Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan
BAKI, 21 iyul — Sputnik. Tarif (qiymət) Şurasının 2017-ci ilin 14 iyul tarixində keçirilmiş növbəti iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında "Aİ-92" markalı avtomobil benzininin pərakəndə satış qiymətinə baxılıb, müvafiq tarif tənzimlənməsi həyata keçirilib. Belə ki, "Aİ-92" markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib.
Tarif Şurasının bu qərarının avtomobil bazarına təsirsiz ötüşməyəcəyi hər kəsə məlumdur. Bəzi maşınların qiymətinin düşməsi, digərlərinin qiymətinin yüksəlməsi qaçılmazdır. Sputnik Azərbaycan yaxın gələcəkdə avtomobil bazarında baş verəcəyi proqnozlaşdırılan dəyişikliklərlə bağlı mütəxəssislərə üz tutub.
"VİP Escort Motors"un baş direktoru Rəşad Quliyev bildirib ki, irihəcmli benzin mühərrikli avtomobillərin satış qiymətləri enəcək: "Avtomobil idxalçıları artıq kiçik motorlu maşınların idxalına daha çox üstünlük verəcək. Nəzərə alaq ki, müasir dövrdə istehsal edilən avtomobillərin əksəriyyəti yüksək at gücü ilə təchiz olunmuş kiçik həcmli mühərrikli avtomobillərdir. Hətta Almaniyada 2030-cu ildən etibarən benzin və dizel mühərriklərinin istehsalına qadağa qoyulacağına görə, elektroavtomobillərin erasının gələcəyini demək olar".
"Təəssüf ki, elektroavtomobillərin idxal rüsumu çox bahadır. Belə ki, bu avtomobillərin üzərinə təxminən 36-37 % gömrük rüsumu gəlir. Avtomobilin öz qiyməti, yol xərcləri, 36% gömrük rüsumu bir az bahadır. Amma elektrik enerjisi ilə işlədiyinə görə sərfəlidir. Məsələn, Volkswagen e-Up modeli tam enerji ilə 500 km yol qət edə bilir. 100 km-ə 15 kw enerji sərf edir. Amma hazırda ən ucuz yanacaq sayılan dizel ortalama 100 km-ə 8-9 litr işlədir, bu isə sürücünün 5 manat xərcləməsi deməkdir. Bir sözlə elektroavtomobillər sərfəlidir və yaxın gələcəkdə bu avtomobillərə üstünlük veriləcək" – deyə Rəşad Quliyev əlavə edib.
Avtomobil alqı-satqısı ilə məşğul olan Namiq Məmmədov isə əlavə edib ki, benzinin qiymətinin qalxması artıq maşın bazarına öz təsirini göstərib. Belə ki, dizellə işləyən maşınların qiyməti qalxıb: "Uzun müddət 12 min manata satılmayan dizellə işləyən maşın, artıq 15 minə alıcılara təklif olunur. Bir müddət öncə dizellə işləyən "Mercedes ML" markalı maşın 21 min manata satılmadığı halda, bu gün həmin avtomobil 25 minə satışa çıxarıldı".
"Eyni zamanda, bazarda böyük həcmli mühərriki olan avtomobillərin satışı dayanıb və qiyməti də enir. Amma mühərriki 1.2-dən 2.0-yə kimi olan avtomobillərin qiyməti artır və yaxın gələcəkdə tələbat məhz bu avtomobillərə olacaq" — N. Məmmədov vurğulayıb.
"Avto Azərbaycan" şirkətinin marketinq meneceri Rauf Cahangirov qeyd edib ki, insanlar qənaətli maşın almağa çalışırlar: "Bir neçə il öncə insanlar maşının dizaynına üstünlük verirdilərsə, indi ekonom avtomobillərə maraq artıb. İnsanlar artıq yanacaq sərfiyyatı az olan avtomobillərə üstünlük verirlər. "Aİ-92" benzinin qiymətinin artmasının bizim satışımıza necə təsir göstərdiyinə gəlincə, deyə bilərəm ki, biz öncədən də ekonom avtomobilləri daha çox satırdıq. Müasir tələbləri nəzərə alaraq tezliklə ölkəyə elektrik avtomobillərini gətirməyə başlayacağıq. Nəzərə alsaq ki, yaxın gələcəkdə dünyanın bir çox ölkələri məhz bu avtomobillərə keçid edəcək, deməli, biz də bu avtomobillərə keçə bilərik. Hal-hazırda istehsalçı ilə danışıqlar gedir. Bu avtomobillərin qiymətinə gəldikdə, ekonom sayılan bu maşınlar 40 min manatdan başlayan qiymətə olacaq".