BAKI, 28 may — Sputnik. Ötən ilin son aylarında növbəti xəbər teatrsevərləri məyus etdi. Belə ki, Kukla Teatrının aktyoru, uşaqların sevimlisi Rəhim Rəhimovun böyrək çatışmazlığından əziyyət çəkdiyi məlum oldu. Həkimlər, onun tez bir zamanda əməliyyat olunmayacağı təqdirdə vəziyyətin ağır nəticələnə biləcəyi barədə xəbərdarlıq etmişdilər. Nəhayət ki, donor tapıldı və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə bu ilin yanvar ayının 11-də ağır əməliyyat həyata keçirildi. Aktyor ağır günlər keçirsə də bərpa prosesini keçə bilib. Nəhayət, 5 aylıq fasilədən sonra Rəhim Rəhimov yenidən səhnədə tamaşaçıların qarşısına çıxıb.
Müəllif və rejissoru Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubova olan "Zəng" adlı mono-tamaşanı Fəxri mədəniyyət işçisi, aktyor Rəhim Rəhimov oynayıb. Tənha yaşayan yaşlı kişinin həyatından bəhs edən tamaşada kişinin bir günlük həyatı səhnələşdirilib. Kişi sadəcə bir zəng ümidi ilə yaşayır və həyatının boz keçdiyini tamaşaçıya çatdırmağa çalışır. Tənhalığın nə qədər çətin və kədərli olduğunu nümayiş etdirir. Artıq bu çətinliyə dözməyən qoca özünü asaraq intihar etmək qərarına gəlir. Kəndiri boğazına salan baş rolun ifaçısı həyat ilə vidalaşan zaman çoxdan gözlədiyi zəng gəlir. Bu zaman səhnə qaralır, tamaşaçılar qocanın intihar səhnəsi ilə qarşılaşacaqlarını düşündükləri an səhnənin işıqları yanır və o, sadəcə "ALO" deyir. Çox təsirli səhnə idi. Bu səhnə ilə tamaşaçıya aşılanır ki, insan ən ümidsiz anda belə, ölümün bir addımlığından qayıda bilir. Tənhalığın ölümdən daha qorxulu olduğu nümayiş etdirilən "Zəng" tamaşası tamaşaçıların ayaq üstə alqışları ilə bitdi.
Maraqlıdır ki, tamaşanın nümayiş günü 5 ay sonra səhnəyə qayıdan Rəhim Rəhimovun doğum günü idi. Tamaşaçılar aktyoru təbrik edərək ona can sağlığı arzulayıblar. Hər kəsə təşəkkür edən aktyor onu həyata qaytaran həkimlərinə və ona böyrəyini verən donora minnətdar olduğunu bildirib: "Bu gün məni həyata qaytaran göydə Allaha, yerdə həkimlərimə və mənə canından can verən donoruma təşəkkür etmək istəyirəm. O özünü tanıtmaq istəməsə də, mən bunu özümə borc bilirəm. Həmin donor mənim doğma qardaşımın yoldaşı, 2 uşaq anası Pərvanə xanımdır. Məni həyata qaytardığı üçün təşəkkür edirəm".
Səhnədən tamaşaçıların alqış sədaları ilə ayrılan aktyor tezliklə yeni tamaşalarla səhnədə olacağına söz verdi.