BAKI, 29 iyun — Sputnik. Azərbaycan gözəlləri "Smile of Univers — 2017" (Kainatın təbəssümü — 2017) yeni beynəlxalq müsabiqədə iştiraka dəvət edilib.
"Velconte Production" prodüser şirkəti bu gün yeni sosial əhəmiyyətli beynəlxalq "Smile of Univers — 2017" superlayihəsini elan edib.
Layihənin əsas missiyası planetimizin müxtəlif xalqları arasında dostluğu möhkəmləndirməkdir. Müsabiqənin məqsədi bizi əhatə edən insanlar arasında təbəssümü, xeyirxahlığı və münasibətləri qoruyub saxlamağı moda vasitəsilə təbliğ etməkdir.
Eyni zamanda layihənin başlıca məqsəd dünyanın müxtəlif guşələrindəki ən pozitiv, ən cəlbedici təbəssümü olan insanların axtarışıdır.
Müsabiqədə yaşı 18-dən yuxarı olan və planetin istənilən guşəsində yaşayan qız və qadınlar iştirak edə bilər. Onların boyu, yaşı, ailə vəziyyəti heç bir önəm daşımır.
Müsabiqədə iştirak etmək üçün layihənin http://www.smileuniverse.online/ru/ ünvanındakı saytında qeydiyyatdan keçmək lazımdır.
Birinci yer üçün əsas mükafat 2000 ABŞ dollarıdır.
"Son zamanlar dünyada neqativ enerji onsuz da çoxdur — müharibələr, fəlakətlər, insanların əksəriyyətinin hikkəli və əsəbi şəkildə dolaşması. Layihənin əsas məqsədi kainatda sülhü təbliğ etməkdir. Gəlin bir daha gülümsəyək, axı gülümsəmək dəbdədir!" — deyə "Smile of Universe" müsabiqəsinin direktoru və baş prodüseri Leonid Xromov bildirib.
"Smile of Universe-2017" beynəlxalq internet-müsabiqəsinin icraçı prodüseri Yelena Kozub iştirakçılar üçün xüsusi video-dəvət yazdırıb.