BAKI, 20 iyun — Sputnik. Dünən Beynəlxalq Avtomobil Federasiyasının (FİA) Avtoidman üzrə Ümumdünya Şurasının İsveçrənin Cenevrə şəhərində baş tutan görüşü zamanı 2018 FIA Formula 1 Dünya Çempionatının təqvimi təsdiqlənib. Bakı Şəhər Halqasının mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumatına görə, təqvimin 4-cü yarışı 2018 Formula 1 Azərbaycan Qran Prisi adı altında paytaxt Bakıda keçiriləcək. Bununla da Azərbaycan Qran Prisi gələn il ilk iki ilin təqvimdəki yeri ilə müqayisədə daha əvvəldə qərarlaşıb. Ardıcıl iki il F1 yarışına iyun ayında ev sahibliyi edən Bakı Şəhər Halqası (BŞH) üçün 27-29 aprel tarixləri önəmli dəyişiklikdir.
Yeni təqvimin ilkin versiyasında digər maraqlı dəyişikliklər diqqətdən qaçmır. Belə ki, 2016-cı ildə olduğu kimi 2018-ci ildə də rekord sayda yarış – 21 Qran Prinin keçiriləcəyi gözlənilir.
"Yarış təşkilatçılarının daha çox hazırlıq vaxtlarının olması üçün gələn ilin təqvimini vaxtından əvvəl yekunlaşdırmaq istəyirdik və FİA ilə yaxın əməkdaşlıq nəticəsində buna nail ola bildik", — deyə Formula 1-in rəhbəri Çeyz Keri 2018 F1 təqviminin ilkin versiyasının elanından sonra mətbuata verdiyi açıqlamada bildirib.
"Hazırki yarış təşkilatçılarımıza hər bir yarışın xüsusi tədbir olduğunu göstərmək və həmçinin ən vacib tərəfdaşımız olan Formula 1 həvəskarları üçün hər bir yarışı unikal və yaddaqalan etmək istiqamətində var gücümüzlə çalışırıq. Əgər buna nail olsaq, bütün Formula 1 ailəsi bundan faydalana biləcək".