BAKI, 4 iyul — Sputnik. Bakıda baş tutan ikinci Formula 1 yarışına ötən ildəkindən 30 % çox tamaşaçı gəlib. Xaricdən gələn avtoidman azarkeşlərinin sayı keçən illə müqayisədə iki dəfə çox olub.
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) bildirib ki, Azərbaycanın paytaxtı Bakı şəhərinin mərkəzi küçələrində keçirilmiş növbəti Formula 1 yarış həftəsonuna — 2017 Formula 1 Azərbaycan Qran Prisi üçün yarış məkanına böyükdən kiçiyə 71 min 541 azarkeş gəlib.
Formula 1-in ən yeni məkanı olan Bakı Şəhər Halqasında ötən il baş tutmuş ilk yarışla müqayisədə bu il keçirilmiş Azərbaycan Qran Prisinə 30% daha çox tamaşaçı qatılıb. Bundan əlavə, bu il yarışı yerində canlı izləmək üçün Bakıya xaricdən ötən ildəkindən 2 dəfə çox avtoidman azarkeşi gəlib. Ümumilikdə 65 ölkədən gələn azarkeşlər Bakıda mövsümün ən gərgin və yaddaqalan yarışına şahid olublar. Xaricdən gələn Formula 1 həvəskarlarının sayı bütün tamaşaçıların üçdə birini təşkil edib.
Yarışı izləməyə gələn minlərlə azarkeşlə yanaşı televiziya ekranları qarşısında əyləşən milyonlarla avtoidman həvəskarı uzun müddət yaddaşlarda qalacaq möhtəşəm yarışa tamaşa ediblər. Red Bull komandasının pilotu Daniel Rikkardo rəqiblərini üstələyərək 2017-ci il mövsümündə ilk qələbəsini qazanıb. Mercedes AMG komandasının pilotu Valteri Bottas "uçan finlandiyalı" adını reallaşdırıb. Belə ki, o böyük ustalıq nümayiş etdirərək yarış ərzində ən arxa sıradan ön cərgəyədək gələrək finiş xəttindən əvvəl sonuncu saniyədə Williams komandasının pilotu Lens Strolu ötüb və podiumda ikinci pillədə qərarlaşıb. Yarışın son anlarında ikinci pilləni əldən verməsinə baxmayaraq Williams komandasının kanadalı yeniyetmə sürücüsü Lens Strol Formula 1-də debüt etdiyi ilk mövsümdəcə ən gənc yaşda podiuma çıxan pilot ünvanına yiyələnib.
Hər bir anı gərgin mübarizə ilə dolu yarışda çempionatın lider pilotlarının – Sebastian Fettel ilə Luis Hamiltonun bolidləri toqquşub. Böyük mübahisə doğuran bu hadisənin Azərbaycan Qran Prisindən sonra uzun müddət müzakirə olunacağı gözlənilir. Yarış ərzində Force India komandasının pilotları arasında da toqquşma olub. Bundan başqa, McLaren Honda komandasının pilotu, ötən il Bakıda ilk dəfə keçirilmiş Formula 1 yarışının ulduz elçisi Fernando Alonso yarışı 9-cu yerdə bitirərək builki mövsümdə özünün və komandasının ilk xalını qazanıb.
2017 Formula 1 Azərbaycan Qran Prisi üçün Bakıya toplaşmış avtoidman azarkeşləri üçün dənizkənarı bulvarda möhtəşəm əyləncə proqramı təqdim olunub. Yarış həftəsonu günlərinin hər axşamında dünya ulduzları bulvar ərazisində salınmış böyük səhnəyə çıxaraq Formula 1 azarkeşlərinə yaddaqalan anlar yaşadıblar. Cümə günü axşam saatlarında türkiyəli məşhur müğənni Tarkan enerji ilə dolu performansıyla səhnə ətrafına yığışmış avtoidman həvəskarlarına möhtəşəm gecə bəxş edib. Şənbə günü səhnəyə Nikol Şerzinger ilə "The Black Eyed Peas" qrupu çıxıb. Bazar günü isə dünya musiqisinin ən uğurlu sənətçilərindən biri, əfsanəvi musiqi ulduzu Meraya Keri möhtəşəm konserti ilə yarış və əyləncə həftəsonunun bağlanışını edib.
