Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan
BAKI, 20 iyul — Sputnik. Bakı şəhəri ərazisində yaşayış məntəqələri yaxınlığında yüzlərlə obyektlər yerləşir. Bəzi sahibkarlar gəlirlərinin daha çox olmasını istəyərək, qanunla iş saatının 18:00-da bitməsinə rəğmən, obyekti bağlamır və gecə saatlarına kimi işlədirlər.
Xüsusilə, səs-küylü işlə istehsalla məşğul olan sahibkarlar insanları gecə saatlarına kimi narahat edirlər. Çox zaman sakinlər dəfələrlə obyekt sahibinə və işçilərə iradlarını bildirsələr də, onların şikayətlərinə məhəl qoyulmur və işlərini davam etdirirlər. Sputnik Azərbaycan belə hallarla üzləşən insanların hüquqlarını necə bərpa edə bilməsini araşdırıb.
Məsələyə münasibət bildirən millət vəkili Hikmət Babaoğlu deyib ki, bəzən bütün məişət proseslərini qanunla tənzimləmək çətin olur: "Qanunla iş vaxtı bitdikdən sonra hər bir vətəndaşın istirahət etmək hüququ var. Yaşayış məntəqələrinin yaxınlığında sakinləri narahat edəcək səs-küylü iş yerləri varsa, bununla bağlı müəyyən tədbirlərin həyata keçirilməsi məqbul hesab edilə bilər".
"Azərbaycanda Əmək Qanunvericiliyində iş saatı 18:00-da bitir. Bundan sonra bütün iş məntəqələrinin, xüsusilə səs-küy yaradan yerlərin fəaliyyəti məhdudlaşdırılmalıdır. Bir sözlə, qanunvericilikdə belə məsələlər öz həllini tapıb. Sadəcə bunlara əməl etmək lazımdır. Bu isə ictimai mədəniyyətlə bağlı olan məsələdir" — deputat bildirib.
Onun sözlərinə görə, bu istiqamətdə maarifləndirmə işlərinin aparılması, obyekt sahiblərinə belə halların qanunla izah olunması, sosial reklamların çəkilərək insanların məlumatlandırılması lazımdır: "Əgər sahibkar saat 18:00-dan sonra qeyri-qanunu əmək fəaliyyəti ilə məşğul olursa və bu, sakinləri narahat edirsə, əmək müfəttişliyinə, bələdiyyələrə, icra hakimiyyətinə və polisə müraciət etmək olar. Qanunlarımız var, sadəcə vətəndaşların qanunları bilib tətbiq etmələri lazımdır".
"Belə problemlər bir çox meqapolislərdə çox rast gəlinən problemlərdir. Sadəcə vətəndaşlar öz hüquqlarını tələb etsə o zaman problemlər azalar" – deyə millət vəkili əlavə edib.
Hüquqşünas Adəm Məmmədov da məsələyə münasibət bildirərək qeyd edib ki, sahibkarların obyektləri yaşayış məntəqələrinin yaxınlığında yerləşirsə, bu onlara iş prosesi zamanı yaranan səs-küylə ərazidə yaşayan insanları narahat etmək hüququ vermir: "Bununla bağlı sahə müvəkkili, polis əməkdaşları tədbirlər görməlidir. Eyni zamanda, bu pozuntunu həyata keçirən insanlar inzibati məsuliyyətə cəlb edilə bilərlər. Belə problemlə qarşılaşan sakinlər mütləq polisə müraciət edərək hüquqlarını tələb edə bilərlər".