CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Üç oğul itirən ana: "Qorxuram ki, ölərəm..."

© Sputnik / Irade JELILAlma xanım və oğlu İmran
Alma xanım və oğlu İmran - Sputnik Azərbaycan
Abunə olmaq
Biri uşaqlıqda ölüb, biri Qarabağda şəhid olub, biri xəstələlikdən dünyasını dəyişib

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 11 may — Sputnik. Bu yaxınlarda yolum Xaçmaza düşmüşdü. Tanışlardan biri dedi ki, Xudatda bir ailə var, çox acınacaqlı vəziyyətdədirlər. Ana yaşlı, oğlu xəstədir, yanmış daxmada yaşayırlar. Həmin ailə ilə görüşmək üçün Xudata yollandım.

Məni İmran Əhmədov və onun yaşlı anası Alma xala qarşıladı. Evdə (əgər ev demək mümkünsə) soyuqdan dayanmaq mümkün deyildi. Alma xalanın saçları ağarmış, əlləri işləməkdən çat-çat olmuşdu. Əynində nimdaş bir paltar vardı. Jurnalist olduğumu bilən kimi, dərdini danışmağa başladı. Narazı idi taleyindən, deyirdi ki, ölməkdən qorxur. Qorxur ki, bircə balası tək qalar.

© Sputnik / Irade JELILƏhmədovların yaşadığı ev
Əhmədovların yaşadığı ev - Sputnik Azərbaycan
Əhmədovların yaşadığı ev

İmran Əhmədov 1987-ci ildə Xudatda doğulub. 2006-cı il yanvarın 2-də hərbi xidmətə gedən İmran Murov dağlarında hərbi hissədə xidmət edib. Hərbi xidmətə getdikdən 4 ay sonra ağır xəstələnib. Ağ ciyərlərinə su gələn gənc əsgər uzun müddət hospitalda yatıb. Alma Əhmədova danışır ki, oğlu evə qayıtdıqdan sonra, xəstə olduğu üçün ağır işlərdə işləyə bilmir.

Söhbətin bu yerində İmran da söhbətə qoşulur: "İki ay yarım hərbi hospitalda yatdım. Ciyərlərimdən suyu çəkdilər. Sonra da qayıtdım evə. Xaçmaz xəstəxanasında da 1 il müalicə almışam".

İmran deyir ki, hərbi xidmətdən qayıtdıqdan sonra sağlamlığı yerində olmadığı üçün iş də tapa bilməyib. Uzun illərdir ki, işszidir: "Mən də işləmək, iş sahibi olmaq istəyirəm. Heç olmasa dövlət mənə təqaüd versin. İş olanda inşaatda işləyirəm, olmayanda kasıbçılıq, aclıq".

© Sputnik / Irade JELILŞəhid İlham Əhmədov
Şəhid İlham Əhmədov - Sputnik Azərbaycan
Şəhid İlham Əhmədov

İmranın bir qardaşı 2008-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub. Alma xalanın sözlərinə görə, 5 oğlu olsa da, onlardan 3-ü dünyasını dəyişib: "Biri uşaqlıqda ölüb, biri Qarabağda şəhid olub, biri xəstələnib dünyasını dəyişib. Bu da xəstədir. Qorxuram mən ölərəm, oğlum qalar başsız".

"Oğlum İlham Goranboyda şəhid olub. 1990-cı ildə dünyaya gəlmişdi. 18 yaşında itirdim. O biri oğlum isə evlidir, o da özünü güclə saxlayır" — deyən Alma xala həmin oğlu barədə danışmaq istəmədi: "Onun haqqında danışmaq istəmirəm. Elə bilirəm ki, heç yoxdur, olmayıb…"

İmranın atası uzun illərdir ki, dünyasını dəyişib. O, sağ olanda, ailənin dolanışığı olub. İndi isə hər şey bərbad vəziyyətə düşüb – uçuq, sınıq koma, xəstə oğul, xəstə və yaşlı ana…

Ən acınacaqlısı isə odur ki, onlar problemləri ilə bağlı hara müraciət etmək lazım olduğunu belə, bilmirlər. Elə bil, bu dünyanın adamları deyillər. Alma xala həlak olmuş oğlu üçün şəhid statusu da almayıb. Deyir ki, heç olmasa onlara sosial yardım ayrılsa, birtəhər keçinərlər. İmran da ağır xəstəlikdən sonra vərəmə tutulub. Bu xəstəlik də ona ağır işlərdə işləməyə imkan vermir.

© Sputnik / Irade JELILƏhmədovların yaşadığı ev
Əhmədovların yaşadığı ev - Sputnik Azərbaycan
Əhmədovların yaşadığı ev

Əhmədovlar ailəsi həqiqətən acınacaqlı vəziyyətdədir. Onları bu vəziyyətdən ancaq aidiyyatı qurumlar çıxara bilər. İmranın və anasının yeganə ümidi də mətbuatadır. Düşünürlər ki, bəlkə biz onların vəziyyəti haqqında yazandan sonra kimsə onlara yardım edər, əl tutar.

P.S.

Əhmədovlar ailəsinə kömək etmək istəyənlər redaksiyamızla əlaqə saxlaya bilər.

Xəbər lenti
0