BAKI, 24 iyun — Sputnik. Son zamanlar bəzi ipoteka krediti alanların, sonradan onu ödəyə bilmədiyi üçün mənzilləri geri qaytardıqları barədə xəbərlər yayılıb. Sputnik Azərbaycan sosial şəbəkədə "Hal-hazırda təklif olunan ipoteka şərtləri sizi qane edirmi və bu şərtlərlə ev almısınızmı" sualı ilə sorğu keçirib. Nəticələri təqdim edirik:
Günel Fərhadova: "Mən ipoteka və ya digər şərtlərlə kreditə nəsə almaram — nə ev, nə avtomobil. İpoteka ilə aldığın sənə məxsus olmur, sanki icarəyə götürürsən, ödənişdə gecikmən olan kimi mənzilin və ya maşının əlindən alınır".
Arzu Babazadə: "Şərtlər heç də qaneedici deyil. Mən də ipoteka ilə ev almışdım, amma geri qaytardım. 50 minlik evi 150 minnə satırlar. Həm də vətəndaşı 20-25 il kölə kimi kredit ödəməyə məhkum edirlər. Bir tərəfdən də aylıq ödənişlər o qədər çoxdur ki, vətəndaşların aylıq gəliri o miqdarın yanında qəpik-quruşdur. Qətiyyən sərf eləmir".
Savalan Talıblı: "Azərbaycanda bu gün gənclərin əmək haqqı o səviyyədədir ki, onunla nə ipoteka, nə sosial ev almaq mümkündür. İpoteka üçün olan "şapka" isə az qala bir evin qiymətinədir".
Məhəmməd Türkmən: "O şərtlərlə ev almaq ömrün boyu borclu olmaq deməkdir. Üstəlik, ipoteka almaq üçün banklarda 5 min manat "şapka" istəyirlər, yəni rüşvət".
Həsən Həsənov: "Ömrünün axırına kimi ipotekaya pul ödəməkdənsə, elə bunu kirayəyə verib daha uyğun evdə yaşamaq olar".
Afaq Cəbrayılova: "3 il əvvəl ipoteka ilə ev götürmüşük. 4%-lə, 25 illik. Qızlarım ailə quranda, biz nəvə sahibi olanda kreditimizi qurtaracağıq. 50000 məbləğində olan evi ipoteka ilə götürmüşük. Hesablamışıq ki, həmin evə 75000 manatdan artıq pul ödəməliyik. Amma kirayədən yaxşıdır".
Rüstəm Allahverdiyev: "İpotekanın şərtləri getdikcə daha da sərtləşir. Həm də sığorta edərək ipoteka krediti götürənləri peşman edirlər. Çünki həyat sığortasında lisenziyanı 2-3 şirkətə veriblər. Onlar da istədikləri məbləği qoyurlar. Borc azaldıqca siğorta məbləği aşağı düşmək əvəzinə artır. Yəni kim ipoteka ilə ev götürürsə, əvvəlcədən hər şeyi gözə almalıdır".
Ağa Səlim: "Şərtlər çox qəlizdir. Ən azı 2 şərt məni qane etmir. Birincisi, fəlsəfə elmləri doktoru dərəcəsinin olması, ikincisi, dövlət qulluğunda işləməyin vacibliyi".
Elnur Mədətoğlu: "Qətiyyən razı deyiləm, heç bir şərt uyğun deyil".
Sevinc İsgəndərli: "İllik faiz həddindən artıq çoxdur. Ən əsas da gənc ailələrə belə şərtlərlə ev verilməməlidir".