Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Bir ildir coşmayan "Ağ-Yaşıl Fırtına"

© Sputnik / Rahim Muradov"Xəzər Lənkəran"
Xəzər Lənkəran - Sputnik Azərbaycan
Abunə olmaq
Və ya Qafqazın "Çelsi"sinin geri dönüşü mümkündürmü?

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 17 iyun — Sputnik. Əvvəllər da böyüklərdən eşitmişik ki, Lənkəranda həmişə futbol olub. Burada futbolun yaranması tarixi ilə bağlı müxtəlif fikirlər söylənilir. Yəni, Lənkəranda futbolun yaranması zamanı tam dəqiq bilinmir. Amma təxminən ötən əsrin əvvəllərində bölgədə futbola marağın yüksək olması bəllidir. Lənkəran Çayının kənarında olan "Əlbəxçatan" adlı məhəllədə futbolsevərlərin parçalardan yumru top hazırlayıb futbol oynaması haqqında dəqiq bilgilər var.

Sakin Məmmədzadə və Hüseyn Cəbrayıloğlunun həmmüəllif olduqları "Cənub bölgəsində futbolun inkişaf tarixi" adlı kitabda yuxarıda qeyd etdiklərimizlə yanaşı, Lənkəran futbol komandasının 1921-ci ildə qonşu İranın Astara şəhərinin futbolçuları ilə yoldaşlıq görüşü keçirməsi və lənkəranlıların 1-0 hesabı ilə qalib gəlməsi haqqında ətraflı məlumat verilib. Kitabda o da qeyd olunur ki, İranda çap edilən qəzetlərin birində Lənkəranda keçirilən bu oyundan bir foto və yazı da dərc edilib.

© Sputnik / Rahim Muradov"Xəzər Lənkəran" Mərkəzi Stadionu
Xəzər Lənkəran Mərkəzi Stadionu - Sputnik Azərbaycan
"Xəzər Lənkəran" Mərkəzi Stadionu

1968-ci ildə Azərbaycan SSR-nin yeni formatda start götürən 31-ci çempionatında ilk dəfə olaraq "Xəzər" adı ilə çıxış edən lənkəranlı futbolçular 7 oyunda qələbə çalmış, üç oyunda isə heç-heçə etmiş və heç bir oyunda məğlub olmayaraq mövsümə iddialı başlamışdılar. "Leninçi" qəzetinin 66-cı sayında "Xəzər liderliyi əlində saxlayır" başlıqlı yazı dərc edilib.

Qeyd edək ki, 1968-1977-ci illər ərzində Lənkəran futbolunun ən böyük uğuru 1972-ci ildə "Qızıl Sünbül" ənənəvi turnirində qazanılan qələbə və 1977-ci ildə qazandığı bürünc medalla SSRİ çempionatının II dəstəsində çıxış etməyə şans əldə etməsi olub. Müstəqillik əldə ediləndən sonra isə Lənkəran futbolu uzun illər böyük arenalara çıxmadı. 2004-cü ilə qədər…

© Sputnik / Rahim Muradov"Xəzər Lənkəran" Mərkəzi Stadionunun direktoru Hüseyn Cəbrayıloğlu
Xəzər Lənkəran Mərkəzi Stadionunun direktoru Hüseyn Cəbrayıloğlu - Sputnik Azərbaycan
"Xəzər Lənkəran" Mərkəzi Stadionunun direktoru Hüseyn Cəbrayıloğlu

"Xəzər Lənkəran" barədə bizə uzun illər mətbuatda çalışan, idman jurnalistikasında tanınmış imzalardan olan, 2013-2016-cı illərdə bu komandanın mətbuat xidmətinin rəhbəri işləyən, hazırda isə "Xəzər Lənkəran" Mərkəzi Stadionunun direktoru olan Hüseyn Cəbrayıloğlu danışıb. Hüseyn Cəbrayıloğlu "Xəzər Lənkəran"ın yaranmasını belə xarakterizə edir: "2004-cü ildə Azərbaycan futbolunda böyük canlanma başladı. Bu gün hamının o il üçün qəbul etdiyi bir ifadə var: Azərbaycan futbolunun "peraşki dövrü" bitdi. "Peraşki dövrü"nün bitməsində isə iki həlledici səbəb vardı: 1. Futbolun inkişafına dair 10 il üçün nəzərdə tutulan böyük dövlət proqramı; 2. "Xəzər Lənkəran"ın yaranması. Azərbaycanlı futbolçular aldıqları qəpik-quruşun əvəzinə, birdən-birə yüz minlərlə ölçülən müqavilələr imzalamağa başladılar. Klubun sahibi Mübariz Mənsimov daha sonra tanınmış türkiyəli mütəxəssis və futbolçuları Azərbaycana, öz klubuna dəvət etdi. Getdikcə rəqabət artdı və rəqiblər də güclənməyə başladı. Yəni, "Xəzər Lənkəran" Azərbaycan futbolunun son 25 ilində inqilabi yeniliklər gətirmiş klubdur. Mənsimovun 2006-cı ildə köhnə stadionun yerində inşa etdiyi stadion və baza hətta MDB-də ən müasir arena sayılırdı. Kluba artıq bütün MDB-də, hətta Avropa arenasında ləqəb də verilmişdi – Qafqazın "Çelsi"si. İllər sonra – klubun yaranmasının 10-cu ilində əfsanəvi Con Benjamin Toşakın klubun baş məşqçi postuna gətirilməsi ölkəmiz adına da böyük təbliğat idi. Xatırlayıram ki, dünyanın bir çox tanınmış telekanalları və agentlikləri həmin vaxt Azərbaycandan, futbolumuzdan və "Xəzər Lənkəran"dan danışırdı. Klubumuzu yalnız bir şeyə görə qınamaq olar. O da Avropada uğur qazana bilməməsində. Düzdür, o zaman Azərbaycan klublarının qarşısına indiki kimi Gürcüstanın, yaxud Avropa ölkələrinin az büdcəli klubları çıxmırdı. Bununla belə, daha irəli getmək olardı. Amma yenə də 12 il ərzində qazanılan nəticələr fantastikdır. Bir ölkə çempionluğu, üç dəfə gümüş medal sahibi, üç qat ölkə kubokunun sahibi, Superkubok qalibi, "Birlik kuboku" çempionluğu və iki dəfə də ölkə kubokunda finalçı. Bu həqiqətən fantastikadır".

