BAKI, 25 iyul — Sputnik. "Əgər "Qarabağ" rəqibə oyunu diktə edə bilsə, yəni qarşı tərəfə öz oyununu qəbul elətdirə bilsə, qalibiyyət özü gələcək". Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında millimizin keçmiş baş məşqçisi Ağasəlim Mircavadov deyib.
Təcrübəli məşqçinin sözlərinə görə, "Qarabağ" öz oyununa və imkanına görə Çempionlar Liqasının qrup mərhələsinə düşə bilər: "Mən hər zaman söyləmişəm ki, "Qarabağ" öz oyununa və imkanına görə Çempionlar Liqasının qrup mərhələsinə düşə bilər. Ancaq hər şey futbolçuların öz istəyindən asılıdır. Əgər Qarabağ rəqibə oyunu diktə edə bilsə, yəni qarşı tərəfə öz oyununu qəbul elətdirsə bilsə, qalibiyyət özü gələcək. Qarabağ çalışmalıdır ki, öz meydanında qol buraxmasın. Çünki ən vacib məsələ budur" — Mircavadov qeyd edib.
"Şerif" klubunu analiz edən əməkdar məşqçi deyib: "Mən çoxdandır ki, "Şerif" klubunun oyununa baxmıram. Ancaq onu deyə bilərəm ki, bu klubla iki dəfə MDB turnirində üz-üzə gəlmişəm. O vaxtlar çox güclü oynayırdı. Şerif Avroliqada da tez-tez oynayırdı. İnfrastrukturu, stadionu, maddi bazası olduqca yüksək səviyyədədir. Ancaq hal-hazırda Moldova çempionatına və o ölkənin milli komandasının oyununa baxanda görürük ki, "Qarabağ"ın bugünkü oyunda şansı daha böyükdür".
Qeyd edək ki, bu gün saat 21:00-da UEFA Çempionlar liqasının 3-cü təsnifat mərhələsində Azərbaycan çempionu Qarabağ Moldovanın Şerif klubu ilə Tofiq Bəhramov stadionunda üz-üzə gələcək.