#AzerbaijanGP həştəqi sosial mediada ilk sırada olub
Bakının mərkəzi küçələrində ötən həftə baş tutmuş Azərbaycan Qran Prisi yarış zamanı, yarışdan əvvəl və sonra sosial mediada əsas müzakirə obyektinə çevrilib.
Onmilyonlarla Twitter istifadəçisinin yarış həftəsonu ərzində və yarışdan sonra Bakıda keçirilmiş möhtəşəm yarışla bağlı etdiyi çox sayda paylaşım nəticəsində #AzerbaijanGP həştəqi Twitterdə günlərlə ən üst sıralarda yer alıb. Yarış başladıqdan etibarən ilk 3 saat ərzində #AzerbaijanGP həştəqi Twitterdə ən çox paylaşılan həştəq olub.
2017 Formula 1 Azərbaycan Qran Prisindən sonra mətbuata açıqlama verən BŞH-nin icraçı direktoru Arif Rəhimov Bakıda ikinci dəfə uğur şəkildə reallaşmış Formula 1 yarışını yüksək qiymətləndirib və növbəti il apreldə baş tutacaq üçüncü yarış üçün indidən hazırlıqlara başladığını bildirib:
"Möhtəşəm yarış həftəsonunun bir parçası olmaqdan çox böyük qürur duyuram. Ötən illə müqayisədə həm ölkə daxilindən, həm də xaricdən daha çox azarkeşin yarışı izləməyə gəlməsi onu göstərir ki, biz Azərbaycanda möhkəm və sarsılmaz Formula 1 mədəniyyətinin yaradılmasında böyük irəliləyiş əldə etmişik.
Biz inanırdıq ki, həm yarışı izləmək üçün Bakıya gələn azarkeşlər, həm də ekran arxasında əyləşərək evlərindən yarışa tamaşa edən hər bir avtoidman həvəskarı üçün möhtəşəm tədbir ərsəyə gətirəcəyik. Ancaq bununla belə, biz bu yarışın gözlədiyimizdən daha yüksək səviyyədə keçəcəyini əvvəlcədən proqnozlaşdıra bilməmişdik. Bakı Şəhər Halqası builki yarışla Formula 1 çempionatının ən maraqlı yarış məkanlarından birinə çevrildi. Mən əminəm ki, bu yarış Formula 1 azarkeşlərinin yaddaşında uzun müddət qalacaq. Bunun əlavə, Tarkan, Nikol Şerzinger, "The Black Eyed Peas" qrupu və Meraya Kerinin verdiyi möhtəşəm konsertlər yarış həftəsonunda azarkeşlərin böyük marağına səbəb oldu.
Mən böyük eşq və həvəslə ortaya qoyduğu heyrətamiz işə görə möhtəşəm kollektivimizə və tərəfdaşlarımıza və eləcə də şəhər, trek və yarışı böyük sevgi ilə qarşılayan bütün Formula 1 icmasına öz dərin minnətdarlığımı bildirirəm.
Əlbəttə ki, bu uğurlarımız bizi rahat olmağa sövq etməyəcək. Əksinə artıq biz gələn il aprelin sonlarında baş tutacaq növbəti Formula 1 yarışı üçün hazırlıqlara indidən başlamışıq. Əgər bu ilki yarış iştirak etməyə dəyərdisə, inanıram ki, gələn mövsüm baş tutacaq yarışı qaçırmaq istəməyəcəksiniz!"
Daha ətraflı məlumat əldə etmək istəyən media nümayəndələri media@synergy.az elektron ünvanına yazaraq öz müraciətlərini edə bilərlər.