CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bir də bu hekayə var, amma hər kəs sonadək oxuya bilməz...

© Sputnik / Irade JELILSəbirə Əbdülzəka
Səbirə Əbdülzəka - Sputnik Azərbaycan
Abunə olmaq
"Məzarımın yanından keçəndə ayaq saxla ki..."

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 14 iyun — Sputnik. "Tənhalıq… Dərdini deməyə heç kimin olmur, göz yaşlarını silənin olmur. Ağlayıb-ağlayıb sakitləşirsən və o günü gözləyirsən: itirdiklərinə qovuşacağın günü".

Bu, tənhalığa Səbirə nənənin verdiyi tərifdir. Deyir ki, sakit adamdır, heç kimlə işi yoxdur, heç kimlə saatlarla danışmağı sevmir. Yoldaşını itirəndən sonra övladı da onu tək buraxıb Qırğızıstana gedib. Elə o vaxtdan tənhadır Səbirə nənə: "Qeybət etməyi sevmərəm. Ən çox kitabları sevirəm. Burda da övlad kimi baxırlar mənə".

Famil və Nənəş Əliyevalar - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Eyni gündə öləcəyik" — 75 illik əhd

Səbirə nənə ilə, təxminən 5 ay əvvəl Qocalar Evində tanış olmuşdum. Deyirdi ki, 3 gündür bu evin sakinidir, alışmağa çalışır, bunun üçün əlindən gələni edir. Amma bəzən dözə bilmir, otağına çəkilib hönkür-hönkür ağlayır həyatına, itirdiyi illərə, sevdiyi həyat yoldaşına, illərlə xəbərini ala bilmədiyi oğluna. Danışdıqca gözləri dolsa da, əlləri ilə üzünü silib, gülümsəməyə çalışır və başına gələnlərdən yadında qalanları danışır.

Səbirə Əbdülzəka bakılı qızıdır. Sözlərinə görə, Hacı Ələsgər nəslindəndir: "Hacı Nəcəfqulunun nəvəsiyəm, babamın Xəzərdə 7 gəmisi olub. Atam da Maştağada rayon komitəsinin sədri olub. Anam nardaranlı, atam isə "ağşalvarlılar"dan olub".

Danışır ki, atası ailəsini heç bir zaman korluq çəkməyə qoymayıb. Ailə quranda da sevərək qurub. Səbirə nənə həyat yoldaşı haqqında danışanda gözləri dolur: "Həyat yoldaşım məni, mən də onu sevmişəm. O, ana məhəbbəti görmədiyi üçünə hər zaman mənə "maması" deyirdi. Bizi onun iş yoldaşları tanış etmişdilər. O vaxtlar 26 yaşım var idi. Yoldaşımın adı Sərdar idi — Sərdar Əbdülzəka".

© Sputnik / Irade JELILSəbirə nənə
Səbirə nənə - Sputnik Azərbaycan
Səbirə nənə

Səbirə nənənin sözlərinə görə, yoldaşı repressiya qurbanının oğlu olub. Uşaq evində böyüyüb. Bacısını da elə o vaxtlar itirib: "O vaxt Sərdarın 4, bacısının 2 yaşı olub. Sonradan mən "İzvestiya" qəzetində onu axtarmaq üçün elan da verdim. Çox axtardım. Tapılmadı. Dedilər ki, yəqin övladlığa verilib".

"Qayınatamın adı Əbdülzəka Əbdüləziz idi. "İzvestiya" qəzetindən xəbər gəldi ki, uşağın şəkli varsa, göndərin. O vaxt 2 yaşlı uşağın nə şəkli ola bilərdi ki? O vaxt valideynləri aparılandan sonra bunlar bacı-qardaş qalıbmış küçədə. Götürüb veriblər uşaq evinə. 9 yaşından sonra oğlanlarla qızları ayırıblar" — deyir müsahibimiz.

Xədicə və Rüqəyya - Sputnik Azərbaycan
CƏMİYYƏT
Onların bəxti nə rayonda gətirdi, nə paytaxtda...

