BAKI, 22 iyun — Sputnik. Dövlət orqanının rəhbəri dövlət orqanında vakant vəzifə yarandığı gündən bir ay müddətində həmin vakant vəzifənin tutulması üçün daxili müsahibə və ya ümumi müsahibə, yaxud müsahibə keçirilməsi barədə qərar qəbul etməli və bu barədə Dövlət İmtahan Mərkəzinə (DİM) məlumat verməlidir.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin fərmanı ilə imzalanan “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası”nda əksini tapıb.
Bu Qayda birinci–beşinci kateqoriya dövlət orqanlarında (yerli icra hakimiyyəti orqanları, yerli icra hakimiyyəti orqanlarının yanındakı orqanlar və inzibati ərazi dairələri üzrə nümayəndəlikləri istisna olmaqla) inzibati vəzifələrin birinci–yeddinci təsnifatına uyğun olan dövlət qulluğu vəzifələrinin tutulması üçün yaradılan müsahibə komissiyasının reqlamentini, müsahibə komissiyasının tərkibinin formalaşdırılması, müsahibənin keçirilməsi, qiymətləndirmə aparılması, müsahibənin nəticələrinin araşdırılması qaydasını və keçid ballarını müəyyən edir. Müsahibə elanı, vakant vəzifə üzrə vəzifə təlimatı və müsahibə proqramları vakant vəzifənin aid olduğu dövlət orqanının (dövlət orqanı) internet saytında yerləşdirilməli, habelə müsahibə elan edilməzdən azı 10 gün əvvəl DİM-ə təqdim olunmalıdır. DİM həmin məlumatların öz internet portalında yerləşdirilməsini təmin etməlidir. Müsahibə komissiyasını üç nəfərdən ibarət tərkibdə, DİM-in bir nümayəndəsi və bir müstəqil ekspert daxil edilməklə, dövlət orqanı yaradır. Yardımçı vəzifə tutan dövlət qulluqçuları, vakant vəzifədən daha aşağı vəzifə tutan dövlət qulluqçuları, namizədlə yaxın qohumluq əlaqəsi olan şəxslər (əri (arvadı), valideynləri, qardaşları, bacıları, övladları), bilavasitə və ya dolayı yolla müsahibənin nəticəsində maraqlı olan, obyektivliyi və qərəzsizliyi şübhə doğuran şəxslər və ali təhsili olmayan şəxslər müsahibə komissiyasının üzvü ola bilməzlər. Dövlət orqanında, həmin dövlət orqanının strukturuna daxil olan və ya strukturuna daxil olduğu dövlət orqanında işləməyən, habelə həmin dövlət orqanına, onun strukturuna daxil olan və ya strukturuna daxil olduğu dövlət orqanına ezam edilmiş, dövlət orqanının fəaliyyətinə cəlb olunmuş şəxslər müsahibə komissiyasının həmin dövlət orqanını təmsil edən nümayəndəsi kimi iştirak edə bilməzlər.
Müsahibə, namizədin razılığı ilə videoçəkiliş aparılmaqla, ictimaiyyət, kütləvi informasiya vasitələri nümayəndələrinin və digər müşahidəçilərin iştirakı ilə (olduğu halda) keçirilir. Bu halda videoçəkilişlər və ya müşahidəçilərin iştirakı müsahibənin keçirilməsinə, eləcə də müsahibə komissiyasının normal fəaliyyətinə maneə törətməməlidir. Əgər belə maneə törətmə halları müvafiq xəbərdarlıqdan sonra da təkrar olunarsa, videoçəkiliş və ya müşahidəçilərin iştirakı məhdudlaşdırıla və ya qadağan edilə bilər. Hər bir qiymətləndirmə meyarı üçün ən yüksək bal 5, ən aşağı bal isə 2-dir. Hər bir meyar üzrə verilmiş qiymətlər toplanaraq, namizəd barədə ümumi bal müəyyən ediləcək və “Namizədin iddia etdiyi inzibati vəzifəyə uyğunluğunun qiymətləndirilməsinə dair bal cədvəli” ilə rəsmiləşdiriləcək. Müsahibə komissiyası üzvlərinin verdiyi ümumi ballar toplanılır və komissiya üzvlərinin sayına bölünərək, orta bal müəyyən ediləcək. Müsahibənin yekun nəticələri “Namizədin inzibati vəzifəyə uyğunluğunun qiymətləndirilməsinə dair yekun protokol”la rəsmiləşdiriləcək. Müsahibə komissiyası üzvlərinin namizədin qiymətləndirilməsi zamanı verdiyi ümumi ballar arasında müsahibə nəticəsinə təsir edən fərq (3 və daha çox bal) olduqda, müsahibənin nəticəsi etibarsız hesab ediləcək. Bu halda müsahibənin nəticələrinə Qanuna əsasən inzibati şikayətə baxmalı qurumda baxılacaq. Vakant vəzifə üzrə keçirilmiş müsahibədən 16 və daha çox bal toplamış namizəd müsahibədən müvəffəqiyyətlə keçmiş hesab olunacaq. Müsahibə komissiyası namizədin iddia etdiyi vakant vəzifəyə uyğun olub-olmaması barədə qərar qəbul edəcək.