BAKI, 3 iyul — Sputnik. ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı Suriya və Ukrayna ilə bağlı məsələləri müzakirə edəcək.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə CNN telekanalı ABŞ prezidenti administrasiyasının adının çəkilməsini istəməyən nümayəndəsinə istinadla xəbər verib.
Mənbənin sözlərinə görə, Tramp Putinlə Suriya ətrafındakı hərbi vəziyyəti və Rusiyanın Bəşər Əsədə verdiyi dəstəyi müzakirə edəcəklər. "Tramp Putindən niyə Bəşər Əsədə dəstək verdiyin soruşacaq" — deyə mənbə bildirib.
Amerika prezidenti Rusiyanın Ukraynadakı fəaliyyətləri ilə bağlı məsələni də qaldırmaq fikrindədir.
Görüşdə eyni zamanda Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi mövzusu da gündəmə gətiriləcək.
Ötən həftə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Herbert Makmaster bəyan edib ki, Hamburqda keçiriləcək G20 zirvəsində Tramp bir çox dünya liderləri ilə, həmçinin Putinlə görüşəcək.
Daha sonra KİV-də belə bir məlumat yayılıb ki, Ağ Ev-də prezidentlərin görüşü ilə bağlı fikir ayrılıqları var. ABŞ lideri bütün görüşlərin diplomatik qaydalara uyğun rəsmiləşdirilməsini təkid etsə də, onun məsləhətçiləri hesab edirlər ki, prezident tədbirin kuluarlarında liderlərlə qısamüddətli görüşlər keçirməklə kifayətlənməlidir.
Kreml də öz növbəsində bəyan edib ki, Putinlə Trampın görüşünə hazırlıqlar başlayıb. Görüşün formatı və vaxtı isə diplomatik kanallar vasitəsilə razılaşdırılır. Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, Moskva Putinin Hamburq proqramına Trampla görüşü daxil etməyə çalışacaq və bu barədə Vaşinqtonu məlumatlandıracaq.
XİN başçısı Sergey Lavrov isə ABŞ və Rusiya liderlərinin görüşündə iki ölkə arasındakı münasibətlərə aydınlıq gətiriləcəyinə ümid etdiyini bildirib.
İlin əvvəlindən Putin və Tramp artıq 3 dəfə telefon əlaqəsi saxlayıblar. Mayın əvvəlində isə liderlər 7-8 iyul tarixlərində Almaniyada keçiriləcək "Böyük iyirmiliy"in sammitində şəxsən görüşəcəklərini açıqlayıblar.