BAKI, 27 iyun — Sputnik. Azərbaycanda kinematoqrafiya sahəsində vəziyyətin ağır olması heç kimə sirr deyil. Uzun illər durğunluq yaşayan bu sahə, son bir neçə ildə komediya janrında çəkilən filmlərlə inkişaf etməyə başlayıb. Amma buna tam mənada inkişaf da demək mümkün deyil. Bu filmlərin keyfiyyəti ilə yanaşı, orada yer alan aktyorların da peşəkarlığı narahatlıq doğurur.
Belə ki, son zamanlar bəzi gənclər videoblogger adı ilə qısa "vine"-lər çəkərək, qısa bir zamanda sosial şəbəkələrdə yüzlərlə izləyici toplaya bilirlər. Təbii ki, az bir zamanda məşhurlaşan gənclər bununla kifayətlənmir, xüsusilə komediya filmlərində çəkilməyə dəvət alırlar. Sonradan uğur qazanmayan bu filmlər tez bir zamanda kinoteatrlardan yığışdırılır. Sputnik Azərbaycan peşəkar aktyor olmayan, bu sənətin incəliyini bilməyən, hansısa səbəbdən qısa zamanda məşhurlaşan gənclərin filmlərə dəvət alması ilə bağlı, peşəkarlardan münasibət alıb.
Rejissor Tahir Tahiroviçin sözlərinə görə, rejissorun aktyor seçiminə müdaxilə etməsi mümkün deyil: "Elə filmlər olub ki, peşəkar aktyor olmayan oyunçular kifayət qədər uğur qazanıblar. Mənim düşüncəmə görə, hər şey rejissordan asılıdır. O, aktyoru filmə dəvət edirsə, onun işinə müdaxilə etmək düzgün deyil".
"Təbii ki, təhsil və məktəb aktyor üçün önəmlidir. Amma bu, qanun deyil. Gərək olarsa, təhsili olmayan istedadlı bloggeri filmə çəkərəm" – deyə rejissor əlavə edib.
Aktyor Kamran Ağabalayev "aktyor sənəti"nin böyük söz olduğunu və bu sənəti ucuzlaşdırmaq istəmədiyini bildirib: "Mən Qurban İsmayılova, Fuad Poladova aktyor deyirəm, Rasim Cəfərə aktyor deyirəm. Bloggerlikdən aktyorluğa yüksələnləri bu cür sənətkarlarla eyni tərəziyə qoymaq mümkünsüzdür. Bu cür insanların filmlərə dəvət alması və çəkilməsinin bir səbəbi də kütlədir. Kütlənin filmə baxması üçün belə məşhur gənclərdən istifadə edirlər. Elə gəncləri bəyənib filmə çəkən rejissor da elə o kütlədəndir. Ümid edirəm ki, bu hal düzələcək. Sadəcə zaman lazımdır".
Yuğ Dövlət Teatrının direktoru Tərlan Rəsulov deyib ki, məşhur olmaq üçün heç bir qadağa yoxdur: "Əgər onlar özlərini bu cür təqdim edə, sonunda bir nəticəyə və uğura çata bilirlərsə, buna qarşı çıxmaq olmaz. Əgər onlar özləri üçün tələbat yarada bilirlərsə, rejissorlar onları çağırıb işlərindən razı qalırsa, bunun nəyi pisdir ki? Həm də peşəkarlıq gördüyün işin əsas qazanc yeri olduğunu nəzərdə tutur. Onların əsas məqsədi mənfəətidirsə və bununla pul qazanıb öz tələbatlarını ödəyə bilirlərsə, niyə onları peşəkar adlandırmayaq? Peşəkarlıq görülən işin səviyyəsini təyin edən amil deyil. Bu, bazar iqtisadiyyatının şərtləridir".
"İndi sovet vaxtı deyil ki, kiminsə sənətlə məşğul olması üçün bacarıqdan savayı diplomu da olmalıdır. Bu, həmçinin, rəqabət yaradar və artıq hər kəs öz üzərində daha səylə işləməyə başlayar" – deyə teatr müdiri əlavə edib.
O, qeyd edib ki, məktəb olmasa, insan nə qədər istedadlı olsa belə, tez tükənər: "1-2 filmdən sonra həmin aktyorlar məktəb keçməsələr, təkrarlanmağa başlayacaqlar və rejissorlar üçün maraqlı olmayacaqlar. Bu təhlükə istənilən təcrübə sahibi olan aktyorlara və rejissorlara da aiddir. Onlar bir müddətdən sonra özləri də təhsil almağa ehtiyac duyacaqlar. Universitet də olmasa, ən azı bir kurs bitirmək istəkləri yaranacaq".
Aktyor Kamran Yunisun məsələyə mövqeyi fərqli olub: "Hər kəs özünü aktyor saya və özünə aktyor deyə bilər. Bu gün bir az balaca rol alan kimi özlərini aktyor bilirlər. Amma aktyor o insandır ki, sənətin incəliklərini bilməlidir, yaradıcı olmalıdır. Mən heç İncəsənət Universitetində təhsil almış bəzi aktyorları qəbul etmirəm, onda qalsın bu sahədən uzaq birini aktyor sayım. Bu sənətin çox incəlikləri var. Hər yoldan keçən aktyor ola bilməz. Belə insanlarla tərəf müqabili olmaq çox çətindir. Elə sənətçilərlə normal sənət yaratmaq mümkün deyil. Bu gün Azərbaycanda belə insanlar yetərincədir. Mən belə aktyorlardan qaçmağa çalışıram".