BAKI, 24 iyun — Sputnik. 2017-ci ilin ilk 4 ayı ərzində Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 18 min 229 nikah qeydə alınıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu müddət ərzində ölkədə boşananların sayı 4 min 896 olub. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,7, boşanmaların sayı isə 1,5 olub.
Boşanmalar zamanı ən böyük zədəni uşaqlar alır. Valideynlərin ayrılması, atasız və yaxud anasız həyat, uşağın psixoloji inkişafına, formalaşmasına böyük təsir edir. Bu təsir daha çox oğlan uşaqlarında özünü biruzə verir. Atasız həyat oğlan uşağının gələcək həyatını, gələcəkdə necə insan olacağını sual altında qoyur.
Sosioloq Əhməd Mansurovun Sputnik Azərbaycan-a izahına görə, uşaqların özünə inamlı və tam yetkin inkişafı üçün ailənin də tam olması vacibdir: "Bu uşaqların həm psixoloji, həm də sosial baxımdan inkişafı üçün önəmli məsələdir. Uşaq üçün ata və ana obrazlarının olması ilk növbədə cəmiyyətdə qadın və kişi rollarını ayırmağa kömək edir".
"Atanın olmaması, adətən uşaqlarda özünəinamın aşağı olmasına, öz həmyaşıdları tərəfindın qəbul olunmama probleminə səbəb olar bilər. Onların bəzi hallarda ayrı-seçkiliyə məruz qalması və ya cəmiyyət tərəfindən həddən artıq qayğı göstərilməsi, həddən ziyadə diqqətə məruz qalması da buna gətirib çıxarır. Yəni, "sənin atan yoxdur, biz sənə belə davranırıq" kimi düşüncə tərzi məhz həmin uşaqların travmatik böyüməsinə səbəb olur, beləliklə uşaqlar cəmiyyət tərəfindən hansısa addımı gözləməyə alışır" — mütəxəssis bildirib.
Sosioloqun sözlərinə görə, analar çalışmalıdırlar ki, ailədə atanın olmaması hiss edilməsin: "Cəmiyyətdə daha çox nümunəvi ata və ana obrazlarının olmasına ehtiyac var".
Mansurov hesab edir ki, atası olmayan uşaqlar da ən azından nümunəvi kişi obrazlarını haradasa görməldirlər ki, onlar da gələcəkdə ailədə atalıq məsuliyyətini dərk edə bilsinlər: "Bu cür obrazlar adətən baba, əmi-dayı, liderliyi olan şəxslər, kişi müəllimlər ola bilər. Ancaq təəssüflə qeyd edim ki, ailəsini üstün tutan, onu sevən, onun qayğısına qalan normal kişi obrazlarına çox az rast gəlinməsi, bu cür uşaqların da gələcəyini şübhə altına alır".
"Təəssüflə qeyd etmək lazımdır ki, ildən-ilə atasız uşaqların sayı artır. Səbəb isə kişilərin məsuliyyətdən qaçmasıdır. İndiki kişilər Azərbaycan kişisinin tarixən formalaşan kontekstindən uzaqlaşıblar. Və bu proses davam edir. Nə qədər problemli münasibətlər olacaq, nə qədər problemli ailələr olacaq, o qədər də bu uşaqların sayı artacaq" — ekspert vurğulayır.
Psixoloq Ramin Hacıyev də Sputnik Azərbaycan-a deyib ki, hər bir oğlan uşağı üçün ata tərbiyəsi önəmlidir: "Ata olduğu zaman, oğlan uşağı böyüdükcə ondan dərs alır, nümunə götürür. Özünü ona bənzətməyə çalışır. Bu, adətən özünü danışıq tərzində, geyimdə daha çox biruzə verir. Amma ailədə oğul yalnız ana tərəfindən tərbiyə ediləndə, həmin uşaqda müəyyən komplekslər yaranır".
Hacıyevin sözlərinə görə, belə uşaqların qadınlarla münasibəti daim gərgin olur: "Bəzən ata ailəni tərk edən zaman uşaq anasından ailəni dağıdan digər qadın haqqında neqativ fikirlər eşidir. Və bu fikirlər uşaqda qadınlara qarşı şüuraltı nifrət-qorxu qarışıq bir hiss yaradır. Bu hiss isə uşaq üçün yalnız maneələr yaradır".
Psixoloq bildirir ki, ailədə ata yoxdursa, oğlan uşağını düzgün formalaşdıran kişi mütləq olmalıdır: "Oğlan uşağı ailədə hər hansı bir kişidən emosiya ala bilməsə, düzgün formalaşa bilməz. Ailədə ata yoxdursa, ana daim uşağı ilə dialoqda olmalıdır. Onun düşüncələrinə, fikirlərinə önəm verməli, azarkeşi olduğu futbol klubu, sevdiyi oyunlar, xoşaldığı geyimlər haqqında məlumatlı olmalıdır. Atasızlıq oğlan uşaqlarında özünə inamsızlıq, depressiyaya meyllilik, ailə həyatı quran zaman anaya bağlılıq yaradır. Bu hal isə sonradan qurulan ailənin dağılması ilə nəticələnir".
R. Hacıyev bildirir ki, atasız oğlan uşaqları yaşıdları ilə də müəyyən problemlər yaşayır: "Ata uşağın psixoloji inkişafında mühüm rol oynayır. Uşaqlar böyüyüb formalaşdıqdan sonra atasız olmağın təsirini hiss etməyə başlayırlar. Atasız böyüyən oğlan uşaqları həyatlarına qarışan bir ata olmadığı üçün sərbəst olurlar".
"Ancaq ailənin məsuliyyətini dərk etdikləri üçün bu azadlıq onlar üçün əhəmiyyətsizdir. Bu uşaqlar özlərini də qorumaq məcburiyyətində qaldıqları üçün daha sərt xarakterli olurlar. Atasız böyüyən oğlan uşaqları uşaqlıqlarını yaşaya bilmədikləri üçün daxilən hər zaman uşaq kimi qalırlar. Hər şeyi tək başına öyrənirlər. "Mənim atam sənin atanı döyər" deyib yaşıdları ilə dava edə bilmədikləri üçün daha çox davakar olurlar. Hər çətinlikdə özləri ayaq üstə durmağa çalışırlar. Amma buna rəğmən başlarını oxşadığınız zaman gözləri dolacaq qədər kövrəkdirlər" – deyə psixoloq əlavə edir.
Mütəxəssislərin fikrincə, ailədə boşanma baş versə də, tərəflər uşaqların xətrinə bir-birini başa düşməli, uşaqların hər iki valideynlə vaxtaşırı görüşməsinə şərait yaratmalıdır.