BAKI, 11 iyul — Sputnik. Paytaxt polisi kriminogen vəziyyətin yaxşılaşdığına dair yarım illik hesabatını açıqlamamış, Bakıda növbəti adam oğurluğu baş verib. Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarının əməkdaşları məlumat verib.
Binəqədi rayon Polis İdarəsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Ağayev Neymət Elxan oğlunu oğurlayan cinayətkar dəstənin dörd şübhəli üzvünü saxlayıblar. Saxlanılan şəxslər Ramin Hüseynov, Əlvar Məmmədov, Rəşad Yusifzadə və Şimral Mustafayevdir.
Lakin bunlar cinayətkar dəstənin bütün üzvləri deyil. Bu dəstənin daha beş üzvü də axtarışdadır ki, onlardan da biri qızdır. Hazırda onlarla bağlı AR Cinayət Məcəlləsinin 182.2.1 maddəsi (hədə-qorxu ilə tələb etmə) ilə cinayət işi açılıb və cinayət işinin materialları Bakı şəhər Baş Polis İdarəsinin təhqiqat şöbəsinə göndərilib.
Adı çəkilən şəxslər iyunun 29-u saat 21:30 radələrində, Binəqədi rayonu ərazisindəki Mehdi Hüseyn küçəsində yerləşən R-Club gecə klubunun qarşısına gələrək, Ağayevin BMW markalı, 90 FR 048 dövlət nömrə nişanlı maşınına əyləşiblər və birbaşa ərazidəki insanların gözü qarşısında onun başına torba keçiriblər. Quldurlar öz qurbanlarına fiziki zor tətbiq edərək, ondan mənzilinin açarını, iPone-7 mobil telefonunu alıblar. Sonra Ağayevin mənzilinə soxularaq oradan 38 min dollar məbləğində pul və zinət əşyaları götürüblər.
Bundan sonra onlar girovlarını Xətai rayonu Əhmədli qəsəbəsi ərazisində yerləşən "Oskar" kafesinə gətiriblər. Orada Ağayevi döyüblər. Zərərçəkmişin canı bununla da qurtarmayıb. Oğrular onu maşına oturdaraq Əlvar Məmmədovun evinə gətiriblər, burada boğazına bıçaq dirəyərək ondan daha 3350 manat aldıqdan sonra Ağayevi buraxıblar.
Zərərçəkmiş şəxs dərhal yardım üçün polisə müraciət edib. Hazırda faktla bağlı araşdırma, həmçinin saxlanılanlar və baş vermiş cinayətlə əlaqəsi olan digər şəxslər barədə təhqiqat aparılır.