BAKI, 25 iyun — Sputnik. Formula-1 üzrə dünya çempionatının yeddinci mərhələsinə — Azərbaycan Qran-Prisinə start verilib.
Sputnik Azərbaycan xəbər verir ki, yarışdan öncə Azadlıq meydanında möhtəşəm açılış mərasimi təşkil olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri açılış mərasimini izləyiblər.
Karnaval üslubunda hazırlanan açılış mərasimində Azərbaycan mədəniyyətinin incə koloriti, milli rəqslərimiz və xalqımızın əsrlərdir qoruyub saxladığı simvollar nümayiş etdirilib. Azərbaycan Respublikasının dövlət himni çalındıqdan sonra Formula-1 Azərbaycan Qran-Prisinə start verilib.
Qeyd edək ki, Formula-1 Azərbaycan Qran-Prisində on komanda mübarizə aparır. Hər komanda iki pilotla təmsil olunur. Ötən gün keçirilən sıralanma turundan sonra Qran-Prinin start düzülüşü belədir: Luis Hamilton, Valtteri Bottas (hər ikisi “Mercedes”), Kimi Raykkonen, Sebastian Fettel (hər ikisi “Ferrari”), Maks Ferstappen (“Red Bull Racing”), Serxio Peres, Esteban Okon (hər ikisi “Force India”), Lans Stroll, Felipe Massa (“Williams”), Daniel Rikkiardo (“Red Bull Racing”), Daniil Kvayt (“Toro Rosso”), Kevin Maqnussen (“Haas”), Niko Hulkenberq (“Renault”), Paskal Verlayn (“Sauber”), Karlos Sains (“Toro Rosso”), Romen Qrojan (“Haas”), Markus Eriksson (“Sauber”), Stoffel Vandorn (“McLaren”), Fernando Alonso (“McLaren”) və Colion Palmer (“Renault”).
Xatırladaq ki, il ərzində keçirilən yeddi Qran-Prinin üçündə (Avstraliya, Bəhreyn, Monako) qalib gələn "Ferrari"nin almaniyalı pilotu Sebastian Vettelin 141 xalı var. Yeddinci — Kanada Qran-Prisində aktivinə 25 xal əlavə edən Luis Hamilton liderlə aradakı fərqi bir qədər azaldıb. O, bu qələbədən sonra xal ehtiyatını 129-a çatdırıb. Britaniyalı pilot Çin, İspaniya və Kanada Qran-Prilərində fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Onun komanda yoldaşı, Rusiya Qran-Prisinin qalibi Valtteri Bottas isə 93 xalla üçüncü sırada yer alıb.