BAKI, 16 iyun — Sputnik. İyunun 13-də Milli Məclisin növbədənkənar plenar iclasında "Təhsil haqqında qanun"a dəyişikliklər qəbul olunub. Bu dəyişikliklərdən biri qəbul imtahanlarında yetərli bal toplaya bilməyənlər üçün universitetlərin nəzdində müvafiq hazırlıq kurslarının yaradılması ilə bağlıdır. Belə ki, bu hazırlıq kursları vasitəsilə bakalavr pilləsinə imtahan vermədən qəbul həyata keçiriləcək.
Millət vəkili Asim Mollazadə məsələ ilə bağlı Sputnik Azərbaycan-a açıqlamasında, bu yeniliyin əleyhinə olduğunu deyib: "Bu dəyişikliklərə əsasən, dövlət imtahanlarında yetərincə bal toplamayan abituriyentlər müvafiq universitetlərin hazırlıq kurslarına daxil ola biləcəklər. Hazırlıq kurslarını bitirəndən sonra onlar təhsillərini universitetin bakalavr səviyyəsində davam etdirə bilərlər".
"Mən bu təklifin əleyhinə çıxış etdim. Yetərincə yüksək savadı olmayan tələbələrin universitetlərə daxil olub orada təhsil alması universitetlərin səviyyələrini aşağı salacaq. Eyni zamanda, bu yenilik korrupsiyaya yol açacaq. Bu da savadsız kadrların çoxalmasına səbəb olacaq. Bir sözlə, bu təklif reallaşarsa, təhsil səviyyəsi aşağı düşə bilər və bir çox təhsil problemlərinə səbəb ola bilər" — deputat bildirib.
Təhsil eksperti Kamran Əsədov isə Sputnik Azərbaycan-a deyib ki, ali məktəblərə qəbulda islahatların aparılacağı gözlənilən idi: "Bu məsələ bir neçə müddətdir ki, müzakirə olunur. Lakin hesab edirəm ki, təklif olunan dəyişiklik cari il üçün nəzərdə tutulmur. İlk növbədə ona görə ki, 2017-2018-ci tədris ili üçün Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrinə qəbul üçün rəsmi qəbul başlayıb".
"Bundan əlavə, ali təhsil müəssisələrinin belə bir hazırlıq qruplarının yaradılması ilə bağlı hazırlığı başlamayıb. İkinci tərəfdən isə bu, heç də azərbaycanlı gənclərin xarici ölkələrdə təhsil almağa getmələrinə maneə olmayacaq. Ona görə ki, hazırlıq qruplarında təhsil alanlar 1 ildən sonra yenidən qəbul imtahanlarında iştirak edəcəklər və müsabiqə şərtlərini ödəyən abituriyentlər ali məktəblərə qəbul olacaqlar. Çünki hazırlıq qruplarında təhsil almaq hansısa hüquqi qüvvəyə malik deyil. Bu, dünyada mövcud olan təcrübədir" — Əsədov bildirib.
O, düşünür ki, bu addımın atılmasını zəruri edən amil son illər universitetlərə qəbulun aşağı düşməsi və universitetlərin gəlirlərdən məhrum olmasıdır: "Lakin bir məsələni təkrar qeyd edim ki, ali təhsil müəssisələrinin abituriyent səviyyəsində hazırlıq keçmələri üçün maddi-texniki bazaları və avadanlıqları yoxdur. Çünki onlar akademik səviyyədə bakalavr, magistr təhsili üçün dərslik və tədris materiallarına sahibdirlər. Bu materiallar isə abituriyentlər üçün lazımlı deyil. Bundan başqa, heç də bütün universitetlərdə ali məktəblərə qəbul üçün ixtisas qruplarının müəllim heyəti mövcud deyil".