BAKI, 4 iyul — Sputnik. Xəbər verdiyimiz kimi, Azərbaycanda Polis Gününün qeyd olunduğu vaxtda Şabran rayonunda faciəvi hadisə baş verib. Belə ki, daxili işlər orqanlarının əməkdaşı öz canına qıyıb.
Hüquq-mühafizə orqanlarından Sputnik Azərbaycan-a verilən məlumata görə, Şabran rayonu Dağbilici kəndinin, 1979-cu il təvəllüdlü sakini Vüsal Bahar oğlu Cəbiyev evinin həyətində özünü asıb. O, vaxtilə Daxili İşlər Nazirliyinin (DİN) Həyati Əhəmiyyətli Obyektlərin Mühafizəsi (HƏOM) üzrə polis alayının əməkdaşı, polis baş serjantı olub.
Cəbiyev Şabran rayonu ərazisindən keçən su borularının mühafizəsi ilə məşğul imiş. İki uşaq atası olub. Böyük övladının 15 yaşı var.
İntiharın səbəblərinə gəlincə, ilkin versiyaya görə, Cəbiyevin pul borcları üst-üstə yığıldığına görə, çarəni özünü asmaqda tapıb. Onun həyat yoldaşının istintaqa verdiyi ifadəyə görə, iyulun 1-dən 2-sinə keçən gecə onlar eyni stol arxasında birlikdə çay içib səmimi söhbətlər ediblər.
Gecə saat 3-də cütlük yatmağa gedib. Səhər qadın yuxudan oyanaraq həyətə çıxıb ki, görsün əri nə işlə məşğuldur. O, qapını açanda, dəhşətli mənzərə ilə qarşılaşıb.
Hazırda faktla bağlı araşdırma davam edir.