BAKI, 19 iyun — Sputnik. Türkiyənin Manisa bölgəsində, dünən axşam yeməyindən sonra 731 hərbçi qidadan zəhərlənib və xəstəxanaya yerləşdirilib. Bundan sonra Manisa Prokurorluğunun təlimatı ilə, mərkəzi Ankarada yerləşən "Rota" yemək şirkətinin işçiləri həbs edilib.
Sputnik Azərbaycan Hürriyet-ə istinadla xəbər verir ki, Manisa Polis İdarəsinin əməkdaşları tərəfindən həbs edilən 21 nəfər arasında, həmin şirkətin rəhbəri Veysəl Əhməd Gürcü, 3 qida mütəxəssisi, aşbaz, aşbaz köməkçisi və digərləri var.
Manisa valisi baş verən hadisə ilə əlaqədar yeni açıqlamalar verib. Vali Mustafa Hakan Güvençer hadisə ilə əlaqədar 17 hərbçinin xəstəxanada müalicəsinin davam etdiyini söyləyib. Vali, həbs edilənlərin sayının 24-ə çatdığını qeyd edib.
Hərbi hissəyə yemək xidməti göstərən "Rota" adlı firmanın, bundan əvvəl 6 dəfə adını dəyişdirdiyi öyrənilib. Son olaraq "Rota" adı ilə, 7 fevral 2015-ci ildə Manisadaki hərbi birləşməyə yemək xidməti göstərmək üçün tenderi 3 illiyə qazanıb.