Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 21 iyul — Sputnik. Hüseyn Hacımustafazadə ömrünün 29 ilini şəbəkə sənətinə həsr edib. Şəkinin unikal sənətkarlıq nümunələrini yaşadanlar məhz belə adamlardır. Ömrünü təmənnasız olaraq sənətə və onun nəsildən-nəslə ötürülməsinə həsr edən sənətkarlar. Onlar özlərini sənət sahəsinin missionerləri hesab edirlər.
15 yaşından bu sənətə yiyələnən Hacımustafazadə deyir ki, sənətin sirlərini məşhur şəbəkə ustası Usta Əşrəfdən öyrənib. Bu işin davamçılarına gəldikdə isə, tələbə götürəndə ilk baxışdan bilmək olmur bu tələbə səbr edə biləcək, axıra kimi gedəcək, ya yox.
"12 tələbə ilə başlayıram, 6 aydan, 1 ildən sonra 4-5 nəfəri qalır. Bəziləri səbr edə bilməyib başqa sahələrə üz tuturlar. Mənə elə gəlir ki, yaxşı şəbəkə ustası olmaq üçün sənəti sevmək, böyük fantaziya, səbr, həm də savad lazımdır. Riyaziyyat, həndəsə, rəsmxətt kimi fənləri mükəmməl bilməyən tələbə üçün şəbəkə ustası olmaq çətin olur" – deyə Hüseyn Hacımustafazadə bildirir.
Şəbəkə ustası Sputnik Azərbaycan əməkdaşı ilə söhbətində, Azərbaycana, ələlxüsus da Şəkiyə məxsus sənətin tarixindən də danışıb. Onun sözlərinə görə, yaşatdığı sənət minillik tarixə söykənir:
"250 il bundan əvvəl Hüseyn xan tərəfindən Şəki Xan Sarayı tikilib. Sarayın bütün pəncərələri şəbəkədəndir. Bir çox Avropa və Yaxın Şərq ölkələrində olmuşam. Dünyanın heç bir yerində Şəki Xan Sarayında olan incə şəbəkəyə rast gəlməmişəm. Orada şəbəkələr o qədər incədir ki, hissələri əl ilə yığmaq olmur. Hissələr xüsusi naqqaşla qoyulur" — deyə usta bildirir.
Dekorativ tətbiqi sənətin ən mürəkkəb növlərindən biri olmaqla yanaşı, şəbəkədə yapışqandan, mismardan istifadə edilir. Usta qeyd edir ki, hər bir hissəni hazırlamaq üçün 8, bəzi hallarda 12 dəfə əməliyyat aparılır, kəsilir, bir hissə hazır olur. Əgər həmin hissə lazım olan ölçüdən 0,1mm, yəni eskizdəki ölçüdən böyük və ya kiçik olarsa, o yığım alınmır. Hissələr mismardan istifadə edilmədən bir-birinə toxunur. Tam dəqiqlik tələb olunur. Ona görə də şəbəkə belə mürəkkəb və vaxt aparan sənətdir.
Son vaxtlar şəbəkəyə tələbatın çoxaldığını vurğulayan sənətkar, sifariş verənlərin əsasən xarici turistlər olduğunu deyir: "Tələbatın artması onunla bağlıdır ki, ölkəmizə gələn turistlərin sayı artıb. Bizim şəbəkə emalatxanası turizmin proqramında var. Şəkiyə gələn qonaqlar Şəki Xan Sarayına baxdıqdan sonra bizim emalatxanadan da keçirlər. Onlarda böyük maraq ona görə yaranır ki, heç bir yerdə rast gəlmədikləri qeyri-adi əl işi kimi şəbəkəyə üstünlük verirlər".
H. Hacımustafazadənin sözlərinə görə, turistlər suvenirlərdən almaqla yanaşı, sifarişlər də edirlər. Sifariş verən xarici vətəndaşlar əsasən ölkəmizdə fəaliyyət göstərən səfirliklərin işçiləridir ki, onlar xidməti müddətləri bitdikdən sonra öz ölkələrinə qapı və yaxud da pəncərə sifariş verib aparır, Azərbaycandan bir xatirə kimi saxlayırlar.
