BAKI, 24 iyul — Sputnik. Bakıda Su İdmanı Sarayında (Baku Aguatic Palace) futvole üzrə "Qızmar Bakı Qumu" adı altında turnir start götürəcək.
Azərbaycan Futnet Federasiyasının mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, iyulun 29-da baş tutmalı olan turnirin vaxtı dəyişdirilib. Belə ki, Su İdmanı Sarayının AFNA-ya müraciəti əsasında yarış bir gün sonraya təyin edilib. Müraciətdə iyulun 29-da Su İdmanı Sarayında çimərlik futbolu üzrə Superliqanın iki matçının keçiriləcəyi bildirilib. Beləlikə, "Qızmar Bakı qumu" iyulun 30-da saat 18:30-da başlayacaq.
Turnirdə kişi və qadın komandaları iştirak edəcək. Bir gün davam edəcək yarışda kişilərdən ibarət 8 futvole kollektivi iki qrupda mübarizə aparacaq. Qruplarda ilk iki sıranı tutan kollektivlər yarımfinala vəsiqə qazanacaq. Qadın idmançıların mübarizəsinin də maraqlı anlara səhnə olacağı şübhə doğurmur.
Qeyd edək ki, futvole üzrə yarış avqustun 5-6-sı Bakıda keçiriləcək futvole üzrə beynəlxalq turnirə hazırlıq xarakteri daşıyır.