BAKI, 26 iyun — Sputnik. Bundan sonra universitet tələbələri təhsillərini vaxtından tez bitirib, diplom ala biləcəklər. Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev bildirib ki, bir tələbə semestr zamanı daha çox fənn götürərsə, universiteti 4 ildən daha tez bitirə bilər: "Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30-a qədər kredit müəyyənləşdirilir. Bu tələbələrə əlavə fənn də seçməyə icazə verilir".
"Bütün hallarda bir semestrdə tələbənin götürdüyü kreditlərin sayı 40-dan çox olmamalıdır. Tələbə təhsil müddətində 240 kredit toplamalıdır. Bu səbəbdən tələbə tədris qrafikini düzgün tərtib etdiyi halda ali təhsil müəssisəsini 4 ildən tez bitirə bilər" — Piriyev qeyd edib.
Bəs, Azərbaycanda təhsil səviyyəsinin bugünkü ürək açmayan vəziyyətində bu cür təhsil sisteminin tətbiqi tələbələr üçün nə dərəcədə uğurlu olacaq? Harvard Universitetinin məzunu, ictimai fəal Bəxtiyar Hacıyev Sputnik Azərbaycan-a bildirib ki, belə praktika dünyanın bir çox ölkəsində mövcuddur: "Tələbə öz dərs yükünü dərs illəri və semestrləri üzrə bölüşdürür və bu bölgüyə uyğun olaraq təhsilini 4 ildən tez, yaxud gec bitirir. Təhsil Nazirliyi bu praktikanı tətbiq edə bilsə və tələbələrin imtahanları həqiqətən də öz bilikləri ilə verməsinə nəzarəti təmin etsə, bu, bir çox istedadlı şəxs üçün faydalı addım olar".
"Azərbaycanda universitetlərdə tələbələrin bir qismi universitet proqramını asanlıqla mənimsəyir, digər qismi isə proqramın öhdəsindən çətinliklə gəlir. Birincilərin ikinciləri gözləməsi, eyni ildə məzun olması məcburi olmamalıdır. Bundan başqa, tələbə öz şəxsi və peşəkar həyatı ilə bağlı məqamları nəzərə alıb, bəzi semestrlərdə dərs yükünü artırmaqla, başqa semestrlərdə dərs yükünü azalda, həmin semestrlər zamanı təcrübə qazanmaq, yaxud iş axtarmaqla məşğul ola bilər" – deyə Hacıyev əlavə edib.
Təhsil eksperti Kamran Əsədov iddia edir ki, son illər ərzində Azərbaycan təhsilinin inkişafı üçün çoxsaylı tədbirlər həyata keçirilir. Lakin bu addımların demək olar ki, hamısı orta məktəb səviyyəsindən yuxarı qalxmır: "Bu da əlbəttə ki, yaxşı hal deyil. Ona görə də, ali məktəblərlə bağlı islahatların aparılması labüddür. İlk növbədə bu islahatları universitetin idarə olunması ilə başlamaq lazımdır. Çünki hal-hazırda universitetlərin idarə olunması sovetlər dönəmindən qalmış idarəçilik formasından istifadə olunaraq həyata keçirilir".
"Universitetlərin müstəqilliyi çox aşağı səviyyədədir. Bütün bunlar bizim ali təhsil ocaqlarının dünya reytinq cədvəlində yer tutmamasında mühüm rol oynayır" — Əsədov vurğulayıb.
"Universitetlərə qəbul imtahanlarının sadələşdirilməsi, idarəçilikdə yeni formaların tətbiqi bu sahədə irəliləməyə doğru mühüm addım olardı. İnanıram ki, yaxın vaxtlarda "Ali təhsil haqqında qanun" layihəsi qəbul ediləcək və bu sahənin inkişafı üçün qanunvericilik bazası olacaq" – deyə təhsil eksperti bildirib.