BAKI, 15 iyul — Sputnik. Hazırda Avropa ölkələrinin əksəriyyətində fermerlərin təxminən 80 faizi kooperativlərdə birləşməklə kənd təsərrüfatı məhsullarının 70-90 faizini, bəzi ölkələrdə isə 100 faizini istehsal və emal edirlər. Sputnik Azərbaycan xəbər verir ki, bu, Azərbaycan Prezidentinin 2017-ci il 14 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramında bildirilib.
Proqramda deyilir ki, Danimarka məhz son 100 ildə aqrar sektorda tam kooperativləşmə sayəsində kənd təsərrüfatı məhsulları ixracatçısı olan əsas ölkələrdən birinə çevrilib. Bu ölkədə mövcud olan 40 mindən çox fermer təsərrüfatı sahələr üzrə ixtisaslaşmış kooperativlərdə birləşir.
Türkiyə son onillikdə təqribən 4 milyon hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin kooperasiya əsasında birləşdirilməsinə nail olub. Qarşıdakı illərdə əlavə 10 milyon hektar sahədə də kooperativlərin yaradılması nəzərdə tutulur.
Sənəddə bildirilir ki, Almaniyada hazırda 2675 kənd təsərrüfatı kooperativi fəaliyyət göstərir. Həmin kooperativlər kənd təsərrüfatının istehsal vasitələri ilə təmin edilməsində mühüm rol oynayır və ərzaq məhsullarının 2/3 hissəsini realizə edirlər.
İsveçdə ixrac olunan süd və süd məhsullarının 100 faizi, yumurtanın isə 75 faizi kooperativlərin payına düşür. Burada bütün istehsalçılar kooperativlərlə əhatə olunub. İsveçrədə fermerlərin 90 faizi, ABŞ-da isə 50 faizi kənd təsərrüfatı kooperativlərinin üzvüdürlər.
Kənd təsərrüfatı kooperativlərinin süd istehsalı və satışında payı İsveçdə 100 faiz, Almaniyada 96 faiz, Hollandiyada 88 faizdir. Onların ət istehsalı və satışında payı isə Danimarkada 93 faiz, Fransada 90 faiz, İsveçdə 87 faiz, Almaniyada 65 faizdir.
Şəbəkələşmə prosesi kooperativlər üzrə çoxpilləli təşkilati quruluşun formalaşmasına səbəb olub. Məsələn, ABŞ-da yerli, regional və sahələr üzrə ixtisaslaşmış kooperativlər fəaliyyət göstərir. Bu ölkədə kənd təsərrüfatı kooperativlərinin çoxu səhmdar cəmiyyətləri kimi formalaşsa da, onların səhmləri alqı-satqı obyekti deyil və fond birjalarına çıxarılmır.