İradə Cəlil, Sputnik Azərbaycan
II yazı
BAKI, 19 iyul — Sputnik. Kapadokya Anadolunun ən qədim yazılı abidələrin tapıldığı yerdir. Bölgə o qədər maraqlıdır ki, buranı günlərlə gəzib bitirmək olmaz. Mənə Niğdə valisi Ərtan bəyin dəstəyi ilə bu tarixi bölgəni müəyyən qədər gəzib görmək qismət oldu. Yol bələdçim İbrahim bəy, oruc tutmasına baxmayaraq, bizi bir-bir tarixi məkanlara aparır, daha çox gəzməyim, görməyim üçün əlindən gələni əsirgəmirdi.
Kapadokya həqiqətən Yaradanın yer üzünə hədiyyəsidir. Milyon illər əvvəl Ərciyəz və Həsən dağlarının püskürdüyü lava kilometrlərlə əraziyə yayılıb və soyuduqca qəribə fiqurlar yaranmağa başlayıb.
Ərazi zaman-zaman hititlər, friqlər, medlər, farslar, makedoniyalılar, romalılar, pontuslular, səlcuqlar və osmanlıların məskəni olub. Kapadokyada 4 mövsümü yaşamaq mümkündür. Buna görə də, Kapadokyaya hansı fəsildə getsən, fərqli duyğu yaşayacaqsan. Xatırladaq ki, 1997-ci ildə Dünya Hava Olimpiadasının Hava Şarı yarışı burada keçirilib.
Görəmə Açıq Hava Muzeyi IV –XIII əsrlərdə monastır kimi fəaliyyət göstərib. Böyük bir ərazidə qayalarda ovulmuş kilsələr, yeməkxanalar, oturma məkanları, yataq otaqları olan bu muzey monastır təhsil sisteminin başlandığı yer olaraq qəbul edilir. Eyni təhsil sistemi sonralar Soğanlı, İhlara və Açıqsarayda da olub. Muzeydə diqqəti daha çox xristianlığın ilk dönəmlərində istifadə edilmiş geometrik bəzəklərlə yanaşı, İsa peyğəmbərin həyatından canlandırılmış səhnələr cəlb edir.
Görəmə Açıq Hava Muzeyində Qızlar və Oğlanlar Monastırı, Almalı Kilsə, Əziz Barbara Kilsəsi, İlanlı Kilsə, Qaranlıq Kilsə və Tokalı Kilsə turistlərin ən sevdiyi məkanlardan olsa da, kilsələrin qapısında "içəridə foto-video çəkmək qadağandır" yazılıb.
Onu da deyək ki, Görəmə Açıq Hava Muzeyi 1985-ci ildən təbii və mədəni varlıq olaraq UNESCO-nun Dünya Mirası Siyahısında yer alıb. Muzey dini bayramların ilk günü saat 13.00-ə qədər bağlı olur. Muzeyə giriş 30 lirədir. Açıq Hava Muzeyi o qədər böyükdür ki, gəzməklə bitmir və insanı yorur. Bəzi yerlərdə isə "Təhlükəlidir! Girmək olmaz!" xəbərdarlığı insanı vahiməyə salır.
Kapadokyada turistlərin diqqətini çəkən məkanlardan biri də Gümüşlər Monastırıdır. Qapı ağzında bizi Uğur adlı bələdçi qarşıladı və monastırı gəzdirdi. O, ara-sıra bizə monastır haqqında məlumat da verirdi. Dediyinə görə, bölgənin ən böyük monastırı hesab edilən Gümüşlər monastırı XI-XII əsrlərdə tikilib. Gümüşlər monastırının ən çox marağa səbəb olan hissəsi kilsədir. Deyilənə görə, kilsənin divar rəsmləri 3 fərqli usta tərəfindən çəkilib. Kilsə divarlarında Həzrəti İsa, iki mələk, Məryəm ana və əshabələr yer alıb.
Kilsənin alt qismindəki divarlarda isə Kayserili Böyük Basileios, Nyaalı Gregorius və s. rəsmləri yer alır. Gümüşlər Monastırının ən diqqət çəkən xüsusiyyəti gülümsəyən Məryəm ana və İsa freskasıdır. Kilsədə tavana çəkilən bu rəsmlərin dünyanın heç bir yerində təkrarı yoxdur. Məryəm ana freskası elə bir formada çəkilib ki, hansı tərəfdə dayansan o sənə baxacaq. Düzü bu da insanı vahiməyə salır. Gümüşlər Monastırı hər gün 8.00-19.00 saatlarında turistlərin xidmətindədir. Monastıra giriş 5 lirədir. Monastırın nəzarətçisi Uğur bildirir ki, turistlər buraya daha çox yay aylarında üz tuturlar. Buna görə də, monastır yayda axşam 19.00-a, qışda isə 17.00-ə qədər açıq olur.
Muzeydən çıxıb Yeraltı şəhərə üz tuturuq. Kapadokyanın ən maraqlı yerlərindən biri də yeraltı şəhərlərdir. Bu şəhərlər yerin altında oyularaq yaradılıb. Yeraltı şəhərə 30 minə yaxın insan sığa bilər. Kapadokya qədim dövrlərdə tez-tez müxtəlif hücumlara məruz qalırmış. Yeraltı şəhərlər də məhz xalqı bu təhlükədən qorumaq üçün salınıb. Maraqlıdır ki, yeraltı şəhərlər ərazidə olan bütün evlərlə birləşir. Həmin dövrlərdə hücumlara məruz qalan insanlar öz evlərinin altında əlavə oyuq oyaraq, hücumlardan qorunmaq üçün istifadə edirmiş.
Yeraltı şəhərlər haqqında ən qədim yazılmış kitab İksofonun "Anabasis" adlı kitabıdır. Kitabın müəllifi Anadolu və Qafqazda yaşayan insanların evlərinin bir-birinə dəhlizlərlə bağlı olduğunu yazıb. Yeraltı şəhərə düşmək o qədər də maraqlı deyil, amma Kapadokyanın istisindən sərinlənmək üçün bura ideal hesab edilə bilər. Amma içəridə bir qədər çox qalanda, soyuqdan adamın canına üşütmə düşür.
Onu da qeyd etmək lazımdır ki, Türkiyənin hər yerində olduğu kimi. burada da ərzaq və otellər bahadır. Və unutmadan onu da qeyd edim ki, yeməkləri bizim yeməklər qədər dadlı deyil. Buna görə də yeməklərə pul xərcləməyə dəyməz. Əgər turist kimi Kapadokyaya gəlib bir gecə qalmaq istəsən, bu sizə ən azı 75 manata başa gələcək. Kafe və restoranlarda da qiymətlər bahadır. Bir armudu stəkanla çay 3 Tl, bir simit 4 Tl, bir pay kabab 40 Tl-dir. Qısacası, Kapodokyada bir gün qalmaq 100 —150 manata başa gəlir.
(ardı var)