Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan
BAKI, 15 iyul — Sputnik. Yay fəsli gələn kimi çimərlik mövsümü başlayır. Bir neçə ay davam edən çimərlik mövsümündə yerli sakinlər və qonaqlar Xəzər sahilindəki çimərliklərdə dincəlirlər. Amma, buna çimərlik demək olarsa…
Natəmizlik, antisanitariya, bahalıq… İnsanları çimərlikdə qarşılaşdıqları müxtəlif problemlər narahat edir. Sputnik Azərbaycan-ın əməkdaşı sosial şəbəkə istifadəçilərinə "Abşeron çimərlikləri ilə bağlı hansı problemlər sizi narahat edir" sualını ünvanlayıb.
Ülviyyə Cəlilzadə: "Özəlləşdirilməmiş çimərliklər dövlət nəzarətində deyil. Pulsuz olan çimərlik sahilində şüşə qırıntılarından, yemək artıqlarından sahilə ayaq basmaq olmur. Məcbur qalıb pullu çimərliklərə getməli oluruq. Çimərliyə gedən yollar düzəlməyib, təmizləmə işləri aparılmır".
Günel Eminli: "Antisanitariya, dəniz suyunun və sahilin çirkli olması, çox yerlədə dənizə girişin pullu olması, xidmətin baha olması məni narahat edir. Məsələn, mən dənizə yemək-içməyə yox, sahildə uzanıb qaralmağa, bir az dənizə girməyə, dəniz kənarında gəzməyə gedirəm. Buna görə məndən niyə əlavə haqq istəsinlər ki?! Çimərlik ictimai yerdirsə, niyə ictimaiyyət üçün giriş ödənişli olmalıdır?"
Mahir Orucov: "Mən bəzi səbəblərə görə, ümumiyyətlə bizim çimərliklərə getmirəm. Suyun çirkli olması, antisanitariya, paltar dəyişmə otaqlarının demək olar ki, olmaması, dənizkənarı ərazilərin restoranlar tərəfindən zəbt olunması, dənizə giriş yerlərinin əksəriyyətinin pullu olması əsas problemlərdəndir".
Cəlal Səfərov: "Ətrafın çirkli, qiymətin baha olması, servisin aşağı səviyyədə olmasına haradasa göz yummaq olar, amma dənizin dibində, dəmir, metal (çox güman ki, əvvəllər mövcud olmuş tikililərin qalıqlarıdır) qırıntı və ya çıxıntıların olması heç cür başa düşülən deyil. Bu səbəbdən son 3 ildə dənizdə çimərkən 2 dəfə ciddi xəsarət almışam. Məncə, FHN insanları xilas etməklə yanaşı, bu məsələlərin də həlli üçün şərtlər qoymalıdır".
Savalan Talıblı: "Məni çimərliklərdəki antisanitariya narahat edir. Burada əsas günahkar sakinlərdir. Dəniz qırağında normal istirahət edə bilmirlər. Gətirdikləri meyvə-tərəvəz və digər qida məhsulları ilə ərazini zibilləyirlər. Bundan əlavə, hasarlanmış hissələrdə xidmətlərin həddindən artıq baha olmasıdır. Ən böyük problem isə özəl çimərlik məkanlarında girişdə hər gələn adamdan pul tələb edirlər. Bu isə heç bir çərçivəyə sığmır"
Gülnar Əliyeva: "Pullu yerlər bahadır, pulsuz yerlər çirkli. Çirkli uşaq pampersindən tutmuş, qarpız qabıqlarına kimi zibil tapmaq olur sahildə və çimərlikdə. Bu səbəbdən məcbur olub pul verib təmiz yerlərə gedirik".
Emil Maqalov: "Xidmət səviyyəsindən və bahaçılıqdan narazıyam".
Könül İbrahim: "Dənizə ağ çimərlik geyimi ilə girirsən, sudan çıxanda çimərlik geyiminin rəngi qaralır. Sonra o paltarı yusan da, ömür boyu izi qalır. Bir sözlə, dənizin suyu çox çirklidir".
Tofiq İsgəndərli: "Çimərliklər elə başdan ayağa problemdir. Orda adamı narahat etməyən nəsə var ki?"
Ülvi Əsədov: "Sumqayit sakini kimi deyə bilərəm ki, Sumqayıt çimərliklərində bir çox problemlər məni narahat edir. Natəmizlik, kanalizasiya sularının dənizə axıdılması, dənizin dibinin təhlükəli olması, yəni dənizin dibi iri daş, beton, müxtəlif dəmir parçaları ilə dolu olduğu üçün oralarda çimmək olduqca təhlükəlidir. Eyni zamanda, bəzi sahibkarlar tərəfindən sahilləri zəbt edərək parking üçün qanunsuz pullar yığılması ciddi problemlər sırasındadır".
İlham Şaban: "Hökumət öz vətəndaşlarının büdcəyə ödədiyi illik 4-5 milyard manat vergidən, niyə onlara ildə kapital xərci 1 milyon manat olan və girişi 0.5 AZN-dən baha olmayan ictimai çimərliklər təşkil etmir?"
Pərviz Salmanlı: "Məni narahat edən əsas problem suyun çirkli olmasıdır".