BAKI, 24 iyul — Sputnik. Adətim üzrə gecikdim. Hamı bu haqda palaz-palaz yazandan, ağızdolusu danışandan sonra, mənim yadıma düşdü ki, axı, avtomobil yanacağının satış qiyməti növbəti dəfə qalxdı…
Bəli, benzin bahalaşdı. Həm də nəzərəçarpacaq dərəcədə. Buna alayarımçıq cümlələrlə haqq qazandırmağa çabalayanlar da oldu, aqressiv şəkildə qarşı çıxanlar da, narazılığını "off"larla ifadə edənlər də.
Amma fakt odur ki, Aİ-92 markalı benzinin qiyməti 28.5 faiz bahalaşdı. Yəni, məsələn, həftəyə 30 manat benzinə pul xərcləyən bir sürücü, bunun üzərinə hər həftə üçün, təxminən 8 manat da (aylıq 32 manat) əlavə etməli olacaq.
Bizim nə deməyimizdən asılı olmayaraq, gerçək dəyişməyəcək. Üstəlik dediyim kimi, fikir bildirməkdə də gecikmişəm, yəni arxadan atılan daş topuğa dəyər. Ona görə də, mən bu aralar diqqətimi çəkən başqa bir məqama toxunmaq istəyirəm — vətəndaşların bu cür çətin anlarda bir-birilərinə qarşı sərgilədikləri münasibətə.
Üç gün öncə iki taksi sürücüsünün mübahisəsinə şahid oldum. Nisbətən yaşlı olan sürücü qarşısındakına uca səslə iradlarını çatdırırdı: "Siz peyda olandan bu yana müştəri tuta bilmirik, tutduğumuz da onu elə qiymətə aparmağımızı istəyir ki, maşını işə salmağa əlimiz gəlmir. Bütün bazarı öldürmüsünüz".
O biri taksi sürücüsü də söz altında qalmırdı: "Neyniyək, sizin kimi saatlarla oturub bahalı müştəri gözləyək? Ondansa aşağı qiymət təklif edirik və bir dəqiqə də boş qalmırıq. Allah bərəkət versin".
Bəlli oldu ki, narazılıq edən şəxs fərdi "taksist", digəri isə taksi xidməti göstərən şirkətlərdən biri ilə çalışan sürücüdür. Qocaman sürücü "Mənim 20 manatdan aşağı getmədiyim aeroporta, sən 8 manata apardın müştərini, belə də qiymət olar?!" — deyə narazılığını davam etdirirdi. O da, "O 8-in 4-ü mənə qaldı, bəsimdir" deyə dirəşmişdi.
Bu mübahisədə kimin haqlı, kimin haqsız olmasını dartışmırıq. Hər kəsin özünə görə haqlı və haqsız tərəfi var. Məsələ işin başqa tərəfindədir. Bizim millət rəqabətsizlik şəraitinə, inhisarçılığa o qədər öyrəşib ki, bu bazardakı yazılmamış qanunların cüzi dəyişməsi belə, onu özündən çıxarır. Hər bir sahədə üstünlük hüququna sahib olduğunu düşünən kəsim, həmin sahədə pozulmamasına nəzarət etdiyi bu qaydaların aradan qalxdığını qəbul və həzm edə bilmir.
Üçüncü mikrorayon dairəsində sabahdan axşama sifariş gözləyən fəhlələr belə, müəyyən bir çevrədə monopoliyanın saxlanmasına çalışırlar. Onlardan hansısa biri müştərinin 30 manatlıq işini 25-ə görməyə razılıq verərsə, bu, onun üçün ciddi "spros"larla nəticələnə bilər.
Saçı 5 manata kəsən bərbərimiz də, abituriyenti 70 manata hazırlayan müəllimimiz də, doğuş əməliyyatını 500 manata edən həkimimiz də, kredit faizini 30 civarında sabit saxlayan banklarımız da, əlinə düşən sərxoş sürücünü vahid standarta cavab verən leksikonla yalvardan YPX əməkdaşımız da, məhv bu cür rəqabətsizlik sisteminin birbaşa dəstəkçisidir.
Bu səbəbdən, dünənədək minnət qoya-qoya, 10 manata mənzil başına çatdırdığı müştərinin, bu gün bir zənglə ayağına gələn taksi xidmətinə 5 manat ödədiyini görən köhnə bakılı, bu "ədalətsizliyi" özünə sindirə bilmir. Və bir müştəridən itirdiyini iki müştəridən qazanmaq, böhran zamanında həmvətənlərini daha da sıxıntıya soxmamaq əvəzinə, bu cür əziyyətə qatlanan məsləkdaşını öz məsləyinə xəyanətdə ittiham edir.
Dəyişimə özümüzdən başlamalıyıq, əziz hər şeydən narazı cəmiyyətdaşlar! Sən hər addımda, əlinə düşən fürsətdən, başqa həmvətənlərinin əzilməsi bahasına gen-bol yararlanarsan və öz çapında monopolist mövqeyindən çıxış edərsənsə, sənin əməlini daha böyük meydançalarda yaşadanlar haqda giley-güzar etməyə mənəvi haqqın çatarmı…?