BAKI, 12 iyul — Sputnik. Moskva ətrafında öz biznesmen həmyerlisini oğurlayaraq diri-diri basdıran dəstənin üzvü olan Azərbaycan vətəndaşı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Azərbaycan ərazisində gizlənən saxlanılan şəxs — Qazax rayonunun Xaqani adlı sakini, cinayət məsuliyyətinə cəlb edilmək üçün artıq Rusiyaya təhvil verilib. O, 41 yaşlı biznesmen Hikmət Salayevin işində təqsirləndirilən şəxslərdən biridir.
Sputnik Azərbaycan artıq məlumat verib ki, Hikmət Salayevin oğurlanmasını və Lüberetsk qəbiristanlığı yaxınlığında diri-diri basdırılmasını azərbaycanlı Hafiz Novruzov sifariş edib. Biznesmen bu ilin aprelin 20-dən 21-nə keçən gecə oğurlanıb. Quldurlar ticarət sahəsindəki iş adamı Salayevdən 30 milyon rubl istəyiblər. Bu pulu verə bilməyəcəyini deyən Salayevi Moskva yaxınlığında diri-diri basdıraraq, onun kiçik qardaşı İsmayılla əlaqə yaradıblar. Ondan 1,2 milyon rubl, BMW 535 markalı avtomobil tələb ediblər və bunun qarşılığında qardaşının yerini deyiblər.
Salayevi taparaq xəstəxanaya gətiriblər. Onun başında travma olub, qabırğaları qırılıb və digər travmalar alıb. Bununla belə, sözügedən cinayətin maraqlı detalları üzə çıxıb. Məlum olub ki, cinayətin hazırda Bakıdakı 8 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkən "qanuni oğru" Lotu Quli (Nadir Səlifov) ilə əlaqəsi var.
Rusiyanın hüquq-mühafizə orqanlarının məlumatına görə, Salayevi oğurlayan cinayətkar dəstənin 50-yə yaxın üzvü var. İstintaqda həmin mütəşəkkil cinayətkar qrupun 47 üzvü haqqında məlumat mövcuddur. Salayevin işi üzrə artıq 10-dan çox adam saxlanılıb. Onlardan beşinin adını zərərçəkmiş tərəf verib: Hikmət Novruzov, Araz, Xaqani, Artur və adı bizə məlum olmayan başqa bir nəfər.
Məlum olan yalnız odur ki, Araz da Xaqani kimi Qazax rayon sakinidir, amma erməni əsillidir. Qarabağ münaqişəsi başlayan vaxt Arazın ailəsi Çeçenistana qaçıb, oradan isə Rusiyanın mərkəzi hissəsinə yerləşib. Artur Dağıstan kumıklarındandır və vaxtilə Xaqani ilə birlikdə cəza çəkib. Sözügedən cinayətkar qrup, əsasən Gürcüstan, Azərbaycan və Dağıstan vətəndaşları olan azərbaycanlılardan ibarətdir.
Dəstənin üzvləri ilk dəfə Salayevin qohumları ilə əlaqə yaradarkən özlərini kriminal avtoritet Qulinin adamları kimi təqdim ediblər və bildiriblər ki, onun sifarişini yerinə yetirirlər. Görüş zamanı dəstə üzvləri oğurlanmış biznesmenin qardaşı ilə həmin "qanuni oğru"nun telefon əlaqəsini yaradıblar.
Lakin Salayevlər ailəsi yardım üçün polisə müraciət edənə qədər özləri araşdırma aparıblar və bu nəticəyə gəliblər ki, sözgedən dəstənin Quli ilə heç bir əlaqəsi yoxdur. Onlar sadəcə, Qulinin kriminal dünyasında getdikcə artan nüfuzundan istifadə etmək qərarına gəliblər.
"Müəyyən edilib ki, Quli ilə oğurlanmış biznesmenin qardaşına zəng edən şəxsin səsi bir-birindən fərqlənir. Həmçinin özünü "oğru" kimi qələmə verən şəxslə danışan zaman onun yanında qadın da olub. Amma Quli heç vaxt belə addım atmaz, çünki hazırda o, cəzaçəkmə müəssisəsində cəzasını çəkir. Əksinə, quldurlar öz məqsədlərinə nail olmaq üçün oğrunun nüfuzundan istifadə etmək qərarına gəliblər. Yeri gəlmişkən, kriminal ünsürlər eyni şeyi Rövşən Canıyevə (Lənkəranski) qarşı da ediblər. Onun adından elə yerlərdə istifadə ediblər ki, bundan avtoritetin ruhu belə, xəbər tutmayıb" — deyə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
Odur ki, mənbənin sözlərinə görə, saxlanılan şəxslərin də Səlifovla heç bir əlaqələri yoxdur. Çünki onlar oğru ideologiyasına uyğun gəlmirlər, baxmayaraq ki, onlardan dördü əvvəllər məhkum ediliblər.
Sifarişçi Hafiz Novruzova gəlincə, o, Salayevin uşaqlarının kirvəsidir. Külli miqdarda pul ələ keçirmək məqsədilə Salayevin oğurlanmasını sifariş edib. Artıq məlumdur ki, Novruzov avtomobilin satışından gələn gəlirdən pay olaraq 750 min rubl qazanıb. Bundan əlavə o, yerdə qalan 28 milyon rublun böyük hissəsinə sahib olub. Novruzov artıq öz ifadəsini 4 dəfə dəyişib.
Hazırda faktla bağlı araşdırma davam edir.