BAKI, 10 apr — Sputnik. Bir neçə gün öncə prezident İlham Əliyevin "Azərbaycan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası"nda dəyişikliklər edilməsi ilə bağlı fərman imzalayıb. Fərmana əsasən, Azərbaycanda güzəştli ipoteka krediti ipoteka ilə yüklü edilən yaşayış sahəsinin qiymətinin 90 faizi həcmində veriləcək.
Bundan əlavə, kredit yaşayış sahəsinin 1 kvadratmetri üçün hesablanan qiyməti ipoteka kreditinin verilmə tarixinə Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonalarda, ölkənin digər şəhər və rayon ərazilərində orta bazar qiymətindən artıq olmayan və Azərbaycan Respublikası Prezidentinin aktları ilə ayrı qayda nəzərdə tutulmayıbsa, təmirli yaşayış sahələrinin alınmasına veriləcək. Sputnik Azərbaycan-ın əməkdaşı bu fərmanın əmlak bazarına və ipoteka krediti ilə satılan mənzillərin satışına hansı təsirlər göstərəcəyini əmlak üzrə ekspertlərdən soruşub.
Əmlak Ekspert Mərkəzinin sədri Ramil Osmanlı söyləyib ki, əvvəlki qaydalara bir qədər dəyişikliklər olunub: "Düşünürəm ki, dəyişikliklər əmlak bazarında əhəmiyyətli və nəzərə çarpacaq canlanma yaradacaq, əmlak bazarında aktivlik artıracaq. Bu, daha çox ipotekaya ayrılacaq vəsaitlərin həcmindən asılı olacaq. Hətta inanıram ki, gələcəkdə ilkin ödənişsiz sosial ipoteka verilməsi də reallaşacaq".
"İki il öncəki şərtlərlə indiki şərtlər arasında əhəmiyyətli dəyişikliklər mövcuddur. İpotekanın kreditləşməsinə dövlət tərəfindən daha çox vəsait ayrılarsa, bu da yaxın gələcəkdə mənzil bazarında kəskin aktivləşməyə gətirib çıxara bilər" — deyə ekspert əlavə edib.
Ekspert bildirib ki, yeni tikilən mənzillərdə satış qiymətlərini sahibkarların özləri müəyyən etdiyi üçün mənzil bazarında ucuzlaşma müşahidə olunmur: "Hal-hazırda mənzil alışına tələb azdır və normal olaraq mənzillərin qiymətləri aşağı düşməlidir. Amma ucuzlaşma baş vermirsə, deməli bu, psixoloji amillər, mental dəyərlərlə bağlıdır".
R. Osmanlı onu da qeyd edib ki, ipoteka kreditləşməsi əmlak bazarının qiymətinə cüzi təsir göstərə bilər. Onun sözlərinə görə, gələcəkdə mənzil qiymətlərində hansı dəyişikliklər olacağını öncədən demək çətindir.
Əmlak eksperti Nüsrət İbrahimov bildirib ki, ölkə prezidentinin ipoteka haqqında verdiyi sərəncamın əsas məqsədi "Azərbaycanda İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyətinin verdiyi ipoteka-kredit şərtləri ilə Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) mənzillərinin satışı arasındakı şərtlərdə uyğunsuzluğun aradan qaldırılmasıdır: "2015-ci ildə İpoteka Fondunun şərtləri açıqlananda bildirilmişdi ki, minimum 15 faiz ilkin ödəniş olmalı və binalar tamamlanıb, təmirli halda çıxarış ("kupça" — red.) ilə satılmalıdır. MİDA-nın şərtlərinə görə isə, mənzil üçün 10 faiz ilkin ödəniş edildikdən, binanın tikintisinin 30 faizi başa çatandan sonra reysterdən alınmış çıxarış ilə satılması nəzərdə tutulurdu".
"Nəzərə alsaq ki, MİDA-nın də mənzilləri İpoteka Fondunun vasitəsi ilə satılacağı nəzərdə tutulurdu, bu zaman şərtlər eyni olmalı idi. Bu fərmanın da əsas məqsədi MİDA ilə "Azərbaycan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyətinin şərtlərini eyniləşdirmək idi və bu, gerçəkləşdirildi" — N. İbrahimov bildirib.
"Yeni qərarın bazar qiymətinə təsiri olmayacaq. Sadəcə ipoteka şərtləri ağır olduğu üçün müraciət edə bilmirlər. Bu yeniliklər də şərtləri yumşaltmaq və daha çox insanın bu mənzillərdən yararlanmasına şərait yaratmaqdır. Gələcəkdə bazar buna hazır olduqca ipoteka şərtləri daha da yumşaldılacaq" — deyə ekspert əlavə edib.