CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İşıqlı dünyadan qaranlıq dünyaya düşən adam: möcüzə belə olar

© Sputnik / Ilham Mustafayevİlqar Səbzəliyev
İlqar Səbzəliyev - Sputnik Azərbaycan
Abunə olmaq
Bu həmyerlimizin bacarığı hər kəsi heyran edir

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 20 iyun — Sputnik. O, gözlərinin nurunu 32 yaşında itirib. Ehtiyatsızlıqdan gözlərinə tökülən sirkə göz damarlarını yandıraraq, zamanla tamamilə tutulmasına səbəb olub.

Afiq İsgəndərov - Sputnik Azərbaycan
CƏMİYYƏT
Onun gözübağlı bacardığını əksəriyyət gözüaçıq bacarmır

Həmin vaxtadək bir gün belə, boş dayanmayan, təbiət aşiqi, kitab həvəskarı olan Mingəçevir sakini İlqar Səbzəliyevin "işıqlı dünyadan qaranlıq dünyaya düşmək" kimi dəyərləndirdiyi məşəqqətli həyatı 1997-ci ildən başlayıb. İlk vaxtlarda gözlərinin tutulması ilə heç cür barışmaq istəməyən qəhrəmanımız, hətta özünə qəsd etməyi də düşünüb.

Lakin tədricən taleyi ilə barışıb, həyata gözləri ilə deyil, hissi ilə, qəlbi ilə baxmağı öyrənib və bəlkə də dünyada bənzəri olmayan bir qabiliyyəti özündə aşkar edib. O, sağlam vaxtlarında işlətdiyi sənəti, yenidən, gözləri görmədən davam etdirib.

İlqar Səbzəliyev hazırda, gözünün sağ vaxtlarında heç vaxt görmədiyi yeni model tozsoran, ətçəkən maşınlar, fen, paltaryuyan və digər elektrikli məişət avadanlıqlarını məharətlə təmir edir. Eyni zamanda, evlərin işıq sistemlərinin çəkilməsi, işıqlandırılması ilə məşğul olur.

Sputnik Azərbaycan-a danışan İlqar, bu qabiliyyətinin Allah vergisi olduğunu deyir: "Mən işləyən vaxt gözlərimin görmədiyini hiss eləmirəm. Özümdən asılı olmur, sanki əllərimlə onları duyuram, hiss edirəm, barmaqlarımla canlandırıram. Bunun bir Allah vergisi olduğunu fikirləşirəm. Bir qapını bağlayan Allah, bir qapını açar".

Bu işlərdə icad etdiyi qurğu da onun köməyinə çatır. Batareya ilə işləyən ampermetr cihazının işləmə formasını dəyişərək, ondan çıxan səslərlə elektrik avadanlıqlarının hansı hissəsinin sıradan çıxdığını müəyyənləşdirir. Hətta tapılmayan, dolağı yanan elektrik avadanlıqlarının dolağını yenidən sarıyır və əvvəlkindən də daha effektli işləyəcəyinə zəmanət verir.

© Sputnik / Ilham Mustafayevİlqar Səbzəliyev
İlqar Səbzəliyev - Sputnik Azərbaycan
İlqar Səbzəliyev

Öz evinə isə yalnız rəngsazlıq işləri üçün usta çağırdığını deyir. Hamamın, mətbəxin santexnika işlərindən tutmuş, xarab olan mebelə kimi hər bir işi özü görür. Bu işlərdə, hətta qonşularına da yardım edir.

Bir dəfə iş vaxtı başına gələn hadisəni nəql edir İlqar: "Bir evdə elektrik xətləri çəkirdim. Məndən başqa digər ustalar da işləyirdilər. Çəkic və zubillə beton divarda naqillər üçün yer açırdım. Birdən orda işləyən ustalardan biri məni saxladı ki, "bayaqdan dayanıb sənə baxıram, çəkicin nazik tərəfi düşüb əlinə, buna baxmayaraq çəkici zubilə çox dəqiqliklə vurursan, dəqiqliklə yer açırsan". Özünün çəkicin yastı tərəfi ilə bu incəliklə iş görə bilmədiyini dedi".

İlqar gözlərinin görəcəyinə, yenə "işıqlı dünyaya" qayıda biləcəyinə ümidini itirməyib: "Bir təsəllim odur ki, gün işığını sol gözümlə hiss edirəm. Bunun da müalicəsi Türkiyədə mümkündür. Buna da imkanım çatmır. Amma dünyanı gözlə görməyi çox arzulayıram. Eşidirəm ki, şəhərimiz gözəlləşir, hər gün bir yenilik çıxır. Mən də istəyirəm o yenilikləri o gözəllikləri görəm".

"Özüm təbiət vurğunu olmuşam. Ən çətin vaxtlarımda Bozdağın üstə çıxıb dənizə (Mingəçevir su anbarı — red.) baxıb dincələrdim. İndi təbiətdən yalnız qovaq ağaclarının yarpaqlarının pıçıltısına qulaq asıb rahatlıq tapıram. Ən çox darıxdıran isə kitab oxuya bilməməyimdir. Kitabı əlimə alıram, qoxuyub yenidən rəfə qoyuram. Bir az rahatlanıram" — deyir həmsöhbətimiz.

O, müalicəsinə kömək etmələri üçün rəsmi qurumlara müraciət ünvanladığını da qeyd edir: "Bir müddət əvvəl hesab nömrəsi də açmışdılar adıma. Lakin bir nəticə vermədi. Amma yenə də ümidliyəm, xeyirxah insanların yardım edəcəklərinə inanıram".

Xəbər lenti
0