Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

"Su istəyirik, ümid verirlər"

© Sputnik / Ramil IbrahimovQaradəmirçi kəndindəki arx
Qaradəmirçi kəndindəki arx - Sputnik Azərbaycan
Abunə olmaq
Bərdə sakinləri aidiyyəti qurumlardan yardım istəyirlər

Ramil İbrahimov, Sputnik Azərbaycan

BAKI, 19 may — Sputnik. Bərdə rayonu Qaradəmirçi kəndinin bir qrup sakini bu il becərdikləri məhsulun zay olacağından narahatdır. Buna səbəb əkin sahələrini vaxtında suvara bilməmələridir.

© Sputnik / Ramil IbrahimovQaradəmirçi kəndində əkin sahəsi
Qaradəmirçi kəndində əkin sahəsi - Sputnik Azərbaycan
Qaradəmirçi kəndində əkin sahəsi

Kənd sakinlərinin Sputnik Azərbaycan-ın bölgə müxbirinə verdikləri məlumata görə, vaxtilə sözügedən ərazilər kanallardan gələn su arxlarından suvarılırdı. Kolxoz dağılandan sonra isə həmin arxlar baxımsız qaldığından quruyub.

Hazırda kənddə 400 ha-dan çox əkinə yararlı torpaq sahəsinin yalnız 1/3-ni artezianlar vasitəsiylə suvarmaq mümkündür. Kənd sakinləri deyirlər ki, ərazidə 1 ədəd su nasosu olsa da, həmin nasos vasitəsiylə tarlaları suvarmaq baha başa gəlir.

© Sputnik / Ramil IbrahimovRəsul Hacıyev
Rəsul Hacıyev - Sputnik Azərbaycan
Rəsul Hacıyev

"Yanvarın əvvəlində, 5 hektar əraziyə, kiloqramı 50 qəpiyə taxıl alıb səpmişəm. Su olmadığına görə zay oldu getdi. İndi də pambıq əkmək istəyirəm, amma su yoxdur" – deyə kənd sakini Rəsul Hacıyev bildirir.

Onun sözlərinə görə, kolxoz vaxtı su borularla gəlib arxa tökülürdü: "İndi o da yoxdur. Nasosla suvarma baha başa gəlir. 200-250 manat mövsüm ərzində suvarmaya pul xərcləməli oluram. Hara müraciət etsək də, bizə su əvəzinə ümid verirlər".

Yeganə qazanc mənbələrinin torpaq olduğunu deyən kənd sakinləri, vaxtında suvarma apara bilmədiklərindən, ən yaxşı halda çəkdikləri xərci götürə bilirlər. Əksər hallarda isə xərclənən vəsait də, mövsüm ərzində çəkdikləri zəhmət də hədər gedir.

© Sputnik / Ramil IbrahimovVidadi Hacıyev
Vidadi Hacıyev - Sputnik Azərbaycan
Vidadi Hacıyev

"Bu dəqiqə kənddə əkin əkmək sərf etmir. Taxıl əkdim, normal qazanc götürə bilmədim. İndi yonca əkmişəm. Normal halda hər hektardan 250 bağlama yonca götürməliyəm, indi heç 100 bağlama çıxacağına ümidim yoxdur. Bu da xərcini ödəməyəcək" – digər kənd sakini Vidadi Hacıyev bildirir.

Sakinlərin sözlərinə görə, elə sahələr var ki, 5 ilə yaxındır ümumiyyətlə istifadə olunmur. Yəni, su olmadığından, həmin əraziləri nə əkib-becərmək, nə də icarəyə vermək mümkündür.

© Sputnik / Ramil IbrahimovYaşar Aslanov
Yaşar Aslanov - Sputnik Azərbaycan
Yaşar Aslanov

"7 hektar torpağım var. Ərazilər yağış suyunun ümidinə qalıb. Orada ot, qanqal bitib. Elə adam var ki, arteziana yaxındır, sulaya bilir. Eləsi də var, uzaqdır, sulaya bilmir. Uzaqdakı arteziandan da bu sahələrə su çatmaz. 2 il şəxsən mən özüm bu məsələ ilə bağlı məktub yazmışam əlaqədar təşkilatlara, amma nəticəsi olmayıb" – başqa bir sakin Yaşar Aslanov narazılığını bildirir.

© Sputnik / Ramil IbrahimovBərdə Suvarma Sistemləri İdarəsi
Bərdə Suvarma Sistemləri İdarəsi - Sputnik Azərbaycan
Bərdə Suvarma Sistemləri İdarəsi

Problemlə bağlı Bərdə Suvarma Sistemləri İdarəsi ilə əlaqə saxladıq. Qurumdan Sputnik Azərbaycan-a bildirdilər ki, sözügedən ərazidə kifayət qədər suvarma suyu var: "Sadəcə olaraq problem ərazidəki nasos stansiyasının sakinlərin öz şəxsi istifadəsində olmasından qaynaqlanır".

"İttifaq dövründə idarənin su ilə təmin etdiyi ərazilərdə daxili bölgünü kollektiv təsərrüfat özü aparırdısa, indi həmin su nasos stansiyaları və su boruları əmlak payı kimi kənd sakinləri tərəfindən özəlləşdirilib. Bəzən aralarında su bölgüsü düzgün aparılmır, bəzən də aqreqat xarab olanda fermerlər öz xərcləri ilə nasosu təmir etmək istəmirlər" – idarədən qeyd olundu.

Suvarma Sistemləri İdarəsindən onu da əlavə etdilər ki, sözügedən problemlə əlaqədar kənd sakinləri "Melorasiya və Su Təsərrüfatı" ASC-yə də müraciət ediblər: "Lazımi sənədləri ASC-yə təqdim edərlərsə, həmin nasos stansiyası idarənin balansına götürülərək onlara normal xidmət göstəriləcək".

Xəbər lenti
0