Ramil İbrahimov, Sputnik Azərbaycan
BAKI, 11 iyul — Sputnik. Bərdənin Qaradəmirçi kəndinin bir qrup sakini suvarma suyu sarıdan yaranan problemin hələ də həll olunmamasından narahatdır. Kənd sakinləri adından Sputnik Azərbaycan-a danışan İsrafil Paşabəyli vaxtında əkin sahələrini suvara bilmədiklərini deyir.
Onun sözlərinə görə, üstəlik əhalini su ilə təmin etməli olan su birlikləri suyu baha qiymətə satır: "Suvarma suyu sarıdan bizim kənddə problem var. Pambığa su verirlər, taxıl qalır. Su istəyəndə "yoxdur" cavabını alırsan. Amma özlərinə lazım olan yerə su verirlər".
"Tarif Şurasının təyin etdiyi qiymət suyun hər 1000 m3-i üçün 50 qəpikdir. Su birliyi də 25% baha sata bilər. Amma sahəni suvarmaq üçün 30 manat, yəni xeyli çox pul istəyirlər" — İsrafil Paşabəyli bildirir.
Şikayətçinin sözlərinə görə, bu il may ayında sözügedən problem Sputnik Azərbaycan-da işıqlandırıldıqdan sonra əhaliyə müəyyən güzəştlər edilib: "Amma bu, problemin əsaslı həlli deyil. Ötən dəfə sizin saytda yazı gedəndən sonra kənd sakinlərinə deyiblər ki, "müvəqqəti 20 manatdan ödəyin". Düzü, mən özüm başqa su birliyindən alıram suyu. Həmin nasos Stansiya Su İdarəsinin balansındadır. 10 manat ödəyirəm. Amma son dəfə bildirdim ki, verdiyim pula görə mənə qəbz təqdim eləsinlər".
"Bu günə kimi su birlikləri əhaliyə satılan suya görə qəbz verməyib. Bildirdim ki, qəbz verməsələr, pul ödəməyəcəm. Müqavilələr də formal olaraq bağlanır. İstədikləri qiymətə satırlar. Mənim əsas şikayətim də su idarəsindəndir. Bu günə kimi əhalinin su ilə bağlı problemlərinə dırnaqarası yanaşıblar. Heç bir iş görmürlər" – şikayətçi qeyd edir.
Əlavə edir ki, problem davam edərsə, kəndli torpaqdan xeyir götürə bilməyəcək: "Vaxtında suvara bilmədiyimiz əkin sahələrinin məhsulu zay olmaq təhlükəsi ilə üz-üzə qalır".
Problemlə əlaqədar ərazidə fəaliyyət göstərən su birlikləri ilə də əlaqə saxladıq. Sputnik Azərbaycan-ın bölgə müxbirinin suallarını cavablandıran su birliyinin icraçı direktoru Rəhim Rəhimovun sözlərinə görə, şikayətçilərin iddiaları əsassızdır. Onun dediyinə görə, torpaq sahibləri, istifadə etdikləri suyun pulunu ödəyərkən onlara qəbz təqdim edilir.
"Bizim birlik 2006-cı ildən fəaliyyət göstərir. Xidmət elədiyimiz sahələr Qaradəmirçi, Xanağalı kəndləri əhatəsindədir. Sizin adını çəkdiyiniz İsrafil Paşabəyli 8 ha əkin sahəsinə görə bu günə qədər bir manat da olsun ödəniş etməyib. Biz hüquqi şəxs olaraq fəaliyyət göstəririk. Hesabatımızı veririk. İndi hansı zəmanədir ki, artıq pula ala biləsən?" – R. Rəhimov bildirdi.
Digər su birliyindən də aldığımız cavab fərqli olmadı. Bildirdilər ki, suyu əhaliyə, ərazi nəzərə alınaraq, maksimum 1-1.3 manata satırlar: "Bunun da hər 1000 m3-i üçün Bərdə Suvarma Sistemləri İdarəsinə 50 qəpik ödənir. Yerdə qalan məbləğ isə nasosun təmiri, kargüzarlıq işləri və digər əlavə xərclər üçün bölünür".
Bərdə Suvarma Sistemləri İdarəsindən Sputnik Azərbaycan-a məlumat verdilər ki, daim su birliklərinin fəaliyyəti nəzarət altındadır: "Sözügedən kənddə də suvarma arxları mütəmadi təmizlənir, xarab olan su boruları təmir edilir və ya yenisi ilə əvəzlənir. Suvarmada yaranan çətinliklər bəzən də ayrı-ayrı şəxslərin su birlikləri ilə bağladığı müqavilələrə əməl etməmələri səbəbindən qaynaqlanır".
"Belə ki, bəzən müqavilədə taxıl əkəcəyini göstərən vətəndaş faktiki olaraq sahəsində başqa bitki yetişdirir və bu da bölgünün pozulmasına səbəb olur" – İdarədən bildirildi.
Qurumdan onu da əlavə etdilər ki, Bərdə Suvarma Sistemləri İdarəsi vətəndaşların şikayətlərinə operativ şəkildə reaksiya verir, görülən işlər haqqında da Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə hesabat verir.