BAKI, 25 iyun — Sputnik. ABŞ-ın başçılıq etdiyi koalisiya İŞİD lideri Əbu-Bəkr əl-Bağdadinin hazırkı taleyi barədə dəqiq məlumata malik deyil. Amma o dəqiq məlumdur ki, əl-Bağdadi artıq qruplaşmanın Mosuldakı fəaliyyətinə rəhbərlik edə bilmir.
AZƏRTAC xəbər verir ki, bunu Bağdaddan telekonfrans rejimində keçirdiyi birifinqdə jurnalistlərə koalisiyanın rəsmi nümayəndəsi polkovnik Rayan Dillon bildirib. “Bizdə onun sağ, yaxud ölü olduğuna dair konkret dəlil-sübut yoxdur. Amma biz dəqiq bilirik ki, əgər o, sağdırsa da, hazırda Rakkada, yaxud Mosulda və ya İŞİD-in özündə baş verənlərə, hətta xilafətin dağılması prosesinə təsir göstərə bilmir” — deyə koalisiyanın nümayəndəsi əlavə edib.
Xatırladaq ki, bir qədər əvvəl Rusiya Müdafiə Nazirliyi İŞİD liderinin Rakka şəhərinin cənubunda mümkün məhvi barədə açıqlama yaymışdı. Nazirlikdən bildirmişdilər ki, mayın 28-də Rusiya Hərbi Hava Qüvvələrinə məxsus aviasiya İŞİD liderlərinin müşavirəsinin keçirildyi komanda məntəqəsinə zərbə endirib. Aviazərbə nəticəsində 30-dək yüksəkvəzifəli səhra komandirinin və 330-a yaxın qruplaşma üzvünün öldürüldüyü iddia olunurdu.
Son vaxtlar əl-Bağdadinin ölümü haqqında zaman-zaman məlumatlar dolaşsa da, onlar təsdiqini tapmayıb. Sonuncu belə məlumat KİV-də iyunun 11-də yayılmışdı. O vaxt Britaniyanın Daily Mail nəşri Suriya dövlət televiziyasına istinadla İŞİD başçısının Rakka şəhərinə aviasiya hücumları nəticəsində məhv edildiyini yazmışdı.