2002-2004-cü illərdə Şəki Xan sarayının bərpasında iştirak edən sənətkar bildirir ki, tenderi bir alman şirkəti udmuşdu: "Biz o şirkətdən xahiş etdik ki, Venesiya şüşəsinə oxşar bir şüşə gətirsinlər, bərpa sarayın qədimiliyinə xələl gətirməsin, olduğu kimi qalsın. Çünki, 250 il əvvəl Şəki Xan Sarayı tikiləndə Hüseyn xan şüşələri ustalar üçün Venesiyadan gətirtmişdi".
Lakin indi usta, işlədiyi şəbəkələrdə Rusiya istehsalı olan şüşədən istifadə edir. Deyir ki, Rusiya istehsalı olan şüşənin qalınlığı 3 mm-dir. Amma Venesiya şüşəsinin qalınlığı 1mm-dir: "Bir mm-lik şüşə ilə işləmək daha rahatdır. Mən bir neçə dəfə dövlət tədbirlərində iştirak etmişəm. İqtisadiyyat və Sənaye Nazirliyinin əməkdaşları ilə görüşdə bu şüşənin ölkəmizdə olmadığı haqqında məlumat verdim. Onlar gələcəkdə ölkəmizdə rəngli şüşənin istehsalını planlaşdırdıqlarını söylədilər. Ölkəmizdə həmin şüşə istehsal olunsa, biz bütün rənglərin çalarlarını, istədiyimiz qalınlığı sifariş verə bilərik. O zaman işimiz daha da yüngülləşər".
Sənətkar əsl şəbəkə üçün taxtanın şərq çinarından hazırlandığını deyir. Şəki Xan Sarayını bərpa edəndə də çinardan istifadə etdiklərini bildirir. Lakin hazırda yerli meşə materialı olan ləpəli fıstıqdan istifadə edirlər. Çünki ləpəli fıstığın meşələrdə qırılmasına icazə var.
"Ondan birbaşa istifadə etmirik. Fıstıq taxtasını buxarda bişiririk, şirəsi axır, qidalı mühit gedir. Çünki adətən qurd qidalı mühitə gəlir, şirəsi axan ağaca gəlmir. Yüz faiz qurudulduqdan sonra əlif yağında saxlayırıq. Ondan hazırlanan şəbəkələrə ömürlük zəmanət veririk ki, çürüməyəcək, qurdlamayacaq. Şəki Xan Sarayında elə şəbəkələr var ki, 250 yaşı olmasına baxmayaraq, indiyə kimi taxtaları çürüyüb məhv olmayıb. Çox güman ki, o zaman da həmin texnologiyadan istifadə ediblər" – Hacımustafazadə əlavə edir.
Hüseyn usta 2009-cu ildə ilk dəfə kürə şəklində şəbəkə hazırlayıb. Onun sözlərinə görə, əsrlər boyu şəbəkə düz lövhə şəklində işlənib. Kürəşəkilli şəbəkənin dünyada analoqu yoxdur: "Həmin əsərim Birləşmiş Ərəb Əmirliklərində 38 ölkədən 400 sənətkarın qatıldığı beynəlxalq festivalda I yerə layiq görülmüşdü. Həmin əsəri xatirə olaraq saxlayıram. İki aydan çox vaxt sərf etdiyim nar şəbəkəsi Avstriyanın paytaxtı Vyanada Azərbaycan mədəniyyət günləri çərçivəsində keçirilən nar bayramında nümayiş olundu. Gözəl bir sənət əsəri kimi satmamışam, nar bayramından xatirə kimi saxlamışam".
Bundan əlavə, kürə şəklində qədim musiqi aləti olan kamança hazırlayan sənətkar qeyd edir ki, həmin əsəri Bakıda Novruz bayramında Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya göstərib. Əsər onların da böyük marağanına səbəb olub: "Həmin kamançanı Nizami adına Ədəbiyyat Muzeyində eksponat kimi saxlamaq fikirləri var. Hazırda şəbəkə tar və dəf üzərində işləyirəm. Milli musiqi aləti olan üçlüyü şəbəkə üsulu ilə işləməklə qədim alətimizə yeni gözəllik bəxş etmək barədə düşünürəm".
Şəbəkə sənəti milli dəyərimizdir. Əminliklə deyirəm ki, göy qurşağı kimi al-əlvan rənglərlə bəzədilən şəbəkə üsulu ilə yaradılmış qapı və pəncərələr günümüzdə olduğu kimi, gələcəkdə də evləri və binaları bəzəyəcək, doğma diyarımızın memarlıq mənzərəsinə gözəllik və orijinallıq bəxş edəcək.