CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirlik vətəndaşlara müraciət etdi

CC0 / bertvthul / лесГорные леса Кавказа, Азербайджан, Шеки
Горные леса Кавказа, Азербайджан, Шеки - Sputnik Azərbaycan
Abunə olmaq
ETSN: Hər hansı ekoloji qanun pozuntusu ilə bağlı faktlarla rastlaşdıqları zaman Nazirliyin 168 nömrəli "Qaynar xətt"inə və ya rəsmi "Facebook" səhifəsinə məlumat versinlər

BAKI, 28 iyun — Sputnik. "Sosial şəbəkədə İmişli rayonunun Qaraqaşlı kəndi ərazisində guya meşələrin meşə işçisi tərəfindən qanunsuz kəsilməsi ilə bağlı yayılmış videogörüntü təhrif olunub. Həmin ərazi meşə fondu torpağı deyil, bələdiyyə ərazisidir, videodakı şəxsin isə meşə sisteminə heç bir aidiyyəti yoxdur".

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı məlumatda deyilir.

Burada bildirilir ki, Qaraqaşlı kənd sakinləri Kövsər Əhmədov və Seyid Seyidov tərəfindən İmişlidə meşələrin qanunsuz kəsilməsi ilə bağlı şikayət hələ 9 aprel 2017-ci il tarixində nazirliyə daxil olub və dərhal yerində araşdırılıb. Araşdırma zamanı müəyyən edilib ki, birincisi, sözügedən ərazi meşə fondu deyil, İmişli rayon Qaraqaşlı bələdiyyəsinin mülkiyyətinə aiddir.


İkincisi, kənd təsərrüfatı təyinatlı 75 hektarlıq bu torpaq sahəsi Qaraqaşlı bələdiyyəsinin 21 fevral 2005-ci il tarixli icarə müqaviləsi ilə əkinçilik məqsədi üçün Qaraqaşlı kənd sakini Əfrayil Əsədova 30 il müddətinə icarəyə verilib və icarə müqaviləsi Əmlak Məsələləri Dövlət Komitəsinin çıxarış sənədi ilə rəsmiləşdirilib.

Üçüncüsü, Əfrayil Əsədovun meşə sisteminə heç bir aidiyyəti yoxdur və o, fermerdir.

Nazirlik onu da bildirib ki, sözügedən ərazidə əvvəllər pambıq əkilib və uzun müddət istifadə edilmədiyinə görə sahəni yabanı yulğun kolları basıb. Torpaq istifadəçisi kənd təsərrüfatı bitkiləri əkmək məqsədi ilə ərazini yulğun kollarından təmizləyib. Lakin kolların təmizlənməsinə dair icazə sənədi alınmadığına və yabanı yulğun kollarının qanunsuz təmizləndiyinə görə onun barəsində akt və protokol tərtib edilərək ümumilikdə 4220 manat məbləğində cərimə tətbiq olunub. Toplanmış sənədlər ədalətli və hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına göndərilib.

Лейла Алиева - Sputnik Azərbaycan
Leyla Əliyevanın əkdiyi ağacları çıxarıb yerində bina tikirlər

Qeyd olunur ki, bir neçə ay öncə nazirlik tərəfindən araşdırılaraq tədbir görülmüş köhnə məlumatın sosial şəbəkədə yeni məlumat kimi gündəmə gətirilməsi və reallığın təhrif olunmuş şəkildə ictimaiyyətə çatdırılması yalnız şantajla məşğul olan reket saytların maraqlarına xidmət edir. Reallıqdan xəbərsiz olan sosial şəbəkə izləyiciləri isə bilmədən bu reketçilərin "toruna" düşür, ədalətsiz və haqsız fikirlərə, təhqirlərə yol verərək şantajçıların dəyirmanına su tökmüş olurlar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi vətəndaşlara müraciət edərək bildirir ki, hər hansı ekoloji qanun pozuntusu ilə bağlı faktlarla rastlaşdıqları zaman Nazirliyin 168 nömrəli "Qaynar xətt"inə və ya rəsmi "Facebook" səhifəsinə məlumat versinlər. Daxil olan şikayət dərhal vətəndaşın öz iştirakı ilə yerində araşdırılacaq.

Xəbər lenti
0