BAKI, 2 iyul — Sputnik. Yeddi yaşlı oğlan Bakının Səbail rayonu ərazisində itkin düşüb. Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanları məlumat verib.
Məlumata görə, iyunun 28-də saat 17:00 radələrində 2010-cu il təvəllüdlü Stanislav Yuryeviç Babkin Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsinin ərazisindəki Nəzmi küçəsində yerləşən evdən gedib və qayıtmayıb. Əvvəlcə uşağı valideynləri özləri axtarıblar, amma axtarışlar müsbət nəticə verməyib. İyunun 29-da oğlanın valideynləri kömək üçün polisə müraciət ediblər. Hələlik oğlanın axtarışları bir nəticə verməyib.
İyunun 28-də isə Səbail rayonunun Badamdar qəsəbəsində Ukrayna vətəndaşı itkin düşüb. 1989-cu il təvəllüdlü Poqrebnik Vita Vladimirovna gecə saat 01:00 radələrində yoxa çıxıb. Ayın 29-da onun yaxınları sözügedən rayonun 41-ci polis bölməsinə müraciət ediblər.
Yasamal rayonunda isə 84 yaşlı qadın itkin düşüb. Zeynalova Nəsibə Mehdi qızı yaşadığı evin həyətindən yoxa çıxıb. Zeynalovanın yaxınlarının sözlərinə görə, qadın amneziyadan (yaddaşın itməsi) əziyyət çəkir. Ola bilsin ki, o, haradasa azıb. Hazırda qadını polis axtarır.
On gün əvvəl isə Xəzər rayonunda Binə qəsəbəsinin sakini, 1950-ci il təvəllüdlü Konovalova Zöhrə Rafiqovna itkin düşüb. Amma bu barədə polisə iyunun 28-də məlumat verilib. 2-ci polis bölməsinin əməkdaşları qadının axtarışı ilə məşğuldur.
Qeyd edək ki, son 3 gün ərzində polisə itkin düşənlərlə bağlı 7 məlumat daxil olub.