BAKI, 2 apr — Sputnik. Hələ Hippokrat və Parasels elmi əsərlərində havanın insan sağlamlığına ciddi təsirini qeyd ediblər.
Bu barədə Sputnik Azərbaycan saglamolun.az-a istinadən məlumat verir.
Müasir tibb də havanın insan sağlamlığına olan təsirini təsdiq edir. Yağış, güclü külək, hava temperaturunun və atmosfer təzyiqinin kəskin dəyişilməsi əksər insanların sağlamlığına təsir edir.
Müasir elmi araşdırmalar güclü küləyin sağlamlığımıza olan mənfi təsirini sübut edir.
1. Alimlərin fikrinə görə, güclü külək insanın sinir sisteminə və psixikasına olduqca ciddi təsir edir, müxtəlif pozulmaların və xəstəliklərin kəskinləşməsinə səbəb olur. Belə ki, güclü külək baş ağrılarına, başgicəllənməsinə, miqrenə, depressiyanın kəskinləşməsinə səbəb ola bilər. Küləkli hava ruhi xəstələrin vəziyyətini ağırlaşdırır, belə havada intiharların sayı artır.
2. Küləkli hava insanın yuxusuna da təsir edir — gecə vaxtı insan yuxusuzluqdan əziyyət çəkir, günorta yuxulu, süst olur.
3. Güclü külək ürək-damar sisteminin normal fəaliyyətini də pozur. Nəticədə ciddi ürək-damar sistemi xəstəlikləri olan insanlarda ürək tutmalarının və infarktın riski artır.
Lakin hətta sağlam insanlar küləkli havada ürək nahiyəsində narahatçılıq, nəbzin artması kimi simptomlları qeyd edirlər.
4. Külək həmçinin mədə-bağırsaq sisteminə də təsir edir — köp, qarın ağrısı kimi simptomlar əmələ gələ bilər.
5. Tənəffüs sitemi xəstəliklərindən əziyyət çəkən insanlarda xəstəliyin kəskinləşməsi mümkündür. Yaponiya alimləri araşdırmalar nəticəsində aşkar ediblər ki, güclü külək astma tutmalarının riskini artırır.
6. Oynaqlar da küləyə reaksiya verir — oynaqlarda ağrılar əmələ gələ bilər.
7. Güclü külək insanın əhvalına da mənfi təsir edir — insan daha əsəbi və səbirsiz olur, əhvalı tez-tez dəyişir.