© Sputnik / Rahim Muradov"Birlik kuboku"
Birlik kuboku - Sputnik Azərbaycan
"Birlik kuboku"

"Xəzər Lənkəran" futbol klubunun son illərdə göstərdiyi zəif oyuna və əsas komandanın fəaliyyətinin dayanmasına gəldikdə isə Hüseyn Cəbrayıloğlu bunu Azərbaycan futbolunda ümumi vəziyyətin yaxşı olmaması ilə əlaqələndirib: "Bu gün Azərbaycanda Premyer Liqada cəmi 8 klub mübarizə aparır. Onların 5-ni AFFA maliyyələşdirir. Yəni, federasiya olmasa cəmi 3 müstəqil klub var. Geri boylansaq, Azərbaycanda hətta aktiv müharibə dövründə əsas liqada 26 komanda çıxış edib. Vaxtı ilə Azərbaycan çempionatında rəqabət yaradan və ad çıxaran Yevlaxın "Karvan", paytaxtın "Bakı" kimi klubları ümumiyyətlə yoxdurlar. "Bakı", yeri gəlmişkən, ölkənin ən sanballı akademiyasına sahib idi. Təkcə bu iki klub yox, onlarla klub fəaliyyətini dayandırıb. Ən son AZAL Premyer Liqada çıxış etməyə vəsait tapmayıb, birinci diviziona düşdü. Ümumən, ölkə klublarına dəstək verən sponsorlara hər hansı güzəşt və ya dəstək olmadığı üçün onlar futboldan qaçır. Ən faciəvi durum odur ki, son 10 ildə birinci diviziondan cəmi iki klub əsas liqaya vəsiqə qazanıb. Çünki çempion komanda Premyer Liqaya çıxmağa vəsait tapmır. Hansı ki, AFFA illik hesabat konfranslarında 20 milyon manat büdcəyə sahib olduğu barədə açıqlama verir. Futbolun yenidən 2004-cü ildəki kimi kütləviləşməsi və inkişafı üçün mütləq islahatlara ehtiyac var".

"Xəzər Lənkəran" futbol klubunun muzeyi
Xəzər Lənkəran futbol klubunun muzeyi - Sputnik Azərbaycan
"Xəzər Lənkəran" futbol klubunun muzeyi

Hüseyn Cəbrayıloğlu klubun fəaliyyətinin dayandırılmasına son illərin uğursuz nəticələrinin səbəb olması versiyası ilə razılaşmır. Onun fikrincə, əsas səbəb bu versiya sayıla bilməz:"İdmanda həmişə yüksək nəticə qazanıla bilməz. Azərbaycanın ən böyük azarkeş ordusuna malik klubun qazandığı uğurları kimi, uğursuzluqları da olub. Bu gün klub saxlamaq on il bundan öncə, lap iki il bundan öncə ilə müqayisədə iki dəfə artıq xərc tələb edir. Böyük şirkətlər artıq xərclərini maksimum azaldır. Əgər bu şərtlər altında kimsə futbola pul ayırırsa, o sponsorlara dəstək verilməlidir, təzyiq göstərilməməlidir. Bizim əsas komandanın son oyununda verilən penalti əsl şou idi. Bundan əvvəl isə ölkənin ən sanballı klublarından biri autsayder kimi bizimlə turnir cədvəlində yanaşı addımlayan kluba gülməli şəkildə məğlub oldu. Biz artıq anlayırdıq ki, hələlik mübarizə aparmağa gərək yoxdur, çəkilmək zamanıdır. Düzdür, bu qərarı mən vermədim. Amma mən də klub sahibinin qərarını dəstəkləyirəm və mənim kimi minlərlə tərəfdarımız var. Azərbaycan futbolunda nələrsə mütləq dəyişməlidir. Və o zaman Azərbaycan futbolunda yenə günəş doğacaq. 2004-cü ildə olduğu kimi…"

© Sputnik / Rahim Muradov"Birlik kuboku"
Birlik kuboku - Sputnik Azərbaycan
"Birlik kuboku"

Qeyd edək ki, hazırda "Xəzər Lənkəran"ın üç yaş qrupu fəaliyyət göstərir. U-10, U-14 və U-17 komandaları AFFA-nın bayrağı altında keçirilən yarışlarda iştirak edir. Klubun bazası da hələ ki, öz təravətini və əzəmətini saxlaya bilib. Bununla belə, ölkənin ən böyük azarkeş kütləsinə sahib olan şəhərdə və onu sevən bütöv bir bölgədə bir ildir ki, böyük futbol yoxdur…

Xəbər lenti
0