İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 6 iyul — Sputnik. Bir müddət əvvəl Abşeron rayonu Masazır qəsəbəsinin girişində, körpünün altındakı "dörd yol" adlanan ərazidə işıqforlar quraşdırıldı. Məqsəd ərazidə yaranan tıxacın qarşısını almaq və sürücülərin rahatlığını təmin etmək idi. Çünki həmin ərazidə bir neçə istiqamətdən axın edən avtomobillər ciddi tıxac yaradır, hətta ağır qəzalar meydana çıxır.
Əraziyə işıqfor qoyulduqdan sonra həmin küçələrdən istifadə edənlərdə ümid yaranmışdı ki, arzuolunmaz durum tənzimlənəcək. Amma 1 aydan çoxdur quraşdırılsa da, ərazidəki işıqforlar işləmir. Üstəlik işıqforların rənglərinin rabitəsiz şəkildə, dayanmadan yanıb-sönməsi sürücülərdə bəzən çaşqınlıq yaradır.
Və yenə də ərazi əvvəlki vəziyyətinə qayıdıb, sürücülər tıxac əlində girinc qalıblar. Məsələn, üzü Sumqayıta getmək üçün dayanıb gözləməlisən ki, Masazırdan gələn avtomobil axını nə vaxt dayanacaq, ya da içlərindən kiminsə sənə rəhmi gəlib yol verəcək. Bu da olmayanda, bəzi sürücülərin səbri tükənir və qəza şəraiti yaradaraq yollarına davam edirlər.
Yaxınlıqda yaşayan sakinlər bildirirlər ki, axşam saatlarında vəziyyət daha acınacaqlı olur. Masazır sakini Əli Hüseynovun Sputnik Azərbaycan-a bildirdiyinə görə, "dörd yol" adlanan ərazidə hər zaman nəqliyyat sıxlığı müşahidə edilib.
"Hazırda dəniz mövsümü olduğu üçün avtomobillərin sayı artıb. Axşam saatlarında Masazıra və Sumqayıta bu ərazidən keçib getmək böyük problemə çevrilir. Bilirsiniz ki, yaxınlıqdakı Abşeron Gənclər Şəhərciyinə aparan yeganə yol bu ərazidən keçir. Bir müddət əvvəl işıqfor qoyuldu. Amma heç işlədiyini görmədik" — deyir sakin.
Hüseynovun sözlərinə görə, hazırda vəziyyət çox acınacaqlıdır: "Yol təhlükəlidir. Sumqayıtdan qayıdıb Masazıra getmək üçün Masazır istiqamətindən gələn avtomobillərin yol verməsini gözləsən, gərək günlərlə ərazidə yatıb qalasan. Əsas yoldan gələnlər digər yollardakı avtomobillərə yol vermirlər. Əl edib, xahiş edəndə də deyirlər ki, "yol mənimdir, vermirəm". Nə qədər ki, ərazidə hansısa ağır avtomobil qəzası baş verməyib xahiş edirik ki, gəlib işıqforu düzəltsinlər".
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevlə əlaqə saxladıq. O, bildirdi ki, həmin ərazidə işıqforun işləməməsindən xəbərsizdir və məsələ ilə maraqlanıb, işıqforun işləməsini təmin edəcək…