BAKI, 18 iyul — Sputnik. Ürək-damar xəstəliklərinin bütün vücuda və orqanlara mənfi təsir etdiyi bilinən bir gerçəkdir. Ancaq digər orqanlardakı bəzi pozuntular da ürəyin sağlamlığına və işinə mənfi təsir edə bilir, böyrəklər də bu orqanlar arasındadır.
Bədənin maye tarazlığında kilid rol oynayan böyrəklər, eyni zamanda təzyiqi nizamlayır və bədən üçün lazımlı bir çox hormonun istehsalını təmin edir, qanı zərərli maddələrdən təmizləyir.
Böyrəyin çalışması qeyri-kafi olsa belə, öncələri büruzə verməyə bilər. Bu orqanla bağlı xəstəlik irəlilədikcə bədəndəki su və elektrolit balansı daha da pozulmağa başlayır. Sonra gedərək artan tez yorulma, əzələlərdə gücsüzlük, nəfəs darlığı, iştah azlığı, ürək bulanması, qusma, konsentrasiya, yuxu pozuntuları, gecələri əzələ spazmı, dəridə quruluq və qaşıntı, xüsusilə gecələri daha tez sidiyə getmə kimi əlamətlər qarşımıza çıxa bilər.
Bu mərhələdə xüsusilə səhərlər göz ətrafı, ayaqlar və qıçlar başda olmaqla bədənin müxtəlif bölgələrində şişlər görülə bilər. Şişliyin səbəbi böyrəklər vasitəsilə atıla bilməyən və bədəndə yığılıb qalan sulardır.
Böyrəklər hər cür vəziyyətə asan uyğunlaşa bilən güclü orqan olduğu üçün, xəstəliyin ciddi əlamətləri, böyrəklər tam sıradan çıxana qədər özünü büruzə verməyə bilər.
Sputnik Azərbaycan "NTV"-yə istinadən xəbər verir ki, türkiyəli həkim-professor Demet Erciyes, böyrək xəstəliyi olanlara ürəklərini tez-tez yoxlatmağı məsləhət görüb.
Böyrəyi qanla təmin edən əsas damarların dar olması, bu orqanın su və duz ixrac etmə funksiyasının sıradan çıxması, ifraz etdiyi hormon miqdarı və funksiyasındakı pozuntular təzyiq pozuntularına səbəb olur. Hiper təzyiqin səbəb olduğu mənfi təsir isə ürəkdə bəzi dəyişikliklərə səbəb olur.
Böyrəyin düzgün işləməməsi ucbatından bədəndə su və duzun yığılıb qalması, ürəyin yükünü daha da artıraraq "ürək çatışmazlığı"na səbəb olur.
Kalium, kalsium, fosfor və maqnezium kimi mineralların bədəndəki tarazlığının pozulması, ürəyin ritmində ciddi pozuqluq yaradır. Məhz buna görə də, böyrəklə bağlı problemləri olan insanlar ürəklərini də mütəmadi müayinədən keçirməlidir.