BAKI, 21 iyul — Sputnik. Hələ 2015-ci ildə ekspertlər xəbərdarlıq etmişdilər ki, maliyyə böhranı Azərbaycana işsizlik gətirəcək və bunun nəticəsi olaraq da kriminogen vəziyyət ağırlaşacaq. Görünür, ekspertlər öz proqnozlarında yanılmayıblar və vəziyyət yaxşılığa doğru dəyişmir ki, dəyişmir. Ona görə də, ictimai təhlükəli kriminal elementlər günün günorta çağı öz əməllərini törətməyə başlayıblar. Azsavadlı, karyera imkanları məhdud insanların aşağı sosial statusu gəncləri mütəşəkkil cinayətkarlığa doğru itələyir…
Binəqədi rayonu ərazisində hədə-qorxu yolu ilə soyğunçuluq faktı qeydə alınıb. Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
İlkin məlumata görə, cinayət iyulun 19-u, saat 17:30 radələrində Beynəlxalq avtovağzalın ərazisində baş verib. "Ford Focus" markalı 10 XJ 218 dövlət nömrə nişanlı avtomobilin yanında dayanan iki kişi "Hummer" markalı avtomobili saxlayaraq sürücüdən yardım istəyiblər. Bahalı avtomobilin sahibi maşını saxlayan kimi kişilər qapını sındırmağa cəhd ediblər. Onlar Həbilova fiziki təzyiq göstərərək ondan pul tələb ediblər. Zərərçəkmiş quldurlardan yaxa qurtara bilib.
Bununla belə, zərərçəkmiş "Hummer" sahibinin məşhur vəkil Əlirza Həbilov olduğu məlum olub. Vəkil Sputnik Azərbaycan-a cinayətin detalları barədə danışıb.
Cinayətkarlar öz maşınlarını yolun sağ tərəfindəki T-şəkilli yol kəsişməsində, müşahidə kameralarının olmadığı yerdə saxlayıblar. Həmin vaxt vəkil Sumqayıtdan Apellyasiya Məhkəməsindən qayıdırmış. "Ceyranbatan" su anbarının yaxınlığında ağır yol-nəqliyyat hadisəsinin şahidi olub.
"Avtovağzaldan "Sədərək" ticarət mərkəzi istiqamətində bildiyiniz kimi, yeni yol haçalanır. Onlar orada pusqu qurmuşdular. Əvvəla qeyd edim ki, mən qayıdanda Lexus markalı maşınla yük maşınının toqquşduğunu gördüm. Bu səbəbdən 20 yanvar istiqamətində böyük tıxac yaranmışdı. Avtovağzalın yanında mən dolayı yolla getmək qərarına gəldim və kifayət qədər boş olan yeni yoldan istifadə etdim. Elə təzəcə təpədən enmişdim ki, 20 metr irəlidə yolun kənarında dayanmış maşını gördüm. Maşının yük yeri, eləcə də bütün yan qapıları açıq idi. Mən sonra başa düşdüm ki, bu, maşının markasını və dövlət nömrə nişanını gizlətmək məqsədilə edilib" — deyə vəkil bildirib.
Həbilovun sözlərinə görə, sükanın arxasında sürücü oturub, onun yanında isə saqqallı kişi dayanıb. Onlar "Hummer"i görən kmi saqqallı yolu bağlayıb. Həbilov yavaş sürətlə gedirmiş və yolda kişini görən kimi əyləci basıb. Amma mühərriki söndürməyib. Vəkil bir qədər şüşəni aşağı endirib və əli ilə kişiyə işarə edib ki, onu eşitməyə hazırdır. Saqqallı kişi isə maşına sol tərəfdən deyil, sağ tərəfdən yaxınlaşıb. O, maşının qapısına əl ataraq onu açmağa cəhd edib.
"Bu məni şübhələndirdi. Mən sağ qapının şüşəsini bir qədər endirdim ki, o, əlini keçirə bilsin. "Sən bizə pul verməlisən" — deyə o, bildirdi. Mən soruşdum ki, "niyə?" "Sən bilmirsən niyə? İndi bilərsən!" — deyə kişi kobud cavab verib. Onda mən ona dedim ki, maşının baqajını bağlasa, ona pul verəcəm" — Həbilov deyib.
Vəkilin təklifi cinayətkarı özündən çıxarıb: "Sən nə danışırsan? Mən niyə baqajı bağlamalıyam?!" Bu vaxt sürücü qışqırıb: "Nədi, vermək istəmir?!" Elə bu sözlərlə sürücü dərhal "Hummer"ə sarı hoppanıb və onlar ikisi də güc işlətməklə maşının qapısını dartaraq açmağa çalışıblar.
"Əgər başqa maşın olsaydı, onlar qapını qırardılar. Mən sakitcə hərəkət etməyə başladım. Amma sürəti artıra bilmədim, çünki saqqallı ayağını ayaqaltıya qoymuşdu. Əgər ona nəsə olsaydı, mən cavab verməli olacaqdım. Bununla belə mən ehmalca maşını sürməyə başladım ki, onların maşınlarının nömrəsini qabaqdan görüm. 30 metr getmişdim ki, quldurlar ayaqla zərbə vuraraq qapını açdılar. Mən isə onların əlindən xilas ola bildim. Bir az gedəndən sonra mən dayanaraq onların maşınlarının nömrəsinə baxmaq istədim. Onda cinayətkarlar mən tərəf qaçmağa başladılar. Mən isə qaza basdım" — deyə Həbilov bildirib.
Baş verən hadisədən dərhal sonra vəkil polisə gedib. O, maşını və ona hücum edən şəxsləri təsvir edib. İyulun 20-də Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsinin əməkdaşları operativ əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin iştirakçılarından birini saxlayıb. O, Fordun sükanı arxasında oturan, Bakıda kirayənişin kimi yaşayan Salyan rayon sakini, beş uşaq atası, 1968-ci il təvəllüdlüdlü Səmid Babayev olub. Cinayətin ikinci iştirakçısının saxlanılması istiqamətində polis iş aparır.
İlkin məlumata görə, quldurların basqın zamanı istifadə etdikləri avtomobil Babayevə məxsus deyil. Avtomobilin oğurluq olduğu güman edilir. Vəkil şübhələnir ki, quldurlar ondan pul almaq fikrində olmayıblar. Onlar maşını ələ keçirmək istəyirlərmiş.
Faktla bağlı AR Cinayət Məcəlləsinin 182-ci maddəsi (hədə-qorxu ilə tələb etmə) ilə cinayət işi açılıb. Təhqiqat davam edir.
Qeyd etmək lazımdır ki, 12 il əvvəl paytaxtın ən kriminal yerləri Yasamal, Nəsimi və Nərimanov rayonları hesab edilirdi. Bu günlərdə isə həmin siyahıya Binəqədi, Suraxanı, Sabunçu və Xəzər rayonları da əlavə olunub. Polislər bunu bir sıra faktorlarla izah edirlər. Şəhər kənarında ölkənin ayrı-ayrı regionlarından gəlmiş xeyli sayda adam yaşayır. Onların işi və daimi yaşayış yerləri yoxdur. Bununla belə, onların bir hissəsi quldurluqla məşğul olur.