü ildə qəbul edilmiş qanunvericilik aktlarına görə, hər bir dövlət qurumunda dövlət qulluqçusunun xidməti fəaliyyəti və ya fəaliyyətsizliyi ilə bağlı rəhbərlik etdiyi qurumun sədri, orda yaradılmış daxili nəzarət şöbəsinə və ya ən son həddə korrupsiyaya qarşı mübarizə idarəsinə müraciət olunurdu. Lakin indi bu prosedur qaydaları köklü şəkildə dəyişdirilir".

"Əlbəttə ki, DİM-in rəhbərliyi, kollektivi uzun müddətli fəaliyyətləri dövründə kifayət qədər müsbət imic formalaşdıra biliblər. Hesab edirəm ki, bu məsələnin onların nəzarətinə verilməsi məhz bu səbəbə görədir. Lakin nəzərə alaq ki, DİM publik hüquqi şəxsdir və göstərilən xidmətlərə görə xidmət haqqı müəyyən olunur. Bundan əlavə, DİM ölkə ərazisində imtahan prosesini həyata keçirir. Onun strategiyasına uyğun olmayan, əlavə problemlər olacaq fəaliyyət növlərinin onlara verilməsi DİM-in işini artıracaq və bu da əsas hədəflərdən kənarlaşma hallarına yol aça bilər" – deyə təhsil eksperti əlavə edib.

Təhsil eksperti Nadir İsrafilov isə, ümumiyyətlə "Dövlət qulluqçularının etik davranış qaydalarının" bilavasitə məhz qanunla təsbit olunmasını heç cür qəbul edə bilmir: "Necə olur ki, dövlət qulluqçusu kimi bir yüksək və məsul səviyyəyə yüksələsən və elementar etik normalara, prinsiplərə və ya tələblərə riayət etməməyinlə bağlı sənə kimlərsə tərəfindən irad tutulsun və ya hansısa tənbeh cəzası tətbiq edilsin. Təsəvvür edin, əgər yüksək vəzifəli dövlət məmuru və ya digər dövlət qulluğu postunu tutan şəxs də etik davranış qaydalarına riayət olunmasını təmin edə bilmirsə, onda biz hansısa sıravi vətəndaşdan nə gözləməliyik?"

"Dünyanın bir çox aparıcı dövlətlərində hələ orta məktəblərdən etika və etiket (davranış qaydaları) fənləri tədris olunur ki, kiçik yaşlı məktəblilər belə vicdanlılıq, xeyirxahlıq, obyektivlik, ədalətlilik, tələbkarlıq, məsuliyyətlilik, qərəzsizlik, loyallıq, etimad və bu kimi ailədə, məişətdə və sosial həyatın digər sahələrində onlara lazım ola biləcək mədəni davranış prinsiplərinə yiyələnmiş olurlar ki, gələcəkdə nəyin nə olduğunu dərk edib öz fəal həyat mövqelərini qoruyub saxlaya bilsinlər. Görünür, biz hələ ki, belə bir "atmosferə" hazır deyilik və hətta dövlət orqanlarında çalışan dövlət qulluqçularının etik davranışlarına əməl olunmasına nəzarət etmək zərurəti qarşısında qalmışıq" – deyə ekspert qeyd edib.

The word 'stop' written on a man's hand - Sputnik Azərbaycan
Artıq bu şəxslərin dövlət qulluğuna gedən yolu bağlandı

N.İsrafilov onu da əlavə edib ki, Azərbaycanda dövlət orqanlarında çalışan dövlət qulluqçularının etik davranışlarına əməl olunmasına nəzarətin DİM-ə tapşırılmasını heç də yaxşı hal kimi qiymətləndirmir: "Hesab edirəm ki, belə bir səlahiyyətin məhz ayrılıqda hər bir aidiyyatı icraedici orqanlara verilməsi və nəzarətə görə cavabdehliyin də onların üzərinə qoyulması nisbətən daha məqbul sayılardı. DİM publik hüquqi şəxs kimi İmtahan Mərkəzi olaraq onsuz da həddən artıq yüklü vəzifələrini yerinə yetirməklə, digər əlavə qayğılardan azad olardı. Bir də, hələ tam dəqiqləşdirmək lazımdır ki, vətəndaşlar dövlət məmurlarının qeyri-etik davranışlarından şikayət edəcəkləri halda DİM-in dövlət məmurlarına təsir mexanizmi nədən ibarət olacaq, həmin mexanizm işləkdirmi?"

Hüquqşünas Asif Abdullayev yeniliyə münasibət bildirərək qeyd edib ki, Dövlət İmtahan Mərkəzinin bir vəzifəsi də dövlət qulluğu və dövlət qulluqçularının davranış məsələləri haqqında maarifləndirmə işlərinin aparılmasıdır: "Yəni onlar həm maarifləndirmə işləri aparırlar, eyni zamanda müəyyən nəzarət funksiyasını həyata keçirilər. Dövlət qulluqçularının etik davranış qaydalarının pozulması haqqında qanun var. Bu qanun müddəalarının pozulması barədə İmtahan Mərkəzi şikayətləri qəbul edəcək. Etik davranış məsələləri ilə bağlı araşdırma apara biləcək, eyni zamanda tövsiyələr verə biləcəklər. Məsələn, hər hansı cinayət əlaməti varsa araşdırılması üçün adiyyatı orqanlara göndərə bilərlər, eyni zamanda dövlət orqanına, vəzifəli şəxslərə hər hansı hadisə ilə bağlı məlumat verə biləcəklər. İmtahan Mərkəzi vəziyyət haqqında mühazirələr, onlar haqqında hesabatlar hazırlayacaq".

"Bu yenilikdir. Hər halda dövlət qulluqçularının maariflənməsi, onlara nəzarətin olması yaxşı nəticələr verəcək. Əsas odur ki, qurum onun üzərinə düşən səlahiyyətləri düzgün həyata keçirsin. Bu zaman uğurlu nəticələr əldə etmək mümkün olacaq" – deyə hüquqşünas əlavə edib.

Xəbər lenti
0