BAKI, 20 iyun — Sputnik. Beynəlxalq Avtomobil Federasiyası növbəti yarış ili üçün ilkin cədvəli açıqlayıb. Bundan öncəki mövsümdən fərqli olaraq 2018-ci ildə Azərbaycan Qran-Prisinin aprel ayının 29-də keçirilməsi nəzərdə tutulub.
Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Bakı Şəhər Halqasının mətbuatla əlaqələr şöbəsinin rəhbəri Gülnaz Quliyeva məlumat verib. O bildirib ki, bu son təqvim deyil: "Beynəlxalq Avtomobil Federasiyasının son qərarı dekabr ayında açıqlanacaq. Hətta 2018-ci il təqviminə əlavə yarışlar əlavə edilib. Bu cədvəli onlar özləri təyin ediblər. Yenə də qeyd edirəm ki, son qərar dekabr ayında açıqlanacaq".
"Aprel ayının hava şəraitinə gəlincə, Formula 1 yarışları hər bir hava şəraitində keçirilir. O ki qaldı hazırlıq proseslərinə, artıq iki illik təcrübəmiz var və bu təcrübəmizə əsaslanaraq deyə bilərik ki, yarışların tez olmasına baxmayaraq, biz bunu bacaracağıq" – deyə Gülnaz Quliyeva əlavə edib.