BAKI, 21 iyun — Sputnik. Pakistan Hərbi Hava Qüvvələri İrana məxsus pilotsuz uçan aparatı (PUA) vurub. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, Pakistan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarəsi, ölkənin cənub-qərbindəki Bəlucistan əyalətində İrana məxsus pilotsuz uçan aparatı vurub.
Bu barədə Pakistan ordusundan açıqlama verilib. Məlumata görə, PUA hava sərhədini pozduğu üçün vurulub. Məsələ ilə bağlı İran tərəfdən hələlik rəsmi münasibət bildirilməyib.
Xatırladaq ki, dünən yayılan məlumata görə, Səudiyyə Ərəbistanı, özünə aid ərazi sularında neft platformasına hücum etmələri ittihamı ilə, İran İnqilab Keşikçiləri Korpusunun 3 əməkdaşını həbs edib. Səudiyyə tərəfindən verilən açıqlamaya görə, iyunun 17-ə keçən gecə Səudiyyə Ərəbistanının ərazi sularında "El-Mercan" neft sahəsindəki platformaya qayıqlarla hücum cəhdi olub.
"Neft sahəsinə hücum təşkil etmək üçün sürətlə yaxınlaşan 3 qayığa dəniz qüvvələrimiz tərəfindən müdaxilə edilib, qayıqlardan ikisinin ərazidən uzaqlaşıb, digəri isə saxlanılıb. Saxlanılan qayıqda İran İnqilab Keşikçiləri Korpusunun 3 hərbçisi olub və onlar həbs edilib. Silah-sursatın da olduğu qayıqda tutulan şübhəlilərin sorğuları davam etdirilir" — açıqlamada bildirilir.