Onun sözlərinə görə, həmin vaxt Sərdarı Bakıya göndəriblər: "Gəlib Bakıda texniki peşə məktəbində oxuyub, sonra gəmidə işlə təmin ediblər. Elə gəmidə yaşayırdı. Sonra işçilərdən biri gedib öz bibisinə deyib ki, "bizdə bir oğlan var, heç kimi yoxdur". Qadın da yoldaşımı çağırıb. Deyib, səni övladlığa götürürəm. Elə Sərdar üçün toyu da o ailə elədi. Sonra bir övladımız dünyaya gəldi. Amma bir oğlum da olmuşdu. Əbdüləzizin adını qoymuşduq. O, tez doğulmuşdu, tez də öldü".

Səbirə nənənin həyat yoldaşı xərçəng xəstəliyindən dünyasını dəyişib. Dediyinə görə, həmin vaxtlar Cəmil Əliyevin qəbuluna da düşüb ki, bəlkə həyat yoldaşını qurtara bilər. Amma mümkün olmayıb: "Martın 1-də əməliyyat edildi, sentyabrın 1-də dünyasını dəyişdi. 1984-cü il idi. 50 yaşı vardı. Həkimi mənə dedi ki, "sən çox diqqətli qadınsan, mən ilk dəfədir ki, belə qadın görürəm". Eh, həyatdır da".

"Ailə həyatı qurandan sonra yoldaşım məni işləməyə qoymadı. Dedi ki, "mənim iş vaxtım bəlli deyil. Lazım deyil, işləmə. Evdə onsuz da sənin işin çox olur, otur evdə, balamıza bax". O, dünyasını dəyişəndən sonra onun əmək haqqının 4\1 hissəsini mənim üçün təqaüd kimi ayırdılar" — danışır S. Əbdülzəka.

Həmsöhbətimiz deyir ki, yoldaşı dünyasını dəyişəndən sonra həyatını oğluna həsr edib. O da Bişkekə getdikdən sonra qadın tək qalıb. Bir neçə dəfə soruşmağımıza baxmayaraq, qadın oğlunun adını çəkmir: "Bir oğlum var, Qırğızıstandadır. Nə öldü xəbərini almışam, nə də sağ olduğunu bilmirəm".

Onun Qocalar Evinə düşməsinin səbəbi tam fərqli olub. Özü deyir ki, ev şəraiti pis olduğu üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən vəziyyəti dəyərləndirib və Qocalar Evinə yerləşdiriblər: "8 km qəsəbəsində yaşayırdım. Ev yox, şərait yox, sanki bomj həyatı yaşayırdım. Gəlib yoxladılar. Dedilər ki, "gəl, səni Qocalar Evinə qoyaq, bir az rahat yaşa". Razılaşdım. Məni gətirdilər bura. Burada mən özümə qarşı hörmət görürəm".

Alma xanım və oğlu İmran - Sputnik Azərbaycan
CƏMİYYƏT
Üç oğul itirən ana: "Qorxuram ki, ölərəm..."

Səbirə nənə sirri tam açmaq istəməsə də, danışdıqlarından məlum olur ki, vaxtilə dələduzların qurbanı olub. Onu aldadıblar: "Dedilər, "evi bağışla, ölənə qədər baxacağıq". Sonra satıldı. Qaldım küçələrdə".

Sözünün davamını gətirmir, gözləri dolur. Deyir ki, qəbrinin üstündə yazılması üçün bir şeir hazırlayıb:

Yoldan keçən ayaq saxla,

Burda yatan bir anadır.

Qəm qüssədən xilas olmuş bir anadır.

Yoldan keçən ayaq saxla,

rəhmət dilə,

Ruhu sənə "sağ ol" desin.

Vidalaşırıq. Gileyli, həsrət dolu və nədənsə peşmançılıq çəkən bir insanla sağollaşırıq. Onun gücü təkcə göz yaşlarına çatır…

Xəbər lenti
0